• Monopolist məmurlara qarşı savaş açılacaq - fürsətcillər...

    Monopolist məmurlara qarşı savaş açılacaq - fürsətcillər...

    İdxalda inhisarçılığa son qoyulması, şəffaf mühitin yaradılması haqda prezident İlham Əliyevin dekabrın 23-də səsləndirdiyi fikirlər sahibkarları müəyyən qədər ruhlandırıb. Onlar hesab edir ki, prezidentin dəyişməz və qətiyyətli mövqeyi onların biznes mühitindəki aktivliyini artırmaqla yanaşı, qiymətlərin ucuzlaşmasına da öz töhfəsini verəcək.

    “Malların idxalı sahəsində ayr-ayrı şəxslərin gizli imtiyazlarının aradan qaldırılması, gömrük sistemində himayədarlığın və “çətir altda” fəaliyyətin ortadan götürülməsi iqtisadi fəallığın artmasına, iqtisadiyyatın inkişafına səbəb olacaq” - bunu mətbuata son açıqlamasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibinin müavini Mehman Mehmanov deyib.

    Ekspertlər də hesab edir ki, gömrük sahəsində çoxdan gözlənilən liberallaşma ölkədə rəqabət mühitinə yeni nəfəs verəcək, sahibkarların imkanlarının genişlənməsinə gətirib çıxaracaq. İdxal fəaliyyətinin müəyyən qrupların əlində cəmləşməsi daha çox sahibkarın öz qabiliyyətini ortaya qoymaq imkanını əngəlləyirdi. Bu həm də daha çeşidli malların ölkəyə gətirilməsinə, qiymətlərin aşağı düşməsinin qarşısına sədd çəkirdi. Azad rəqabət mühitinin yaradılması nəticəsində Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının sərbəst dövriyyəsi baş verəcək ki, bu da arzuolunandı.

    Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibinin müavini həmçinin bildirib ki, müxtəlif ölkələrdən gələn rəsmi qonaqlar təəccüblə deyirlər ki, onların Azərbaycana göndərdikləri mallar daha çoxdur, nəinki yerli gömrükdə əks olunan rəqəmlər. Bu neqativ halların aradan qaldırılması şəffaflıqla yanaşı dövlət büdcəsinin gəlirlərinə də təsir edəcək.(terer)

    Eyni zamanda Mehman Mehmanov məmurlara da xitab edib: "Sahibkarlar Konfederasiyasının mövqeyi aydındır - biz dövlət qulluğu ilə bir araya sığmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın gerçək sahibkarların bazara çıxış imkanlarını məhdudlaşdırdığını və buna görə də artıq seçim anı olduğunu deyirik. Nə qədər ki ayrı-ayrı malların idxalını müəyyən şəxslər nəzarətdə saxlayır, ölkədə sağlam rəqabət mühitni yaratmaq çətin olacaq, sahibkarların islahatlara güvəni olmayacaq".

    “Unikal” qəzeti olaraq xatırladırıq ki, Prezidenti İlham Əliyev dəfələrlə inhisarçılığın iqtisadiyyat üçün əsas problemlərdən biri olduğunu vurğulayıb. Bu fonda dövlət başçısı qeyd edib ki, bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaq: "Əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz”.
    Odur ki, ölkə rəhbərinin iradlarından sonra inhisarçılığa qarşı mübarizənin bir qədər də intensivləşəcəyini düşünmək olar. Bunun əsas həll yolu elektronlaşamanın davam etdirilməsidir. Eyni zamanda müxtəlif sektorda xidmətlərin "ASAN xidmət” ilə bölüşməsindən ibarətdir. Nəzərə alaq ki, "ASAN xidmət” Azərbaycan Prezidentinin şəxsi ideyasıdır. O baxımdan müxtəlif dövlət qurumlarının xidmətinin bir qisminin məhz "ASAN xidmət” ilə bölüşdürülməsi birmənalı şəkildə inhisarçılığa qarşı mübarizənin güclənməsinə gətirib çıxaracaq.

    Artıq ölkəmizdə bu istiqamətdə xeyli addımlar atılıb. Bu, fərqli sektorlarda öz təsirlərini göstərir. Yəni, inhisarçılığa qarşı mübarizə üçün elektronlaşmanın davam etdirilməsi və müxtəlif xidmətlərin "ASAN xidmət”lə bölüşməsi vacibdir. Bu, süründürməçiliyi aradan qaldırar. Müxtəlif xidmətlərin "ASAN xidmət”lə bölüşməsi nəticəsində rəqabəti artırmaq mümkün olacaq. Bununla yanaşı, digər bir sıra addımların atılmasına da ehtiyac var. Məsələn, sahibkarların bazara çıxış imkanları genişlənməli, mövcud bəzi maneələr aradan qaldırılmalıdır. Bundan başqa, nəzarətin gücləndirilməsinə ehtiyac var. Yəni, həm inzibati, həm də təşviqedici metodlardan istifadə edilməlidir. İnzibati metodlar monopoliyanın aradan qaldırılmasına imkan verir. Elektronlaşma daxil olmaqla, təşviqedici, inzibati metodlardan istifadə etməklə Azərbaycanda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi və iqtisadiyyatın tam liberallaşması mümkündür.

    İnhisarçılığın aradan qaldırılması qeyri-neft sektorunun ümumi daxili məhsulda payının artmasına da imkan verəcək. Bundan başqa, qiymətlərin aşağı düşməsinə səbəb olacaq. İnhisarçılığın aradan qaldırılması qiymətlərin təxminən 30% aşağı düşməsinə imkan verəcək ki, bu da hazırkı bahalaşma fonunda alternativ “xilas yolu” sayıla bilər.

    Digər iqtisadçı-ekspert Nicat Hacızadənin sözlərinə görə, ölkə Prezidentinin çıxışından da hiss etmək olur ki, artıq bu problemin mümkün qədər tez həlli vacibdir: "Bu çıxışdan sonra inhisarçılıqla mübarizənin bir qədər də güclənəcəyi gözləniləndir. Rüşvət tələb edənlərə qarşı nəzarət gücləndirilməlidir, onlar məsuliyyətə cəlb olunmalıdırlar. Digər tərəfdən monopolistlər tapılıb məsuliyyətə cəlb olunmalıdır ki, digərləri bu əməldən əl çəksin.
    İnhisarçılığın səviyyəsinin azalması sahibkarlığın inkişafı, ölkəyə investisiyaların gəlməsi, büdcə daxil olmalarında qeyri-neft sektorunun payının artması deməkdir. Eyni zamanda əhalinin alıcılıq qabiliyyəti və ÜDM artmış olar”.

    RUBLİKA.AZ


    Facebook-da paylaş