Əsas Səhifə > İstisadiyyat > Neft 80 dolları keçdi: manatı nə gözləyir?

Neft 80 dolları keçdi: manatı nə gözləyir?


21-05-2018, 09:18
Neft 80 dolları keçdi: manatı nə gözləyir?

Ekspert: “Neftin bahalaşması, sübhəsiz, manat üçün müsbət haldır”


Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 80 dolları ötüb. Təbii ki, iqtisadiyyatı və milli valyutası neftdən asılı olan ölkə üçün bu, müsbət haldır. Hesablamalara görə, qiymət bu səviyyədə qalarsa, Azərbaycanın gəlirləri ötən illə müqayisədə 9 milyard dollar artar. Bu isə həm də manatın məzənnəsinin dollara nisbətdə sabitləşməsi deməkdir.


Azərbaycanda neftin qiymətinin aşağı olduğu, manatın ard-arda kəskin devalvasiyalara məruz qalmasından sonra Mərkəzi Bank bildirdi ki, artıq “üzən məzənnə” sisteminə keçirlər. Yəni manatın məzənnəsi iqtisadi amillərdən asılı olaraq həm qalxa, həm də azala bilər. Lakin artıq 1 ildir məzənnədə sabitlik müşahidə olunur. Bəzi iqtisadçılar hesab edirlər ki, bu, inzibati qaydada müəyyənləşmiş məzənnədir və Mərkəzi Bank manatı heç də sərbəst buraxmayıb.

Bəs neftin qiymətinin bahalaşması fonunda “üzən məzənnə”yə keçirilmə mümkündürmü?

“Yeni Müsavat”a danışan iqtisadçı Fikrət Yusifov “üzən məzənnə”nin müəyyən şərtləri olduğunu dedi: “Bir var, tam sərbəst ”üzən məzənnə", bir də var müəyyən qədər nəzarət altında saxlanılıb, idarə olunan “üzən məzənnə”. Bizdə ikinci haldır. Lakin bir çox iqtisadçılar bunu qəbul etmirlər və hesab edirlər ki, “üzən məzənnə” dedikdə milli valyutanın tam sərbəst buraxılmasından söhbət gedir. Əslində isə sərbəst buraxıb və eyni zamanda proseslərə nəzarət etmək lazımdır. İnkişaf etmiş ölkələrdə də adətən bu üsuldan istifadə olunur. Bizdə də eyni qayda üzrə proseslər tənzimlənir. Manatın üzən məzənnəyə keçdiyini bəyan etmişik. Lakin hər kəsə bəllidir ki, Mərkəzi Bank bu prosesə müəyyən qədər nəzarət edir. Hesab edirəm ki, yaxın gələcəkdə də neftin qiymətinin necə dəyişməsindən asılı olmayaraq bu, belə olacaq. Neftin qiymətinin bu qədər qalxması təbii ki, manatın məzənnəsinə yalnız və yalnız müsbət təsir edə bilər. Çünki neftin qiymətini büdcədə 1 barel üçün 40 dollar həcmində müəyyənləşdirmişik. Bu gün neftin 1 bareli 80 dollara satılırsa, deməli fərq artıq iki dəfəyə yaxınlaşır. Bu hal isə onu deməyə əsas verir ki, bizim valyuta ehtiyatlarımızın artması prosesi də sürətlənir. Yəni əgər proses bu qaydada davam edərsə, valyuta ehtiyatlarımızın həcmini də ilin sonunadək kifayət qədər artıra biləcəyik. Eyni zamanda Mərkəzi Bank da öz valyuta ehtiyatlarını kifayət qədər artıracaq. Hər iki hal nəticə etibarilə manatın sabitliyinin daha əsaslı və təhlükəsiz saxlanması, bu sabitliyin sığortalanması demək olacaq".

Rubrika.az Musavat.com-a istinaden xeber verir ki, Manatın bundan sonra məzənnəsində ediləcək dəyişikliklə bağlı isə iqtisadçı aşağıdakıları söylədi: “Hesab edirəm ki, 1 dollar üçün 1 manat 70 qəpik həddi bizdə eyni zamanda ixracı stimullaşdıracaq bir səviyyədir. Bundan yuxarı və ya aşağı səviyyəyə getmək isə məqsədə uyğun deyil. Xüsusilə də manatın möhkəmlənməsi istiqamətində onun 1 dollar üçün 1 manat 70 qəpik həddən aşağı enməsinə yol vermək lazım deyil. Çünki biz, indiki dönəmdə qeyri-neft sektorunun inkişafı istiqamətində çox ciddi işlər görüb, addımlar atırıq. Eyni zamanda bu sektorda ixracın da həcminin artırılması istiqamətində ciddi işlər görülür. Cari ilin 3 ayının nəticələri onu deməyə əsas verir ki, ötən illə müqayisədə qeyri-neft sektorunda ixracın həcmini 30 faizədək artıra bilmişik. Bu isə yaxşı rəqəmdir. Belə bir artım templərinin əldə edildiyi dönəmdə manatın bahalaşması proseslərə mənfi təsir edə bilər. Ona görə də buna getmək lazım deyil. Bir məsələ də var ki, 2014-cü ildən neftin qiymətində baş verən hallar eyni zamanda bizim üçün bir yaxşı mənada dərs oldu. Gördük ki, neftin qiymətlərinə bir o qədər də güvənmək olmaz. Sadəcə olaraq indiki dönəmdə neftin qiymətinin artmasından əldə etdiyimiz mənfəətlə real sektorun inkişafını hərtərəfli bərqərar etməliyik. Onun hərtərəfli olaraq, daha sürətli inkişafına təkan verməliyik ki, iqtisadiyyatımızın neftdən asılılığını optimallaşdıra bilək. Hesab edirəm ki, hökumət də artıq bu kursu çox ciddi şəkildə tutub və aparır. Ona görə də manatın yenidən möhkəmləndirilməsinə ehtiyac yoxdur. Belə bir addımın atılması indiki vəziyyət üçün məqsədəuyğun deyil”.


Rubrika.az
Geri qayıt