Lavrovun 7 rayonla bağlı açıqlamasına XİN-dən CAVAB
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini şərh edib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib ki, 2010-cu ildə yenilənmiş Madrid prinsipləri hazırlanıb.
“Həmin prinsiplər saxlanılması üçün ATƏT-in baş katibinə təqdim olunub. 7 rayonun Azərbaycana qaytarılması Madrid prinsiplərində də öz əksini tapıb. 2010-cu ildən sonra da yenilənmiş prinsiplərdə əks olunan məqamların həyata keçirilməsi üçün müxətlif ideyalar və təkliflər irəli sürülüb”.
XİN rəsmisi həmçinin qeyd edib ki, belə ideyalardan biri də Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən təklif edilib. “Bu təkliflərin müzakirə edilməsi məqsədi ilə ötən il ərzində Sergey Lavrov Azərbaycanda və Ermənistanda səfərlərdə olub. Sergey Lavrov təkliflərin müzakirəsi məqsədi ilə hər iki ölkə rəhbərliyi və xarici işlər nazirləri ilə görüşlər keçirib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Rusiyada işgüzar səfərdə olub”.
Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yalnız həmsədrlərin müxtəlif vaxtlarda hazırladıqları sənədlərin mövcud olduğunu bəyan edib.
Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə “Lavrovun və ya digər şəxsin" hazırladığı sənədin olmadığını qeyd edib: “Hazırlanan sənədlər ATƏT-ə göndərilsə də, münaqişənin həllinə heç bir təsir göstərməyib. Bu münaqişədə "ya hər şey, ya heç nə" prinsipi vacibdir. Tərəflər münaqişənin nizamlanması yollarının axtarışını davam etdirirlər. Biz tərəflərlə birlikdə yeni ideyalar axtarırıq”.
Bir müddət əvvəl Sergey Lavrovun Ermənistan hakimiyyəti qarşısında 7 rayonun qaytarılması ilə bağlı məsələ qaldırdığı barədə xəbər yayılmışdı. Bu xəbər Sergey Lavrovun İrəvana rəsmi səfərinin baş tutduğu vaxta təsadüf edirdi. 7 rayonun qaytarılması isə Qarabağ münaqişəsinin həlli ilə bağlı 2008-ci ildə qəbul edilən Madrid prinsiplərinin müddəalarına uyğun gəlirdi. Madrid prinsiplərinə görə, Ermənistan qoşunlarını Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarmalı, daha sonra Dağlıq Qarabağın statusu barədə danışıqlar başlamalıdır. Amma 8 ildən çoxdur ki, qəbul olunan sənədin heç bir müddəası yerinə yetirilməyib.
Amma bəlkə də Sergey Lavrovun hazırda imtina etdiyi 7 rayonun qaytarılması planı müzakirələr masasında var idi. Ötən il Rusiya və Türkiyə arasında baş verən qırıcı qalmaqalına qədər rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq göstərirdi. Amma hadisə baş verdikdən sonra Rusiya münaqişənin həllinə soyuq yanaşmağa başladı. Elə 7 rayonun qaytarılmasının gündəmə gəlməsi də Rusiyanın fəallaşdığı dövrə təsadüf edirdi. Hadisələrdən sonra Azərbaycanın Türkiyənin mövqeyini dəstəkləməsi Rusiyanın münaqişənin həllində dəyişməsinə səbəb oldu.
RUBLİKA.AZ
Facebook-da paylaş