Əsas Səhifə > Qalmaqal > Moskva merindən azərbaycanlı miqrantlara qarşı sərt addım

Moskva merindən azərbaycanlı miqrantlara qarşı sərt addım


12-08-2015, 17:51
Moskva merindən azərbaycanlı miqrantlara qarşı sərt addım

Rusiya miqrantlara qarşı addımlarını daha da sərtləşdirəcək.

Moskva meri Sergey Sobyanin dünən qeyri-leqal miqrantlara nəzarətin sərtləşdirilməsi haqda göstəriş verib. Məlumata görə, Moskvada 2 milyondan artıq qeyri-leqal miqrant yaşayır.

Məlum olduğu kimi, Rusiya hökuməti miqrantlardan yaşamaq və işləmək üçün Miqrasiya Xidmətindən patent almasını tələb edir. Lakin ekspertlər miqrantların bu prosedurdan qorxduğunu qeyd edirlər. Çünki patent almaq üçün mürəkkəb sənədlər toplusu hazırlamalı və bir neçə dəfə miqrasiya xidmətinə baş çəkməlidir.

Qeyd edək ki, 2015-ci ilin yanvarından etibarən viza rejiminin tətbiq edilmədiyi ölkələrdən Rusiyaya gələn miqrantlar yeni patent sisteminə uyğun fəaliyyətlərini qanuniləşdirməlidirlər.(publika.az)

Moskva meri bu ilin başlanğıcından indiyə qədər 297 min miqranta patent sənədi verildiyini, bununla da gəlirlərin 4,7 milyard rubla qədər artdığını bildirib. Onun sözlərinə görə, miqrantların bir çoxu əllərindəki köhnə patent sənədlərinə görə yeni sistemdən keçməkdən imtina edirlər.

“Buna görə də mübarizənin sərtləşdirilməsinin vaxtı çatıb”, - deyə Moskva meri bildirib.

Rusiya Federasiyası Miqrasiya Xidmətinin məlumatına görə, 2015-ci ilin avqust ayında Rusiyada 10,9 milyon xarici vətəndaş qeydə alınıb. Onlar əsasən Ukrayna (2,6 milyon), Özbəkistan (2,1 milyon) Tacikistan (1 milyon), Qazaxıstan və Belarusdan olanlardır. Moskva və Moskvaətrafı yerlərdə məskunlaşanlara gəlincə, burada azərbaycanlılar və moldovalılar liderlik edirlər.

Ekspertlər isə çıxış yolu kimi patentləşdirmə mərkəzlərinin paytaxt ətrafı yerlərdə də açılmasını göstərirlər. Çünki paytaxta uzaq olan miqrantlar bu çətin prosedur üçün uzun yolu gəlməkdən imtina edirlər.
Geri qayıt