• “Rusiyanın Türkiyəni 3 tərəfdən mühasirəyə almaq planı var”

    “Rusiyanın Türkiyəni 3 tərəfdən mühasirəyə almaq planı var”

    Elxan Mehdiyev: “Moskva Xəzərin dibi ilə qaz kəməri çəkilişinə imkan verməz...”

    Rusiya Ermənistandakı 102-ci hərbi bazasını gücləndirmək üçün bu ölkəyə əlavə aviasiya texnikası cəmləşdirməyə başlaması və canlı qüvvəni daha 7 min artırması ilə eyni vaxtda Xəzərdə də genişmiqyaslı hərbi təlimlərə start verib. Artıq heç kimdə şübhə yoxdur ki, şimal qonşumuz bununla onun döyüş təyyarəsini vuran Türkiyəyə, həmçinin Ankaranın mövqeyindən çıxış edən dünya dövlətlərinə əzələ nümayiş etdirir.

    NATO qüvvələri Türkiyənin müdafiəsi istiqamətində hərəkətlik nümayiş etdirdikcə, həmçinin Amerika hərbi gəmiləri qardaş ölkənin sahillərinə yan aldıqca Kreml də öz tərəfindən aqressiv siyasətini davam etdirir. Ötən həftə Həştərxanda S-400 raketərinin sınaqlarını həyata keçirən Rusiya ardınca Xəzərdəki 50 hərbi gəmisini təlimlər üçün hərəkətə gətirib.
    Hesab olunur ki, bu təlimlərin prezident Ərdoğanın Türkmənistan səfəri ərəfəsində həyata keçirilməsi Türkiyəyə ilə bərabər Türkmənistana və Azərbaycana da güc nümayişidir. Moskva sanksiyalar içərisində vurnuxsa da, 2016-cı il üçün Xəzərdə daha 20 hərbi təlim keçirməyi planlaşdırır. Ekspertlər Kremlin beynəlxalq aləmlə savaş dili ilə danışmaq cəhdlərini fəlakətli perspektivin başlanğıcı hesab edirlər.

    Müşahidəçilər Xəzərdəki təlimlərin həm də Azərbaycanı təhdid etdiyi qənaətindədir. Hesab olunur ki, Bakının Ankaraya öz yardımını təklif etməsi, Türkiyə yüklərinin Xəzər üzərindən Türkmənistana, həmçinin Orta Asiyaya daşınması üçün güzəştli alternativ yol təklif etməsinə, Türkiyəyə qaz vədinə cavabdır.

    Bu arada Rusiyanın açıq-aşkar Türkiyənin daxili işlərinə qarışması, hətta PKK-ya dəstək verməsi istiqamətində də xəbərlər yayılmaqdadır. Türkiyə mediası Moskvadakı dairələrin PKK lideri Karailana açıq dəstəyindən bəhs edirlər. Hətta Suriya prezidenti Bəşər Əsəd etiraf edib ki, PKK İŞİD-ə qarşı döyüşmək istədiyi üçün onları silahla təmin edirlər. Bu prosesdə Rusiyanın da iştirakı isə təhlükəli perspektivlərə yol açır. “Rossiya” televiziyasındakı Türkiyə ilə bağlı müzakirələr də müzakirə obyektidir. Belə ki, Rusiya telekanalında iştirakçılar Türkiyənin hansı nöqtələrinin bombalana biləcəyini müzakirə ediblər. Hətta belə təkliflər də səslənib ki, Suriya sərhədində yerləşdirilən Türkiyə hərbi birlikləri yox edilsin, yaxud Qərb hissəsində sənaye mərkəzləri bombalansın. Proqramda iştirak edən mühacirətdəki “Kürdüstan parlamenti”nin üzvü, Rusiya bölgələrindən birindən deputat olan Cemal Şamoyan isə “ruslar olmasaydı, türklər bizim kökümüzü kəsərdilər”, - deyib. Üstəlik, Türkiyənin Rusiya tərəfindən bombalanmasının vacibliyini qeyd edib.

    Durumu şərh edən konfliktoloq Elxan Mehdiyev də hesab edir ki, Moskvanın əsas hədəfi Türkiyədir: “Düşünmürəm ki, Rusiyanin Xəzərdəki hərbi dəniz təlimləri Azərbaycanı qorxutmaq üçündür. Çünki Rusiya ilə Azərbaycan arasında normal münasibətlər var və nə Rusiya Azərbaycana, nə də Azərbaycan Rusiyaya düşmən kimi baxmır. İkincisi, Azərbaycan Rusiyanın bölgədəki maraqlarının əleyhinə heç bir hərəkət etmir. Rusiyanın hərbi təlimləri daha çox indiki zamanda siyasi izolyasiyada olan Rusiya rəhbərliyinin hərbi amillərə söykənərək özünü qoruma instinktinə söykənir. Lakin burada Türkiyə ilə olan münasibətlərin rolu əlbəttə ki, var. Çünki bu kontekstdə Rusiya və NATO arasında geniş uçurumun olduğu yenidən üzə çıxdı və Putin hökuməti ənənəvi olaraq hərbi vektora arxalanaraq öz güc varlığını göstərir”. (musavat)

    E.Mehdiyev deyir ki, Rusiya Türkiyə ilə dost münasibətlərində olduğu dövrlərdə də Türkiyənin Xəzərlə Orta Asiyaya çıxmasını qisqanclıqla qarşılayıb: “İndiki zamanda isə bu, Rusiya tərəfindən artıq arzuolunmaz hal kimi qəbul edilir. Rusiya Xəzərin dibi ilə planlaşdırılan qaz kəmərinin çəkilməsinə imkan verməz. Türk nəqliyyat daşımalarına gəldikdə isə, o zaman gərək Rusiya Azərbaycanın Türkmənistana gedən dəniz nəqliyyat yollarını bağlasın. Belə olarsa, bu cür addım bütöv region ölkələrini Rusiyanın üzərinə qaldırmağa aparacaq”.

    Rusiyanın Ermənistandakı qüvvələrini artırmasına gəldikdə, ekspert şübhə etmir ki, burada atılan hər bir addım sırf Türkiyəyə qarşı yönəlib: “Rusiya Türkiyəni 3 tərəfdən mühasirəyə almaq planı güdür. Birincisi, Qara dəniz tərəfdən, digəri Ermənistana müasir HHM sistemləri, müasir silahlar və aviasiya və yığmaqla Ermənistandan, üçüncüsü, Suriyada müasir HHM sistemləri, müasir silahlar və aviasiya yerləşdirməklə həm Aralıq dənizi sahəsindən həm də Suriyadan. Bu addımlarla faktiki olaraq Rusiya Türkiyənin hava fəzasını kənardan izləmək imkanı qazanır və türk təyyarələrinin hərəkətlərini Türkiyə sərhədləri içində müasir sistemlər vasitəsilə məhdudlaşdırır. Bununla onlar Türkiyə təyyarələrini nəzarətdə saxlamağa çalışırlar”.

    E.Mehdiyev onu da qeyd etdi ki, Ermənistandakı Rusiya hərbi bazasına hər hansı silah və texnika, yaxud aviasiyanın gəlişinə ermənilər yalnız sevinirlər: “Onlar bu silahlarla Azərbaycanı dolayısı və birbaşa şantaj edirlər və düşünürlər ki, dar ayaqda bu bazalardakı silahlar onların arxasında duracaq”.

    RUBLİKA.AZ


    Facebook-da paylaş