• Təhsil standartlarımıza biri də əlavə olunacaq

    Təhsil standartlarımıza biri də əlavə olunacaq

    Və ya” gizli bazar dostluğu pozar” el məsəlinə sadiqlik nümayişi

    Yayılan son məlumata görə Təhsil Nazirliyinin dəstəyi ilə “İnkişaf” Elmi Mərkəzi tərəfindən “Müəllimlər üçün peşə standartlarının hazırlanması” layihəsi həyata keçirilir. O da bildirilir ki, pilot layihəyə bu məqsədlə cəlb olunacaq ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində dərs deyən 500 nəfər Azərbaycan dili və eyni sayda riyaziyyat müəllimi , peşə standartlarının müəyyənləşdirilməsində və anonim qiymətləndirilməsində iştirak edəcəklər. Eyni zamanda bu standartlar “Azərbaycanda Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Artırılması Sistemi“ nin yaradılması və həyata keçirilməsi üçün perspektiv yolların göstərilməsinə xidmət edəcək və Azərbaycan müəllimlərinin inkişafına böyük təkan verməklə yanaşı, müəllim peşəsinin nüfuzunun artırılmasına da zəmin yaradacaq.

    Nə deyirik, təki olsun. Müəllimlərimizin peşəkarlıq səviyyəsinin artırılması, kompetensiyalarının inkişafının istiqamətləndirilməsi, hər bir müəllimə dünya təcrübəsinə yiyələnmək imkanının yaradılmasına xidmət edən hər hansı bir layihə, bu istiqamətdə atılan istənilən addım, hətta irəli sürülən səmərəli təklif belə, yalnız və yalnız müsbət qarşılanmalı və təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Müəllimlərimizin diqqət və qayğiya böyük ehtiyacı var. Hər halda peşə standartlarının hazırlanması müəllimlərimizin“Ümumtəhsil məktəbinin Nümunəvi nizamnaməsi” ilə müəyyənləşdirilmiş hüquq və vəzfələrini peşə səviyyəsinə qoyulan məcburi və optimal minimum tələblərinə müvafiq olaraq daha konkrert şəkildə və müəyyənləşdirilmiş normativlər əsasında realizə etməsinə stimul yarada bilər.

    Yaddaşları təzələmək üçün qeyd etmək yerinə düşərdi ki, bütövlükdə götürdükdə standart (ing. standart – norma, nümunə) sözün geniş mənasında işlənən nümunə, etalon, model anlamına gəlib, başqaları ilə müqayisədə ilkin qəbul edilir. Standart kütləvi istifadə üçün nəzərdə tutulmuş işlərin, xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir. Təhsil sahəsində dövlət standarları isə fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusu kimi müəyyənləşdirilib. “Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən olunur.”

    O da təkzib olunmz faktdır ki, xüsusilə son zamanlar təhsilimizlə bağlı standartların hazırlanması və tətbiqi sahəsində müəyyən işlər görülüb. Belə ki, Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) “ təsdiq edilib. “Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə konsepsiyası“nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarı ilə “Qiymətləndirmə standartları və qiymətləndirmə vasitələri“ də hazırlanaraq tətbiq olunmaqdadır. “Ümumi təhsil sistemində dərslik siyasəti” haqqında sənədə əsasən yeni dərsliklərin kurikulum standartları tələblərinə uyğun hazırlamaq üçün də bir sıra mühüm pedaqoji prinsiplərin gözlənilməsi zəruri hesab edilmışdir.

    “Müəllimlərin etik davranış qaydaları” haqqında Təhsil nazirinin 16 may 2014-cü il tarixli əmrinə əsasən etik davranış prinsipləri və onlara uyğun “qanunun aliliyi”, “vicdanlılıq”, “peşəkarlıq və fərdi məsuliyyət”, “loyallıq”, “mədəni davranış”, “qərəzsizlik”, “gender bərabərliyi”, “ictimai etimad”, “konfidensiallıq” kimi tələblər müəyyənləşdirilib. Bu prinsip və tələblərə müvafiq müəllimlərə də şamil edilə biləcək Təhsil prosesi iştirakçıları üçün Etik Standartlar modeli hazırlanıb ki, burda da əsasən davranışla bağlı bır sıra standartlar öz əksini tapmışdır.Göründüyü kimi, təhsilin bir sıra sahələri üzrə standartların hazırlanıb tətbiq olunmasına rəgmən, təhsilin aparıcı siması olan, bir növ lokomotivi sayılan müəllimin peşə standartları niyə olmasın ki?

    Lakin, burada istər-istəməz bir sıra suallar meydana çıxır.Layihəni həyata keçirən “İnkişaf Elmi Mərkəzı”nin tərkibi kimlərdən və hansı mütəxəssis qruplarından ibarətdir? Layihənin uğuruna təminat varmı? Bəyan edildiyi kimi hansı standartlar üzərində təcrübə aparılır, hansı peşəkarların fikirləri öyrənilib və ya öyrənilir? Peşə standartlarının müəyyənləşdirilməsi üçün niyə məhz Azərbaycan dili və riyaziyyat müəllimləri seçilib? Bu standartlar yalnız orta məktəb müəlimlərinə yoxsa ali, ali-orta ixtisas, peşə və xüsusi təyinatlı məktəblər də nəzərə alınmaqla bütövlükdə müəllimlər ordusuna şamil ediləcəkdir ? Hazırlanacaq standartlar müəllimlərin hansı kompetensiyalarını inkişaf etdirəcək, və ümumiyyətlə müəllimlərin konkret kompetensiyaları işlənibmi? Niyə görə peşə standartlarının müəyyənləsdirilməsi və qiymətləndirilməsi anonim qaydada aparılır və s.

    Məlumdur ki, dövlətin, cəmiyyətin və təhsil alanların təhsil sisteminə sosial tələbi keyfiyyətli təhsildir və təhsil sahəsində aparılan bütün islahatların, atılan hər bir addımın məqsədi məhz onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Heç təsadüfi deyil ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası da məhz, bir vəzıfə olaraq “təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsil idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması” zəruriliyini önə çəkib. Istənilən sahədə keyfiyyət anlayışı müəyyən olunmuş standartlara uyğunluğu ifadə etdiyindən obyektin və ya sistemin halını xarakterizə edən parametrlər standartlara nə qədər yaxındırsa, keyfiyyət də bir oqədər yüksək hesab olunur.

    Təhsilin keyfiyyətınin əldə olunan nəticələrin əvvəlcədən müəyyən olunmuş meyarlara, yəni standartlara nisbəti ilə müəyyənləşdirilməsini nəzərə alsaq, müəllimlər üçün peşə standartlarının hazırlanmasının ciddiliyini və məsuliyyətini dərk etmək o qədər də çətin deyil. Bu standartların effektivliyi və hansısa bir səmərə verə biləcəyi müəllim peşəsinin özəlliklərini, təhsil prosesi iştirakçıları arasında həlledici rolunu, cəmiyyət üzvləri arasında mövqeyinı, müəllim-şagird-valideyn münasibətlərini, müəllim hazırlığına verilən tələbləri, bir sözlə bu peşənin və peşə sahibinin missiyasının nədən ibarət olduğunun ölçüyə gələ biləcək və qiymətləndirilə biləcək meyarların reallıqla uzlaşmasından , düzgün və dolğun əks etdirilməsindən çox asılıdır.Yəni, meyar qismidə nəzərdə tutulan standart ölçüyə gəlməyəcəksə, artıq o etalon hesab edilə bilməz və adi söz yığnağından başqa heç bir şeyə yaramaz.

    Sual doğuran məsələlərdən biri də ondan ibarətdir ki, artıq üzərində təcrübə aparlmağa başlanılan standartların heç olmasa konturları barədə, niyə heç bir açıqlama verilmir, Azərbaycanda “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Artırılması Sisteminin yaradılması” dedikdə konkret olaraq nə nəzərdə tutulur? Bu layihənin reallaşmasının təxmini müddətlərı məlumdurmu, yoxsa digər layihələr kimi ,bunun da ərsəyə gəlməsini xeyli gözləməli olacağıq? Layihələrini ortalığa qoysunlar görək bunları standart hesab etmək olar yoxsa yox. Bəlkə hansısa “ağıllı” hesab etdi ki, bizə çərçivəyə salınan standart müəllim lazım deyil?

    Kurikulum standartlarındakı ziddiyyətlərin, qiymətləndirmə standartlarındakı uyğunsuzluqların, dərslik standartlarında olan boşluqların təkrarlanmaması üçün bu qəbildən olan sənədlərin ictımai müzakirəsi qaçılmazdır. Xüsusilə standartlar peşəkarlardan ibarət xüsusi işçi qrupu tərəfindən hazırlanmalı və ya kimlər tərəfindən hazırlansa belə geniş müzakirəyə təqdim olunmalıdır. Elə olmasın ki, bu standartlar da gələcəkdə polemikalara yol açıb, mübahisə və tənqid obyektinə çevrilməsin.

    Son olaraq, artıq çoxdan bəri arxivə göndərdiyimiz “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın son dərəcə demokratik və humanist ruhlu müddəalarını bir daha xatırlatmağı özümə borc bilirəm:

    6.3 Təhsil sahəsində hazırlanan normativ-hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi.

    6.4 Təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması.

    Təhsil eksperti,
    Nadir İsrafilov


    Facebook-da paylaş