• Azərbaycanda qaçılmaz dollar QADAĞASI

    Azərbaycanda qaçılmaz dollar QADAĞASI

    Bu ildən Azərbaycandan xaricə qeyri-leqal kapital axınının dəfələrlə aşağı düşəcəyi gözlənilir.

    Bu, Azərbaycan parlamentinə təqdim edilmiş "Valyuta tənzimi haqqında" qanunda edilməsi nəzərdə tutduğu dəyişikliklərin sayəsində baş verə bilər. Qanuna edilən dəyişikliklər ölkədən xaricə pul köçürmələrinə icbari yığımların tətbiqi ilə bağlıdır. Daha doğrusu, ölkədən kənara edilən istənilən pul köçürməsindən 20 faizə yaxını icbari yığım kimi tutlacaq.

    Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun Milli Məclisin iqtisadi-siyasət, sənaye və sahibkarlıq, eləcə də hüquq siyasəti komitəsinin birgə iclasında bildirib ki, bu, birbaşa xaricə investisiyalara, əmlakın alınmasına və xaricdə hesabların açılması zamanı tətbiq ediləcək.

    Beləliklə, ilk öncə ölkədən qeyri-leqal kapital axını dayandırılacaq və Azərbaycan hər il dərc olunan “Global Financial Integrity” (GFI) hesabatında əks olunmuş bu problemini həll etməyə imkan qazanacaq. 2015-ci ilin 9 dekabrında dərc olunmuş hesabata görə, Azərbaycandan ildə adambaşına 1010 dollar çıxarılır. Müqayisə üçün, Rusiyadan ildə adamaşına 729 dollar, Çindən isə 107 dollar çıxarılır. Qazaxıstandan ildə adambaşına 946 dollar, Belarusdan 929 dollar, Ukraynadan isə 274 dollar çıxarılır. Bununla da ölkədən qeyri-leqal şəkildə çıxarılan valyutanın axınını xeyli azaltmağa imkan yaranacaq.(ans)

    Valyuta əməliyyatları ödəniş kartları vasitəsilə həyata keçirildikdə də bu məsələni nəzarətdə saxlamağa imkan yaranacaq. Belə ki, ölkədən xaricə vəsait köçürmüş rezident və qeyri-rezident fiziki və hüquqi şəxs bir ay müddətində dövlət büdcəsinə 20 faiz ödənməsi barədə müvafiq sənədi ödəniş kartının emitenti olan müvəkkil banka təqdim etməlidir. Belə sənəd olmadıqda bank 5 iş günündən gec olmayaraq bu barədə Mərkəzi Banka məlumat verməlidir.

    "Valyuta tənzimi haqqında" qanunda ölkədən kənara edilən istənilən pul köçürməsindən 20 faizə yaxını icbari yığım tutulması barədə nəzərdə tutulan dəyişikliklər bir sıra ərzaq və məişət mallarının idxalı nəticəsində manata edilən təzyiqləri də xeyli azaldacaq. Bu dəyişikliyi qaçılmaz sayan sabiq maliyyə naziri professor Fikrət Yusifov ANS PRESS-ə müsahibəsində Mərkəzi Bankın bu addımını digər tədbirlərlə möhkəmləndirməyi məsləhət görüb: “Neftin qiymətinin aşağı düşməsi üzündən ölkənin valyuta gəlirləri dəfələrlə azalıb. Buna görə də, valyutaya tələb yaradan malların idxalını da azaltmaq lazımdır. Bunun üçün Azərbaycan xalq istehlakı mallarının istehsalını təmin etməlidir ki, idxalı əvəz edə bilsin. Həmçinin aqrar və yüngül sənaye sahələrinə sərmayələr yatırmaqla bir sıra məhsulların ixracatını təmin etmək lazımdır ki, neftə alternativ digər valyuta mənbələri yaransın”.

    Təbii ki, "Valyuta tənzimi haqqında" qanunda edilməsi nəzərdə tutduğu dəyişikliklərin xaricə zəruri halda valyuta keçirməli olan vətəndaşlar üçün müəyyən çətinliklər də yaradacaq. Lakin qanun layihəsinin mahiyyəti barədə məlumat verən Elman Rüstəmov bildirib ki, layihədə valyuta və kapitalın hərəkətinə tam qadağa tətbiq edilməyib: “İnsanların təhsil, səhiyyə xərcləri ilə bağlı müvafiq sənədləri təqdim etməsilə banklar tərəfindən bu proses tənzimlənəcək”.

    Bu zaman fiziki şəxsin özünün və ya yaxın qohumlarının adına xarici ölkədə açılmış hesablara 50 min dollar vəsait köçürülməsinə icazə veriləcək. Bundan yuxarı köçürülən məbləğdən isə 20% tutulacaq. Fiziki şəxs tərəfindən il ərzində hesab açmadan xarici valyutada apardığı pul köçürməsi əməliyyatları da bu zaman nəzərə alınacaq.

    Beləliklə, Azərbaycan böyük neft gəlirləri olmayan çoxşaxəli iqtisadiyyat rejimi istiqamətində ilk addımlarını atır. Təbii ki, bu addımlar 10 ildən çoxdur ki, dünyada analoqu olmayan ən sadə valyuta mübədiləsi rejimində yaşamış sadə insanlara müəyyən diskomfort yaradacaq. İnkişaf etmiş ölkələrin əksəriyyəti bu kimi diskomfortlardan keçiblər və əksəriyyətində bu cür qadağalar hələ də mövcuddur. Azərbaycan rəhbərliyi bu təcrübəni daha dərindən öyrənməklə ölkəni daha güclü və rəqabət qabiliyyətli iqtisadiyyatın sahibinə çevirə bilər.

    rublika.az


    Facebook-da paylaş