• Yananlar və yandıranlar - Bank və vətəndaş qarşıdurması

    Yananlar və yandıranlar - Bank və vətəndaş qarşıdurması

    Nazim Məmmədov: “Bank vətəndaşla baş-başa qalanda vətəndaşın uduzma ehtimalı daha yüksəkdir”

    “Ölkədə müstəqil məhkəmə sistemi tam oturuşmadığına və hakim asılı vəziyyətdə olduğuna görə əsasən bankların iddiaları təmin olunur”.

    “Maarriflənmə işləri aparmaq lazımdır ki, vətəndaşlar kreditə görə özlərinə qəsd etməsinlər”.


    Bu sözləri bankdan götürdükləri kreditləri ödəyə bilməyən vətəndaşların intihar etməsinə münasibət bildirən iqtisadçı Nazim Məmmədov açıqlamasında qeyd edib.
    Qeyd edək ki, dünən “Muğanbank”a borclu olan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov pulu ödəyə bilmədiyi üçün bankın qarşısında üstünə benzin tökərək özünü yandırıb. Vətəndaşların krediti ödəyə bilmədiyinə görə özünü yandırması artıq neçənci dəfədir ki, təkrar olunur. Yüksək faiz dərəcələri fonunda öz müştərilərinə qarşı bankların bu şəkildə acımasız davranışlarına stimul verən hansı faktorlardır? Və banklarla müştəriləri arasında hüquqi aktlar tamamilə qaydasındadırmı? Əgər qaydasında deyilsə, qanunvericiliyə hansı əlavələr olunmalıdır?

    Bu suallarla iqtisadçı Nazim Məmmədova müraciət edilib. (pia.az)

    Nazim Məmmədov: “Vətəndaşın intihar həddinə çatmasının digər səbəbi bankın öz müştərilərinə təzyiq etməsidir”
    Ölkədə istehlak kreditlərinin yüksək faizli olmasını sələmə bənzədən iqtisadçı Nazim Məmmədovun fikrincə, vətəndaşların intihar etməsinə səbəb bankların təzyiqindən yaranır:

    “Güman edirəm ki, vətəndaşların kredit götürən zaman maarriflənməsinə kifayət qədər ehtiyac var və bu missiyanı gərək KİV, vətəndaş cəmiyyəti öz üzərinə götürsün. Çünki borca görə intihar etmək doğru deyil. İntiharların səbəblərindən biri bankların krediti yüksək faizlə verməsi, istehlak kredit faizlərinin daha çox kreditə yox, sələmə bənzəməsidir. Çünki 30-36%-li kredit olmur. Bunun adı sələmçilikdir. Azərbaycan iqtisadiyyatında, o cümlədən bank sektorunda olan inhisarçılıq, Azərbaycan resurslarının bahalı olması, və risk dərəcələri nin də yüksək olması bankları yüksək faizli kreditlər verməyə məcbur edir. Ancaq vətəndaşın intihar etməsi maarrifsizlikdən, hüquqlarını bilməməsindən irəli gəlir. Ona görə maarriflənmə işləri aparmaq lazımdır ki, vətəndaşlar kreditə görə özlərinə qəsd etməsinlər. Vətəndaşın intihar həddinə çatmasının digər səbəbi bankın öz müştərilərinə təzyiq etməsidir. Əsəbləri dözməyən insanlar çıxış yolu kimi intiharı seçirlər. Bu doğru deyil. Eyni zamanda burada əsas günahkar vətəndaş yox, banklardır”.

    Nazim Məmmədov: “İstənilən halda bütün müqavilələr birmənalı olaraq, bankların xeyrinə bağlanılır”
    Banklarla müştəriləri arasındakı hüquqi aktlara münasibət bildirən Nazim Məmmədova görə, qanunda dəyişiklik etməyə ehtiyac yoxdur:

    “Hesab edirəm ki, bütün məcəllədə və banklar haqqında qanunda dəyişiklik etməyə lüzum var. Çünki istənilən halda bütün müqavilələr birmənalı olaraq, bankların xeyrinə bağlanılır. Əgər gələcəkdə məhkəmələr baş verirsə, bankların resursları daha çox olur. Bankların müxtəlif üsullardan istifadə edib müştərini sıxmaq imkanları da böyükdür. Bank vətəndaşla baş-başa qalanda vətəndaşın uduzma ehtimalı daha yüksəkdir. Azərbaycan məhkəmələrində iqtisadi mübahisələr müxtəlif səbəblərdən müxtəlif üsullarla həll olunur.

    Ölkədə müstəqil məhkəmə sistemi tam oturuşmadığına və hakim asılı vəziyyətdə olduğuna görə əsasən bankların iddiaları təmin olunur. Əgər mülki məcəllədə nəzərdə tutulmuş müddəalar tam təmin olunsa, qanunvericilikdə dəyişiklik etməyə ehtiyac yoxdur. Müqavilə bağlananda hər iki tərəfin sərbəst ifadə vermələri daha zəruridir. Ancaq vətəndaş bankdan istehlak krediti almağa məcbur olur və bəzən müqavilənin mahiyyətinə baxmır. Buna görə daha pis vəziyyətə qalır”.

    RUBLİKA.AZ


    Facebook-da paylaş