• Milyonlara toxunan səhvlər - təhülkə

    Milyonlara toxunan səhvlər - təhülkə

    Bu günlərdə Milli Televiziya və Radio Şurası (MTRŞ) və Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” adlı birgə layihəsi əsasında televiziya kanallarında aparılan monitorinqin nəticələri açıqlanıb. Sentyabr-oktyabr aylarını əhatə edən monitorinqin məqsədi milli televiziya kanallarında ədəbi dil normalarının pozulması hallarının müəyyən olunması, statistik araşdırma və bununla bağlı nöqsanların aradan qaldırılması istiqamətində təkliflərin irəli sürülməsidir. Belə ki, 7 televiziya kanalında yayımlanan xəbərlər və digər verilişlər izlənilib.

    Monitorinqin nəticəsinə əsasən, nöqsanlar daha çox vurğu və intonasiya normalarına əməl olunmaması, əcnəbi dildən alınma sözlərin yersiz işlədilməsi, təkrarlarla bağlıdır. Belə ki, təhlilə cəlb olunan və ədəbi dil normasının pozulmasını əks etdirən 831 fakt qeydə alınıb. Onlardan 425-i fonoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyyədə normadan kənara çıxma hallarıdır. Monitorinq çərçivəsində bir sıra təkliflər, aparıcıların nitq mədəniyyəti, xüsusilə düzgün tələffüz qaydalarının mənimsənilməsi ilə bağlı nəzəri-praktik treninqlərə cəlb edilməsinə dair təkliflər də irəli sürülüb. Monitorinqin nəticələrində həmçinin efirdə qüsura yol verən aparıcıların adları da yer alıb.
    Amma sosial şəbəkələrdə monitorinqin nəticələrinə münasibət adları siyahıda yer alan aparıcıların bəziləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, nəticədən az qala depressiyaya düşənlərlə yanaşı, MTRŞ-ni ciddi qurum kimi qəbul etməyənlər də var. Bəzi rəylərdə isə monitorinqin nəticələrində qərəz olduğu qeyd olunur. (kaspi.az)
    Monitorinqin nəticələrində subyektivliyə və ya obyektivliyə yol verildiyini araşdırmağa çalışdıq.

    Bu o demək deyil ki, hər şey qaydasındadır

    MTRŞ sədrinin müavini Qafar Cəbiyev AMEA-nın Dilçilik İnstitutu tərəfindən həyata keçirilən monitorinqlərin nəticələri ilə razılaşmamağı mümkünsüz hesab edir. O mənada ki, dilin qayda-qanunlarını onlardan yaxşı bilən yoxdur: «Kim onlarla hesablaşmırsa, bu artıq onların öz işidir». MTRŞ rəsmisinin sözlərinə görə, son illər yayımçıların dövlət dilindən istifadə ilə bağlı fəaliyyətində dinamika müsbətə doğru dəyişir. Yəni keçən ildəkinə nisbətən bu il və yaxud keçən aydakına nisbətən bu ay dinamika müsbətə doğrudur: “Monitorinqin nəticələri izsiz qalmır. Bu nəticələri qəbul etməyən, onları müzakirə obyektinə çevirən adamlar deyilən nöqsanları sabah artıq təkrar etmirlər. Müsbət dinamika da burdan yaranır. Ancaq bu o demək deyil ki, hər şey qaydasındadır. Aparıcıların, diktorların dilində pozuntular var. Xüsusən xəbərlərin aparıcılarının dilləri təmiz olmalı, hər şey ədəbi dildə ifadə olunmalıdır”. Q.Cəbiyev nöqsanların bir monitorinqin nəticəsi ilə düzələcəyini də ehtimal etmir: “Hər şeyin zamana ehtiyacı var. Televiziya və radio il boyu və 24 saat işləyir. Demək, burada səhv etmək ehtimalı həmişə qalır. Təbii ki, iş görən adamlar haradasa səhvə də yol verirlər. Ancaq gərək səhvlər təkrar olunmasın. Səhvə yol verən insanlar səhvlərinin üzərində israr etməkdəncə, səhvlərini düzəltmək barədə düşünsünlər”. Televiziyada çalışan aparıcıların peşəkarlarla əvəz olunması zərurətinin yaranmasına gəlincə, Q.Cəbyev bu məsələnin həmişə gündəmdə olduğunu bildirir. Belə ki, bu gün efirdə olanlardan daha yaxşısını tapanda mütləq o birilərlə əvəz olunmalıdır: «Ən yaxşısı mütləq şəkildə efirdə olan deyil. Yaxşıları axtarmaq lazımdır. Digər tərəfdən, yetişdirmə prosesi daimi prosesdir. Bu sarıdan da problemlər var. Ölkədə televiziya akademiyası yoxdur. Sırf televiziya jurnalistikasına söykənən məktəb yoxdur. BDU-nun Jurnalistika fakültəsində və digər ali məktəblərdə jurnalistlər hazırlanır. Söhbət peşəkar televiziya jurnalistikasından gedir. Bu istiqamətdə jurnalistlərin hazırlanmasında ehtiyac var». MTRŞ rəsmisi hesab edir ki, televiziya sahəsində dil problemlərindən xilas olmaq o qədər də sadə proses deyil: «Biz nə qədər yaşayacağıqsa, dilin problemləri olacaq. Dil hər zaman zənginləşir. Qloballaşma şəraitində dilə kənar dillərdən sözlər daxil olur. Biz bu sözləri mexaniki olaraq götürməli, ya inkar etməliyik? Bununla bağlı çoxsaylı problemlər meydana çıxır. Həmçinin türk xalqlarının dillərində olan oxşar sözləri bilirikmi? Dil yaradıcılığı çox mürəkkəb və fasiləsiz prosesdir. Heç kəs düşünməsin ki, proses sabah qurtaracaq. Dil yaradıcılığı nə qədər ki davam edir və inkişaf var, demək, problem də var. “Dilimizi sevirik və qoruyuruq” - deyə dilin ətrafına Çin səddi çəkə bilmərik ki, başqa dillərdən bizə sözlər daxil olmasın. Bu, mümkün deyil». Xəbər aparıcılarının qüsurları ilə bağlı monitorinqin nəticələrinə toxunan MTRŞ rəsmisi hesab edir ki, xəbərlərin oxunuşu sırf ədəbi dilə söykənməlidir: “Digər verilişlərdə iştirakçı hər hansı bir regionun ləhcəsi ilə danışırsa, burada heç bir problem yoxdur. Bu, dilimizin zənginliyindən xəbər verir. Amma aparıcı mümkün qədər təmiz danışsa yaxşıdır. Düzdür, biz bütün aparıcıları ədəbi dil çərçivəsinə salıb nitqi tam qurulaşdıra da bilmərik. Dilçi alimlərin monitorinqinin təyin olunan qüsurları hamı üçün istiqamət göstəricisidir. Ən azı sözlərin yazılışı və deyilişi ilə bağlı bizi maarifləndirir”.

    Demirəm ki, bu, ideal monitorinqdir...

    Monitorinqin Milli Televiziya və Radio Şurası tərəfindən keçirildiyini bildirən AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli həmçinin monitorinqin aparılmasında Dilçilik İnstitutunun mütəxəssislərinin iştirak etdiyini bildirdi. Belə ki, nəticələr kollektiv əməyin nəticəsidir. Q.Məhərrəmlinin bildirdiyinə görə, dil qüsuru olan aparıcıların adının açıqlanması MTRŞ-nin tələblərindən biri olub: “Dilçilik İnstitutunda ənənəvi olaraq həmin aparıcıların adını yazmırıq. Bizim əsas məqsədimiz xarakterik dil nöqsanlarını görə bilməkdir. MTRŞ üçün bu prosesdə vacib olan cəhət konkret hansı verilişlərdə və kimlərin dil qaydalarını pozmalarıdır. Bu cür tələblə də monitorinq aparılıb”. Monitorinq qrupunun rəhbəri aparılan monitorinqin ideal olduğunu iddia etmir: “Demirəm ki, bu, ideal monitorinqdir və hər şey dil mənzərəsini bütünlüklə əks etdirir. Monitorinqin aparıldığı iki ay ərzində konkret saatlarda konkret aparıcıların yol verdiyi qüsurlar qeyd alınıb. Bəzi aparıcılar bunu çox ağrılı qarşılayırlar. Çünki onlar bir səhvə yol verdikləri üçün adlarının niyə həmin siyahıya düşməsinə təəccüb edirlər. Bunu psixoloji cəhətdən başa düşürəm. Amma eyni zamanda, faktı da dana bilmərəm. Burda heç bir qərəzdən söhbət gedə bilməz. Çünki tanıdığım aparıcıların içərisində çox hörmət etdiyim insanların, tələbələrimin, hətta bir aspirantımın da adı var. Əgər subyektivlik olsaydı, o adamlar həmin siyahıya düşməyə də bilərdi”. Q.Məhərrəmli bildirir ki, qüsurların yol verildiyi materiallar, lent yazıları, verilişlərin hamısı MTRŞ-də saxlanılır. Belə ki, istənilən şəxs o quruma müraciət etməklə yol verdiyi qüsuru təkrar müşahidə edə bilər: “Bəzi aparıcılar elə hesab edir ki, onlara heç bir irad tutmaq olmaz. Amma bəziləri də var ki, onlar bunu çox təmkinlə qarşılayırlar. Biz, ümumiyyətlə, izah edirik ki, bu aparıcının qüsurlu danışması deyil, sadəcə, həmin anda, həmin situasiyada o sözü yanlış deməsi ilə bağlıdır”.

    Q.Məhərrəmlinin sözlərinə görə, dil normaları ilə bağlı əsas pozuntular sözlərin yanlış deyilməsi, söz sırasının pozulması, artıq şəkilçilərdən istifadə olunması, məntiqi səhvlərə yol verilməsi, söz vurğularının yanlış deyilməsi, kəlmə vurğuları ilə yanaşı məntiqi vurğuların da yanlış söylənməsi, xüsusi isimlərin vurğusunun yanlış deyilməsi və s. diqqəti cəlb edən nöqsanlardır: “Həmçinin Azərbaycan dilinə xas olmayan düşüncə, təfəkkür və ifadə tərzləri – burada kənar dillərin təsiri duyulur. Daha çox rus və ingilis dillərindən gəlmə sözlər var ki, onlar istər-istəməz üzdə görünür. Dili yaxşı öyrənib sonra efirə çıxmaq lazımdır. Belədə elə bir təsəvvür yaranır ki, bizim aparıcılar ümumiyyətlə, hazırlaşmırlar. Sanki müsahiblərindən nə soruşacaqlarını bilmirlər”. Q.Məhərrəmlinin fikrincə, bizdə ideal olmasa da, ideala yaxın aparıcılar və verilişlər var: “Amma biz ideallıq tələb etmirik. Morfoloji normalar, sintaktik qaydaların pozulması və vurğu səhvlərinin qarşısı alınmalıdır. Aparıcılar dilə bir qədər sevgi ilə yanaşmalıdırlar. Biz monitorlardan da xahiş edirik ki, canlı efirlə yazılmış proqramların müqayisəsini bərabər tutmasınlar. Canlı efirdə xəbər oxuyanda buradakı səhvləri bəzən başa düşmək olur. Mətn redaktorların redəktəsindən sonra hazır şəkildə aparıcının əlinə gəlib çıxmalıdır. Yaradıcı yanaşan aparıcı özü də mətni oxumalı və qüsurları tutmalıdır. Mətnin üzərində işləməyəndə çox vaxt belə səhvlər, problemlər ortaya çıxır”.

    Q.Məhərrəmlinin fikrincə, nöqsana yol verənlərin hamısı ixtisasca jurnalist deyil. Belə ki, onlar müxtəlif ixtisasa malik, ancaq yaxşı aparıcılıq qabiliyyəti olan və yaxud yaxşı aparıcı olmaq istəyən insanlardır: “Ali məktəblərdə jurnalistika fakültəsi fəaliyyət göstərir. Müxtəlif vasitələrlə televiziyalara yol tapan insanlar olur ki, onların dil bilgisi ilə bağlı problemlər meydana çıxır. Onlar hazırlaşmadan efirə çıxırlar. Görünüşlərindən, səs tembrlərindən tutmuş oxu vərdişlərinə yiyələnmələrinə qədər onlar hazırlanmalı, sonra efirə çıxarılmalıdır. Yoxsa qeydə aldığımız bu cür nöqsanlar ortaya çıxacaq”.


    Bütövlükdə təhsil sisteminin problemi

    Bakı Dövlət Universitetinin professoru Alxan Bayramoğlu aparıcıların dil normalarına bələd olmadıqları fikrindədir: «Aparıcıların çoxu savadsızdır. Onları işə qəbul edəndə də savadlarına, diksiyalarına fikir vermirlər. Onlar elə bil ki, efirdə, ekranda təcrübə dərsi keçirlər. Əslində isə aparıcılar təcrübəyə yiyələnib efirə çıxmalıdırlar. Ona görə də dil normaları bərbad gündədir. Aparıcıların özlərində baza olmadığı üçün haradan və kimdən nə eşidirlərsə, onu da təkrarlayırlar. Dil normalarını bilmədiklərindən kim necə gəldi elə də danışır». Filoloq-alimin fikrincə, aparıcıların dil normalarına yiyələnmələri üçün onların hələ orta məktəbdə yaxşı təhsil keçmələrinə ehtiyac var: «Neçə ildir ki, ölkədə təhsil islahatları həyata keçirilir. Ancaq bu islahatlar hələ öz effektini vermir. Digər tərəfdən, saytların, qəzet və jurnalların sayı çoxaldığından kadr qıtlığı da yaranır. Hazırlanan kadrlar telekanalların tələbatını ödəmir. Ona görə də onlar kim olursa işə götürürlər”. A.Bayramoglu hesab edir ki, bu, təkcə jurnalistlərin yox, bütövlükdə təhsil sisteminin problemidir».

    Ekspertlər və mütəxəssislərin gördüyü, üzə çıxardığı və səsləndirdiyi nöqsanları bəzi aparıcıların qəbul etməməsi də maraq doğurur. Təbii ki, iş olan yerdə nöqsan da var. Səhvləri isə düzəltməyə çalışarlar. Əgər səhvlər sıravi tamaşaçıların da gözündən yayınmırsa, onda burda qərəz axtarmağa qəti ehtiyac yoxdur. Həm də bu, təkcə telekanallarda çalışanlara yox, ümumən jurnalistlərə aiddir.

    RUBLİKA.AZ


    Facebook-da paylaş