• 321 saylı məktəbdə nə baş verir? - "Oğlumu hər gün məktəbdə döyürlər" - ŞOK ŞİKAYƏT

    321 saylı məktəbdə nə baş verir? - "Oğlumu hər gün məktəbdə döyürlər" - ŞOK ŞİKAYƏT

    “Oğlum 321 saylı məktəbdə oxuyur, hər gün məktəb şagirdləri onu döyürlər. Axırıncı dəfə ayın 18-də döyülüb. Məktəb rəhbərliyi isə heç bir iş görmür”. Bu sözləri redaksiyamıza müraciət edən Əlif Baxşəliyev deyib.

    Onun sözlərinə görə, oğlunun 15 yaşı var, doğum haqqında şəhadətnaməni gec götürdüyünə görə, 10 yaşında məktəbə gedib: “Oğlum Oruc 2000-ci ildə doğulub, lakin sənəd məsələsinə görə məktəbə gec gedib. İndi Qobustan rayonundakı 321 saylı məktəbin 5b sinfində oxuyur. O, 6a sinfinin uşaqları tərəfindən döyülür. Onu ən çox döyən 6a sinfində oxuyan Əhməddir. O, uşaqlara oğlumun guya onları söydüyünü deyir. Onlar da inanıb oğlumu döyürlər. Amma mənim uşağım çox sakitdir, dilsiz-ağızsızın biridir. Söyüş-dava ilə arası yoxdur. Axırıncı dəfə onlar sinif rəhbəri Zemfira xanımın yanında uşağa hədə-qorxu gəliblər, ancaq müəllimə heç nə etməyib. Dərsdən sonra da onu döyüblər. Bir neçə ay əvvəl də döymüşdülər, başından travma almışdı. Buna görə nə qədər müalicə etdirdim. Necə travma almışdısa, ondan sonra danışığında problemlər yaranıb. Müalicə yeni qurtarmışdı ki, yenə döydülər. Müraciətimə də baxan yoxdur. 11-ci Polis Bölməsindən isə müraciətimə ciddi yanaşmadılar. Direktor Ceyran Bayramovaya deyəndə, “biz təhsilə baxırıq” dedi. Kamera görüntüləri var, amma onu göstərmirlər, halbuki uşaq məktəbdə döyülüb”.Ə.Baxşəliyev iddia edir ki, məktəb rəhbərliyi yaşlarının çox olmasını əsas gətirərək iki qızını da məktəbə qəbul etmək istəməyib. Oğlunun da bu yaşda aşağı sinifdə oxumasına narazılıq edirlər:(publika.az) “2012-ci ildə qızlarım -1996-cı il təvəllüdlü Sevinc Baxşəliyeva və 1998-ci il təvəllüdlü Gülnar Baxşəliyevanı məktəbə yazdırmaq istəyəndə, direktor Ceyran xanım buna mane oldu. Oğlumu da birinci sinfə yazdırmaq istəyəndə 10 yaşı var idi, onu da qəbul etmək istəmədi. O, uşaqların yaşının çox olmasını əsas gətirirdi. Doğum haqqında şəhadətnamələrini gec aldığıma görə uşaqlarımı gec məktəbə yazıdırmışam. Direktor da bunu bəhanə gətirib, uşaqları məktəbə qəbul etmək istəməyib. Buna görə Təhsil Nazirliyinə müraciət etməyimi məsləhət görüb. Keçmiş nazir Misir Mərdanovun vaxtında nazirliyə müraciət etdim. Müraciətimə müsbət cavab verdilər. Hər iki qızım bir il dinləyici kimi oxudu, sonra isə məktəbə qəbul etmədilər. İndi qızlardan birinin 18, balacanın 16 yaşı var. Oğlumsa oxuyur, amma bu vəziyyətdə oxumasa yaxşıdır”.

    Qobustan rayonundakı 321 saylı məktəbin direktoru Ceyran Bayramova ilə əlaqə saxladıq. O, Ə.Baxşəliyevin sözlərinin doğru olmadığını, uşağın məktəbdən kənarda döyüldüyünü dedi: “Məktəbdən evə gedəndə yolda 6-cı sinif uşağı ilə dalaşıb. Həmin uşaq yaşca özündən balacadır. Bunun məktəbə aidiyyəti olmasa da, uşaqla və valideynlə danışıb, məsələni aktlaşdırmışıq. O adam özü uşaqlara hədə-qorxu gəlir, hətta oğluna deyir ki, “səni döysələr, bıçağı götür, vur uşaqları”. Məktəbimizdə 97 kamera işləyir, kim istəsə, həmin görüntüləri verə bilərəm. Məktəbdə onun oğlu ilə hər kəs yaxşı davranır. O, uşağını məktəbə özü gətirib-aparır. Birinci gün uşaq dərsdən sağ-salamat gedib, heç bir problem olmayıb”.

    Valideynin oğlunun əvvəllər də məktəbdə döyülməsi barədə fikirlərinə gəldikdə, direktor bildirdi ki, belə hal baş veribsə, o, hüquq-mühafizə orqanlarına müraciət etsin.

    Qızların məktəbə qəbul edilməməsi məsələsində də direktor valideynin dedikləri ilə razılaşmır: “Həmin valideynin qızlarının yaşı həddən artıq böyük olduğuna görə məktəbə qəbul edilməyiblər. Buna görə Təhsil Nazirliyinə də müraciət etmişdi. Rəsmi olaraq birinci sinfə qəbul edilməmələri barədə qərar verildi”.

    Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) Mətbuat Xidmətindən isə bildirildi ki, məsələ hazırda BŞTİ-də araşdırılır.

    Qızların məktəbə qəbul edilməməsinə gəlincə, BŞTİ-dən bildirdilər ki, müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər üçün fərdi təhsil təşkil olunur. “Təhsil haqqında” Qanunun 13.2-ci maddəsinə və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 3.8-ci bəndinə uyğun olaraq “Fərdi təhsilin təşkili haqqında Qaydalar” hazırlanıb.

    Bu qaydalara görə, ibtidai təhsil səviyyəsində fərdi təhsilə 15, ümumi orta təhsil səviyyəsində isə 25 yaşadək olan şəxslər cəlb olunurlar. Fərdi təhsil almaq istəyən şəxslər (onların valideynləri və ya digər qanuni nümayəndələri) təhsildən kənarda qalmasının səbəbi və hansı sinifdə təhsil alması göstərilməklə lazım olan sənədlər və ərizə ilə hər il iyul-avqust aylarında yaşayış yeri üzrə təhsil şöbəsinə (idarəsinə) müraciət edə bilərlər.

    rublika.az


    Facebook-da paylaş