Əsas Səhifə > Hadisə > Eşşək fermasının nümayəndəsi danışdı: “Südün satışına başlanması ilə bağlı məlumatlar yalandır”

Eşşək fermasının nümayəndəsi danışdı: “Südün satışına başlanması ilə bağlı məlumatlar yalandır”


25-10-2018, 19:52
Eşşək fermasının nümayəndəsi danışdı: “Südün satışına başlanması ilə bağlı məlumatlar yalandır”

Ötən gün musavat.com-un müxbirləri Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən eşşək fermasından reportaj hazırlayıb. Azərbaycanda ilk dəfə belə bir fermanın yaradılması ictimaiyyət arasında xeyli marağa səbəb oldu. Eşşək südünün faydasından daha çox, onun qiymətinin bu qədər baha olması diqqət çəkdi.

Televiziyalar və mətbuatın sayəsində qısa zamanda Azərbaycanda ilk böyük eşşək fermasının olması barədə xəbəri geniş yayıldı. Bunun ardınca Qida Təhlükəsizliyi Agentliyinin nümayənələri açıqlama yayaraq, həmin fermanın qanunsuz fəaliyyət göstərdiyi məlumatını yaydı. Açıqlamada bəyan edildi ki, heç bir elmi əsaslara, tədqiqat işlərinə, laborator müayinələrinin nəticələrinə istinad etmədən, eşşək südünün yüksək keyfiyyətə malik, müalicəvi məhsul kimi təqdim olunması yolverilməzdir və bu, insanlar arasında çaşqınlığa gətirib çıxarır. Ümumiyyətlə, beynəlxalq təcrübədə bu tip yeni təsərrüfat sahələri fəaliyyətə başlamazdan, məhsullar istehlakçılara təqdim olunmazdan əvvəl bu sahədə elmi-təcrübi işlər həyata keçirilir, məhsulun normativ-texniki sənədləri hazırlanıb təsdiq olunur, istehsalın standartları müəyyənləşdirilir və yalnız bundan sonra məhsulların istifadəsi haqqında müvafiq qərar qəbul olunur. Hazırda da ölkəmizdə ulaq südünün istifadəsi, müalicəvi əhəmiyyəti barədə heç bir normativ sənəd mövcud deyil.

Agentlik tərəfindən həmin təsərrüfat subyektinin fəaliyyəti nəzarətə götürülmüş, heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim edilib.

Diqqət çəkən məqamlardan biri odur ki, Qida Təhlükəsizliyi Agentliyi bəyanatında eşşək südünün artıq satışa çıxarıldığını qeyd edib. Halbuki, dünən çəkiliş zamanı fermanın sahibi südün satışına hələ başlanılmadığını bildirdirmişdi.

Məsələ bağlı fermanın nüayəndəsi Ülvi Hidayətzadə ilə əlaqə saxladıq. Fermer bildirdi ki, dünənki çəkilişlərdən sonra Qida Təhlükəsizliyi Agentliyi fermaya baxış keçiriblər: “Dünənki çəkilişlərdən sonra Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri fermaya gələrək bizimlə görüşdülər. Fermaya baxış keçirdilər, eşşəklərin saxlandığı şəraitlə maraqlandılar. Heyvanlara qulluğun qaydalar çəriçəvisində aparıldığının şahidi oldular. Yəni buradan razı halda getdilər. Sadəcə südün tərkibini yoxlamaq üçün analizlər götürdülər. Biz bu işlərə başlamazdan öncə onlara müraciət etmişdik”.

Ü.Hidayətzadə eşşək südünün satışının həyata keçirildiyi ilə bağlı yayılan məlumatların yalan olduğunu bildirdi: “Bu gün mətbuatda oxudum ki, güya biz artıq südün satışına başlamışıq. Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri burada olan zaman da hələ satışın həyata keçirilmədiyinin şahidi oldular. Dünənki çəkilişlərdə jurnalistlərə açıqlama zamanı da bildirdim ki, biz aidiyyatı quruma müraciət etmişik və cavab gözləyirik. Bu cavabın isə müsbət olacağına inanırıq.

Ötən gün çəkiliş zamanı təqdim etdiyim qablaşdırmanı isə nümunə olaraq göstərmişdim. Yəni, satışa məhsulumuzu həmin qablaşdırma ilə çıxaracağıq. Biz özümüz də yaxşı bilirik ki, icazə olmadan bu işləri həyata keçirmək qanun pozuntusudur. Heç bir satışdan söhbət gedə bilməz. Sadəcə eşşək südünün tərkibi ilə bağlı qanunvericilikdə müəyyən olunmuş standartlar olmadığından analiz götürülməli idi. Bu analizlər agentliyin institutunun müvafiq laboratoriyasına təqdim edilib, cavablar bəlli olacaq. Yəni müalicəvi əhəmiyyəti barədə heç bir normativ sənəd mövcud olmadığından aparacaqları analizlər zamanı eşşək südünün tərkibi müəyyən olunacaq. Bundan əlavə hər bir heyvan üçün baytarlıqdan icazə alınıb. Hər bir eşşəyin qulaqları nömrələnib”.


Rubrika.Az
Geri qayıt