• Vaqif Abdullayev prezidentin ayırdığı 1 milyon manatı necə MƏNİMSƏDİ?

    Vaqif Abdullayev prezidentin ayırdığı 1 milyon manatı necə MƏNİMSƏDİ?

    Bir müddət əvvəl Beyləqan Mərkəzi Şəhər Stadionunun çökməsi barədə xəbər vermişdik. Dövlət büdcəsindən ayrılan bir milyon manatın sərf olunduğu stadion o qədər də gücü olmayan qarın ağırlığına tab gətirməyib və çöküb.

    28 avqust 2014 tarixində Prezident İlham Əliyevin Beyləqana rəsmi səfəri zamanı açılışı həyata keçirilən stadionun inşası üçün dövlət başçısı bir milyon manat vəsait ayırıb. Amma aparılan tikinti işlərinin keyfiyyətsizliyi nəticəsində stadion il yarımdan sonra çöküb.

    Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev şəhər stadionunun tikintisini "İSPİK" MMC adlı tikinti şirkətinə həvalə edib. Özü də heç bir tender elan edilmədən. Məlumata görə, bu zaman şirkət rəhbərliyi ilə icra başçısı arasında "centlemen" rahılaşma əldə olunub. Vaqif Abdullayev "İSPİK" MMC-yə 600 min manat müqabilində stadionun tikintisini həvalə edib. Dövlət büdcəsindən ayrılmış qalan 400 min manat vəsait isə mənimsənilib.(qaynar.info)Lakin tərəflər arasındakı qeyri-rəsmi anlaşmanın ömrü uzun olmayıb. Belə ki, Vaqif Abdullayev tikinti şirkətinə boyun olduğu 600 min manatı da tam olaraq ödəməyib və cəmi 400 min manat verib. Bu səbəbdən onlar arasında ciddi narazılıqlar yaranıb. Prezidentin Beyləqana 2014-cü ilin 28 avqustdakı səfərinə qədər stadionda kosmetik işlər aparılır və açılışa "hazır" vəziyyətə gətirilir. Açılış zamanı isə Vaqif Abdullayev prezidentə yalan məlumatlar verib. İcra başçısı stadionun tam olaraq təmir edildiyini, tikinti üçün xaricdən materiallar gətirildiyini, arenanın müasir standardlaral cavab verdiyini bildirib. Əslində isə stadionun tikintisi yalnız yerli imkanlar hesabına aparılıb və görülən işlər kosmetik xarakter daşıyıb.

    Prezidentin səfərindən sonra "İSPİK" MMC şirkəti ilə icra başçısı arasında gərginlik yaranıb. Şirkət rəhbərliyi vəd olunan pulu tələb etsə də, Vaqif Abdullayev ödəniş etməkdən imtina edib. Bu səbəbdən də Qabil Mülariz oğlu Mustafayev prezidentə və digər instansiyalara şikayət məktubları yazmağa başlayıb. Lakin Vaqif Abdullayevin səyləri nəticəsində bu məktublar ya ünvanına çatmayıb, ya da araşdırılmayıb.

    Şikayət məktublarından narahat olan Vaqif Abdullayev məhkəməyə üz tutub. İcra başçısı Qabil Mustafayev barəsində Suraxanı rayon Məhkəməsində "Xüsusi ittiham qaydasında" iddia qaldırıb. Vaqif Abdullayev şirkət rəhbərinin ona böhtan atdığını iddia edib və bu səbəbdən bir çox instansiyalara mütəmadi cavab vermək məcburiyyətində qaldığını bildirib. "İcra Hakimiyyətinin başçısı kimi mənim barəmdə qeyd edilən yalan məlumatlar şərəfimə, ləyaqətimə və işgüzar nüfuzuma ləkə gətirərək əsassız olaraq mənim vaxt itirməyimə, əsəb gərginliyi və mənəvi sarsıntı keçirməyimə səbəb olmuşdur” deyə Vaqif Abdullayevin şikayət ərizəsində bildirilir.

    Lakin icra başçısı məhkəmədən umduğunu ala bilməyib. Belə ki, Suraxanı rayon Məhkəməsinin hakimi iddiaçı tərəfə "Bu qədər məbləğ tenderdən keçməyibsə, siz hansı işgüzar nüfuzdan danışırsınız" sualı onları çaş-baş salıb. Çarəsiz qalan Vaqif Abdullayev iddiasını geri götürməli olub.

    Bütün bunlar ortaya bir çox suallar çıxarır. Vaqif Abdullayev tender keçirmədən stadionun tikintisini niyə "İSPİK" MMC-yə həvalə edib? Prezidentin ayırdığı 1 milyon manatın 600 min manatını kim və kimlər mənimsəyib? Stadionda tikinti işləri keyfiyyətsiz aparıldığı halda prezidentə niyə yalan məlumatlar verilib? Tikinti üçün xaricdən heç bir material gətirilmədiyi halda Vaqif Abdullayev dövlət başçısına niyə yalan danışıb?

    Həmçinin "ISPIK" MMC şirkəti də bu məsələdə böyük məsuliyyət daşıyır? Şirkət rəhbərliyi tenderdə iştirak etmədən, rəsmi müqavilə imzalamadan tikintini niyə aparıb? Bu qədər vəsaitin xərcləndiyi stadion 1,5 ildən sonra niyə çöküb? Şirkət razılaşdırılan məbləği almadığı halda prezidentin səfərinə qədər niyə kosmetik işlərlə stadionu hazır vəziyyətə gətirib? Bu günə qədər səslənən ittihamlara niyə rəsmi münasibət bildirilməyib?

    Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, artıq Qabil Mustafayevin "İSPİK" MMC şirkətinin direktoru vəzifəsindən azad olunub. Onun işdən çıxarılmasına isə Vaqif Abdullayevin səbəb olduğu deyilir.

    RUBLİKA.AZ


    Facebook-da paylaş