Əsas Səhifə > Digər > Bakıda gül satışı çökdü - Məşhur mağazalar iflas həddinə düşdü

Bakıda gül satışı çökdü - Məşhur mağazalar iflas həddinə düşdü


26-12-2015, 19:49
Bakıda gül satışı çökdü - Məşhur mağazalar iflas həddinə düşdü

21 dekabr devalvasiyası - manatın dollar və avro qarşısında ucuzlaşması Bakıda gül satışı bazarına da ciddi təsir göstərib. Bakıda gül-çiçək ticarəti ilə məşğul olan bəzi mağazaların sahibləri əməkdaşımıza deyiblər ki, vəziyyət çox ağırdı və bazarın bu seqmenti demək olar ki, çökür.

“Bir çox ölkələrdə gül daxili istehsal olsa da, Azərbaycana daha çox xaricdən gətirilir. Türkiyə, Hollandiya, Fransa, İspaniya və digər xarici ölkələrdən Azərbaycana hər il milyonlarla dollar və avro məbləğində gül-çiçək alınıb gətirilir. Dollar və avro 50 faiz bahalaşandan sonra bizim vəziyyətiimizi təsəvvür edin. İqtisadi vəziyyəti ağırlaşan əhali ərzaq mallarının bahalaşmasından ciddi narahat olduğu bir vaxtda gül-çiçək almağa pul xərcləməyəcək. Artıq 5 gündür ki, alver yoxdur, bəzi mağazalara gün ərzində 1-2 müştəri gəlir, bir çoxlarının isə qapısını açan yoxdur. Yəqin ki, tezliklə əksər gül mağazaları bağlanacaq. Bahalaşmadan sonra biz gül-çiçəyi necə ucuz sataq ki, alıcı da olsun. Bu, bizim özümüzə zərərdir. Çıxış yolu satışı azaltmaq və ya dayandırmaqdır”,- deyə Bakıdakı məşhur gül mağazalarından birinin sahibi bildirib.
Bakıdakı “Ağ çiçəyim”, “Flora” və digər məşhur gül mağazaları iflas vəziyyətinə düşüblər.(modern)

Qeyd edək ki, təkcə Türkiyədən bir il ərzində Azərbaycana təxminən 6-6,5 milyon ABŞ dolları dəyərində gül, çiçək, bəzək bitkiləri və məmulatları idxal edilir. Hollandiya və bir sıra Avropa ölkələrindən illik idxal isə daha böyükdür. Rəsmi qurumların məlumatına görə, bazarın bu sektorunda illik idxala ümumilikdə 20 milyon dollardan çox vəsait xərclənir.
Amma son bahalaşmadan sonra vəziyyətin pisləşməsi qaçılmaz olub...

RUBLİKA.AZ
Geri qayıt