Əsas Səhifə > Digər > Beytulla Hüseynov: "Nazirlik 10 milyonun yarısını köçürdü, qalanını cibimizdən verdik" - Rabitə işi

Beytulla Hüseynov: "Nazirlik 10 milyonun yarısını köçürdü, qalanını cibimizdən verdik" - Rabitə işi


21-12-2016, 19:14
 Beytulla Hüseynov: "Nazirlik 10 milyonun yarısını köçürdü, qalanını cibimizdən verdik" - Rabitə işi

Dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda iş üzrə şahidlər dindirilib. İlk şahid Adil Qasımov ifadə verərək, təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını bildirib. "Yeni Həyat" MMC-nin direktoru olmuş A.Qasımov istintaqa ifadəsini təsdiq etdiyini söyləyib.

O, tikinti üçün 80 min manat ayrıldığını və 40%-nin "Aztelekom"un işçisi Həsənalı vasitəsilə onların rəhbərliyinə qaytarıldığını söyləyib: "Konkret olaraq pulun kimə verildiyini bilmirəm. Biz heç nə qazanmırdıq, hamballıq edirdik".

Təqsirləndirilənlərdən “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov isə deyib ki, A.Qasımov bütün işləri sabiq aparat rəhbəri Vidadi Zeynalovla həll edib. A.Qasımovun istintaqa ifadəsi elan olunub, orada Oktay Rüstəmovu tanıdığını, geri qaytardığı məbləği ona çatdırıldığını deyib. Ziddiyətli ifadələrə cavab verən A.Qasımov məhkəməyə verdiyi ifadəsini təsdiq etdiyini bildirib.

Digər şahid "Poçtdaşıma" mərkəzinin rəisi Fikrət Vəliyev hazırda həbsdə olan vəzifəli şəxsləri işgüzar münasibətdə olduqları üçün tanıdığını deyib. Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) baş direktor müavini Əhməd Mehdiyev isə ifadəsində deyib ki, 2015-ci ildə keçirilən Avropa Oyunları ilə bağlı kabelləşmənin 200 km məsafəsini qovşaqlar, qalan hissəsini isə özəl şirkətlər çəkib.

Onun sözlərinə görə, müqavilə özəl şirkətlərlə bağlanıb, amma onlar çatdıra bilmədiyi üçün qovşaqlara da işləri görmək tapşırılıb. O, şirkətlərin həbs edilən Bayram Vəliyevin olduğunu və göstəriş əsasında onlarla işlədiklərini deyib.

BTRİB-in sabiq rəhbəri Beytulla Hüseynov şahidin çıxışı ilə bağlı danışıb: "Avropa Oyunları ilə bağlı işlərin görülməsi üçün 10 milyon manat vəsait müəyyən olunmuşdu. Əvvəl 5 milyon köçürdülər, materialları aldıq. Sonra Maliyyə Nazirliyinə müraciət etdik, əlavə pul ayırmadılar, qalanını öz cibimizdən ödədik".

Şahid "Optik Rabitə Tikinti" MMC-nin mühəndisi Ələddin Quliyev rayonlarda kabel çəkilişləri ilə məşğul olduqlarını söyləyib. Təqsirləndirilən "Optik Qurğular" İdarəsinin rəisi olmuş Namazalı Məmmədovun bacısı oğlu Rəşad Məmmədov da məhkəmədə şahid qismində dindirilib. O, istintaqa ifadəsini təsdiq etdiyini, "Optik Tikinti Montaj" MMC-nin rəhbəri olduğunu deyib.

"Qafqaz İnşaat" MMC-nin rəhbəri Qorxmaz Həziyev isə şahid kimi dindirilərkən bildirib ki, rayonlarda tikinti işləri ilə məşğul olublar: "Şirkətin gördüyü işlərin ümumi həcmi təxminən 20 milyon manat olub. Onun nə qədəri gəlir olub, bilmirəm. Elçin İbrahimov dostum olub. Hamı bilir ki, Elçin rabitə nazirinin qaynıdır. Elçinə usta, texnika lazım olanda mənə deyirdi, göndərirdim".

Həbs edilənlərdən sabiq aparat rəhbəri Vidadi Zeynalov da məhkəmədə danışıb. O, həmin şirkətə pulların göndərilməsinə rəhbərliyin göstərişi ilə özünün nəzarət etdiyini deyib: "Şişirdilmiş rəqəmlər özlərinə aiddir. Bizə nə qədər deyilirdisə, onu göndərirdik".

Rubrika.az
Geri qayıt