• Həmsədrlər dövrünün SONU yaxınlaşır

    Həmsədrlər dövrünün SONU yaxınlaşır

    ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətsizliyi ilə bağlı artıq ciddi tədbirlərin görülməsi zərurəti yaranıb.

    Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri 20 ildir münaqişənin sülh vasitəsilə həlli yolunda "ayaq döysələr" də, heç bir nəticə yoxdur. Daha pisi odur ki, həmsədrlərin özlərinin bu işdə uğur əldə etmə istəyində olmadıqları açıq-aydın sezilir.

    Elə onların Avropa Şurası Parlament Assambleyasının sessiyasında Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlarının müzakirəsində narahatlıqlarını ifadə etmələri Ermənistanı müdafiə etmək üçün necə çalışdıqlarına bir sübut oldu. Çünki hər iki hesabat Azərbaycanın ədalətli mövqeyini birmənalı olaraq ortaya qoyurdu. Amma elə həmsədrlərin də səyi nəticəsində bu qətnamə qəbul edilmədi.

    Ötən gün gənclərlə görüşü zamanı çıxışında ölkə başçısı İlham Əliyev də Minsk qrupunun həmsədrlərinin fəaliyyətini kəskin tənqid etdi. Prezident onları münaqişənin həllinə yox, dondurulmasına çalışmaqda günahlandırdı:

    “Minsk qrupunun həmsədrlərinin bugünkü fəaliyyəti tamamilə mənasızdır. Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Baxın, Avropa Şurasında son dinləmələrdə onların təxribatçı fəaliyyəti nəyə gətirib çıxardı. Avropa Şurası ilk dəfə olaraq 2005-ci ildə Ermənistanın işğalını pisləyən qətnamə qəbul etmişdir. Həmin sənəddə göstərilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Əlbəttə, orada müxtəlif adamlar var. Anti-Azərbaycan mövqeyində, Ermənistanla həmrəy olan, erməni lobbisi ilə bağlı olanlar var. Mən orada üzv olmuşam, bunu bilirəm. Ancaq bu təşkilat indi bu məsələni gündəliyə çıxarıb. Minsk qrupunun həmsədrləri onlara təzyiq edirlər ki, bu məsələyə baxılmasın. Məhz bu təxribatçı fəaliyyətə görə bizə 4 səs çatmadı ki, bu qətnamə qəbul olunsun”,- deyə İlham Əliyev qeyd edib.(ans)

    Bu baxımdan Minsk qrupu həmsədrlərinin işini mənfi qiymətləndirən ölkə başçısı münaqişənin həll olunmamasında onların böyük rolunu vurğulayıb. Avropada islamofobiyanın pik həddinə çatdığını xatırladan İlham Əliyev Azərbaycan müsəlman ölkəsi olduğundan, bizə qarşı ikili standartlar münasibətinin göstərildiyini də xüsusilə nəzərə çatdırıb.

    Elə ölkənin tanınmış ictimaiyyət nümayəndələri, millət vəkilləri və siyasi xadimləri də ATƏT-in Minsk qrupunun həmsədrlərini göstərdikləri uğursuz fəaliyyətlərinə görə qınayır. Millət vəkili, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov artıq 3 həmsədrlə vidalaşmağın vaxtının çatdığını bildirir. Millət vəkilinin sözlərinə görə, həmsədrlər də Ermənistan kimi yalnız konfliktin həllinin uzadılmasına çalışır:

    “Fikrimcə, artıq bu üç həmsədri yola salmaq lazımdır. Göründüyü kimi, 3 həmsədr bu işə fayda vermədi. Düşünürəm ki, indiki anda həmsədrlərin fəaliyyəti ilə bağlı bir konfrans çağırılması çox vacibdir. Bu, Almaniya ilə müzakirə olunmalıdır. O konfransda həmsədrlərin hesabatları dinlənilib analiz olunmalıdır. Bundan sonra onların qalıb-qalmaması məsələsinin zəruriliyinə baxılmalıdır”, - deyə politoloq qeyd edir.

    Yeni Azərbaycan Partiyası sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov da bu gün jurnalistlərə açıqlamasında AŞ PA-nı və Minsk qrupunun həmsədrlərini Azərbaycana qarşı mövqe sərgiləməkdə qınayıb.

    O deyib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə əlaqədər qərarın qəbul edilməsinə mənfi münasibət göstərilməsi, nəticə etibarilə Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməməsi AŞ PA-ya baş ucalığı gətirmir:

    “Ən azından ona görə ki, AŞ PA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiq edib. İkinci dəfə əks mövqenin nümayiş etdirilməsi düzgün hal sayıla bilməz. Digər tərəfdən, çox təəssüfedici hal ondan ibarətdir ki, Minsk qrupunun həmsədrləri AŞ PA-da belə bir qərarın qəbul edilməməsi üçün əllərindən gələni etdilər ki, bu da bütövlükdə bizi Minsk qrupunun hansı məqsədə xidmət etdiyi haqqında düşünməyə vadar edir”,- deyə Əli Əhmədov söyləyib.


    Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. Minsk qrupu ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb.

    1996-cı ilin dekabrından Minsk qrupunun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri fəaliyyətə başlayıb. Hazırda amerikalı həmsədr Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı həmsədr isə Pyer Andryudur.

    Əslində, Amerika, Fransa və Rusiyanın hər zaman Ermənistanın yanında olmaları əvvəldən də müşahidə edilir. Bu ölkələrdə erməni lobbisinin güclü olduğu və siyasi hadisələrə təsiri də məlumdur. Bu baxımdan hər üç ölkəni təmsil edən həmsədrin mövcud status-kvonun dəyişməməsi üçün əlindən gələni etməsi Azərbaycan elə bir yeni hadisə deyil. Amma həmsədrlərin artıq Ermənistanın müdafiəsinə qalxdıqlarını aşkar formada nümayiş etdirməsi onların fəaliyyəti ilə bağlı konkret bir addımın atılması vaxtının tamama yetdiyini göstərir.

    rublika.az


    Facebook-da paylaş