• “Donuz qripi” qapımızda, Bakı xəstəxanalarında xüsusi hazırlıq...

    “Donuz qripi” qapımızda, Bakı xəstəxanalarında xüsusi hazırlıq...

    “Donuz qripi” Azərbaycanın bir addımlığındadır. Qonşu İranda virusa yoluxanların sayının artması, xəstəliyin əhatə dairəsinin genişlənməsi təhlükəni hər gün bir az daha yaxınlaşdırır

    Artıq Azərbaycan-İran sərhəddində nəzarət tədbirləri gücləndirilib, qripə yoluxmaqda şübhəli bilinənlər müayinəyə cəlb edilir.

    Səhiyyə naziri Oqtay Şirəliyev isə şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrlə təmin edilməsi, dezinfeksiya işlərinin aparılması haqqında əmr imzalayıb. Bir sözlə, nazirlik ölkədə xəstəxanaların hazır vəziyyətə gətirildiyini açıqlayıb.

    Bəs bu hazırlıq işlərinin səviyyəsi necədir?

    Virtualaz.org saytının əməkdaşları bu dəhşətli virusun Azərbaycana keçmə ehtimalını və xəstəliklə mübarizə üçün xüsusiləşdirilmiş şöbədə yaradılmış şəraitli yerindəcə öyrənib, Taun Əleyhinə Stansiyada xüsusi təhlükəli virusların yoxlanılması prosesini izləyiblər.

    “Giriş qadağandır!”

    Qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ikinci mərtəbəsində xüsusi şöbə yaradılıb. Digər xəstələrin bu şöbəyə girişi qadağandır.
    Dəmir qapının arxasında isə 8 birnəfərlik palata var. Virusa yoluxmaqda şübhəli bilinənlər şöbəyə daxil olan kimi həmin palatalarda yerləşdirilir. Qapılar bağlanır, xəstənin ətrafla əlaqəsi tam kəsilir.

    Biz də “donuz qripi”nə yoluxmaqda şübhəli bilinən “xəstə” kimi palatada “yatmalı” olduq və müayinələrin necə aparılması prosesini izlədik.
    Hər palatanın girəcəyində xəstəni müayinə və müalicə edəcək həkim və tibb bacıları üçün birdəfəlik geyimlər asılıb. Həkim birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kombinezonu və rezin çəkmələri geyinir, qoruyucu ağızlıq, eynək taxır. Xəstədən götürülən qan və bəlğəm analizləri xüsusi konteynerlərlə Taun Əleyhinə Stansiyaya göndərilir. Xəstə müayinə ediləndən sonra istifadə olunan geyimlər qapının arxasında yerləşdirilmiş xüsusi zibil qutularına atılır.
    Palatalarda monitorlar quraşdırılıb. Həkimlər bu monitorlar vasitəsilə xəstənin vəziyyətini izləyə bilirlər.

    Onu da xatırladaq ki, xüsusi şöbə 2006-cı ildə, “quş qripi” virusu yayılarkən yaradılıb. “Quş qripi” virusundan dünyasını dəyişmiş şəxslərdən götürülən analizlərin nəticələri indiyədək palatanın arxivində saxlanılır.
    Ötən il dəhşətli Ebola virusuna yoluxmaqda şübhəli bilinən bir nəfər də bu palataya yerləşdirilib. Onun Ebola virusuna yoluxduğu təsdiqlənməsə də xəstəxanada müalicə alıb.

    “Donuz qripi” tez-tez mitasiya olur, ona görə də...

    Şöbənin müdiri Sevda Mustafayevanın sözlərinə görə, “donuz qripi” virusunun profilaktikası ilə bağlı əmr verilən kimi palatalar hazır vəziyyətə gətirilib.
    S.Mustafayeva bildirir ki, hazırda virusa yoluxma qeydə alınmasa da ehtiyat tədbirlərinə ehtiyac var: “Çünki “donuz qripi” tez-tez mutasiya olunur. Bu isə virusun insana keçmə ehtimalını artırır. Virus hava- damcı yolu ilə keçdiyindən xəstələrin ətraf mühitlə təması tam kəsilməlidir. Amma nəzərə alın ki, “donuz qripi” təkcə xəstə insanla təmasdan yayılmır. Xəstənin istifadə etdiyi əşyalardan da virusa yoluxmaq mümkündür. Buna görə də xəstənin istifadə etdiyi əşyalara toxunmaq olmaz, bu əşyalar ciddi dezinfeksiya olunmalıdır”.

    Həkim deyir ki, xüsusi palatada çalışan bütün tibb işçiləri müvafiq kurs keçib. Lakin virusa yoluxanlar poliklinika və ya digər xəstəxanalara da müraciət edə bilərlər. “Donuz qripi” əlamətlərinə görə qripə oxşadığından müayinələrlə yanaşı məlumat toplamaq vacibdir.

    “Bu xəstəlik adi qrip virusuna çox oxşardır. Xəstənin hərarəti yüksəlir, halsız olur. Başda və boğazda, eləcə də əzələ və oynaqlarda güclü ağrılar başlayır. Həmçinin ishal və ürəkbulanma baş verir. Nəcisdə və bəlğəmdə qan da görünə bilər. “Donuz qripi” ilkin aşkarlandıqda onun müalicəsi mümkündür. Buna görə də xəstənin virusun qeydə alındığı ölkələrdə olub-olmadığı, o ölkələrdən gələnlə təmasda olub-olmadığı öyrənilməlidir. Bu suallara cavab tapmaq ilkin diaqnozun qoyulmasında çox vacibdir” - deyə S.Mustafayeva bildirir.

    Şöbə müdiri deyir ki, digər xəstəliklər kimi “donuz qripi”nin müalicəsində də virusun ilkin mərhələdə aşkarlanması həyati əhəmiyyətə malikdir: “Çünki əks halda xəstə sadəcə ölə bilər. “Donuz qripi” kimi viruslar əsasən qocalarda, uşaqlarda, hamilə qadınlarda, xroniki xəstəlikləri olanlarda, immun sistemini zəifləyənlərdə, onkoloji xəstələrdə, şəkər xəstələrində ölümlə nəticələnə bilər. Yəni xəstəliklə mübarizədə immun sisteminin güclü olması və erkən müraciət əsas şərtdir. Buna görə də xəstə müraciət edən kimi həkim dərhal məlumat toplamağa və müalicəyə başlamalıdır”.

    S.Mustafayeva qonşu ölkədə “donuz qripi” virusunun insandan-insana keçən növünün qeydə alındığını vurğulayır. Buna görə də İrana gedən vətəndaşlar daha ehtiyatlı olmalıdır: “Təkcə “donuz qripi” virusunda deyil, digər epidemiyalarda da ən təhlükəli vəziyyət birinci mərhələdə yaranır. Çünki ilkin mərhələdə insanların məlumatı az olur, gigiyenik əməllərə riayət etmirlər. Maarifləndirici tədbirlər isə vaxt alır. Epidemioloji vəziyyət nəzarətə götürüləndən sonra xəstəliyin yayım sürəti azalır”.

    “Donuz qripi”nə yoluxmamaq üçün nə etməli?

    Amma virusdan qorunmağın yolları da var. Məsələn, virusun yayıldığı dönəmdə insanların sıx olduğu yerlərə getməkdən çəkinmək lazımdır. Və ya ictimai yerlərdə qoruyucu maska taxmaqla qorunmaq olar.
    S.Mustafayeva deyir ki, virus Azərbaycana keçməsə belə gigiyenik tələblərə riayət edilməlidir: “Təhlükəli virusdan qorunmaq üçün ilk növbədə əl gigiyenasına əməl edilməlidir. Amma müşahidələr göstərir ki, bəziləri adi gigiyenik qaydalara da əməl etmir. Xüsusilə də uşaqlarda gigiyenik təmizliyi vərdiş halına gətirmək lazımdır”.

    Qeyd etdiyimiz kimi, xəstədən götürülən qan və bəlğəm nümunələri xüsusi 3 qatlı konteynerlərdə Respublika Taun Əleyhinə Stansiyaya çatdırılır.
    Stansiyanın direktoru Rakif Abdullayev virtualaz.org saytına açıqlamasında deyir ki, paytaxt və bölgələrdən göndərilən qan nümunələri ən geci 3 saat ərzində yoxlanılır və nəticələrlə bağlı dərhal xəstəxanalara məlumat verilir: “Bu konteynerlərdə analizləri 6 saat ərzində saxlamaq mümkündür”.(virtualaz)

    Direktorun sözlərinə görə, stansiyada quraşdırılmış aparatların köməyi ilə təhlükəli hesab edilən bütün virusları yoxlamaq mümkündür. Məsələn, ötən il Ebolaya yoluxmaqda şübhəli bilinən xəstədən alınmış qan nümunələri məhz bu stansiyada yoxlanılıb: “Ebola, qarayara, taun, “quş qripi”, “donuz qripi” və digər xüsusi təhlükəli viruslar burda yoxlanılır. Bizdə 1500 qan analizi aparmaq mümkündür”.

    R.Abdullayev deyir ki, əhali arasında Ebola virusu ilə bağlı daha çox həyəcan vardı. Stansiyada yaradılan “qaynar xətt” xidmətinə müraciətlər daxil olurdu. İndi isə “qaynar xətt” xidmətinə zənglər gəlmir. Lakin təhlükəli vəziyyət yaranarsa, bu xidmət yenidən bütün suallara cavab verəcək: “Nazirin əmri ilə aparılan müayinələrin nəticələri, həftəlik proqnozlar nazirliyə təqdim ediləcək. Bundan əlavə, nazirliyin də “qaynar xətt” xidməti fəaliyyətdədir. Bütün xəstəxanalar əlaqəli şəkildə işləyəcək”.

    Direktor qripə yoluxmaqda şübhəli bilinən xəstələrlə danışarkən sanitar maskalardan istifadə etməyi tövsiyə edir: “Hələlik Azərbaycanda hər hansısa bir təhlükəli virus aşkarlanmayıb. Amma təkcə “donuz qripi”deyil, ümumilikdə qripə yoluxmaqda şübhəli bilinən xəstəyə 1 metr məsafədən yaxın durmamağa çalışmaq lazımdır. Məsələn, adi qripdən 2 faizədək ölüm olur, “donuz qripi” kimi tanınan H1N1-dən isə bu göstərici maksimum 0,6 faizdir”.

    Xatırladaq ki, qonşu İranda “donuz qripi” virusuna yoluxanların sayı 600-ü keçib, ölənlərin sayı isə 40-a çatır. Virusun paytaxt Tehrana keçməsinin qarşısını almaq üçün bütün mümkün variantlardan istifadə edilir. Xəstəliyin əhatə dairəsinin genişlənəcəyi halda yoluxma və ölüm hallarının artacağı proqnozlaşdırılır.
    “Donuz qripi” insanlar arasında yayılan müxtəlif A/H1N1 viruslarının qarışığından yaranan xəstəlikdir. İlk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan 5 yaşlı Edqar Ernandesdə aşkarlanan virus sonradan dünyanın 135 ölkəsində 134 mindən çox adamı yoluxdurub. 6 il əvvəl Azərbaycanda da “donuz qripi”nə yoluxma qeydə alınıb.

    Nəzərə alaq ki, Azərbaycandan İrana gedənlərin sayı çoxdur və onların virusa yoluxma ehtimalı yüksəkdir. Deməli, təhlükə əslində bir addımlığımızdadır. Sadəcə diqqətli olmaq lazımdır ki, xüsusi palataya düşməyəsən...

    RUBLİKA.AZ


    Facebook-da paylaş