• “Məsləhətli don gen olar” el məsəlinə biganəliyimiz

    “Məsləhətli don gen olar” el məsəlinə biganəliyimiz

    Rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən, yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilərin qarşılarına qoyduqları məqsədə çata bilmələri əsas qayəsi olan son dərəcə ibrətamiz “Böyük dayaq” filmində “Onun şikayətinə ağıllı başlı qulaq asmaq olmazmı?”, “ "Oha" var dağa mindirər,"oha" var dağdan endirər “ və sair bu kimi xeyli sayda epizodlar var. Roman əsasında çəkilmiş bu film bu günün özündə də aktuallığını saxladığından təkrar-təkrar televiziya kanallarında nümayiş etirilir və xalqımız tərəfindən sevilə-sevilə baxılır.

    Film birdən-birə nədən yadıma düşdü? Ötən həftələrin birində mətbuat səhifələrindən öyrəndim ki, Bakı Dövlət Universiteti (BDU) Elmi Şurası “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”nu nəzərə alaraq BDU rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılmasını qərara alıb və Əsasnaməsini belə qəbul edib.

    Obyektivlik naminə deyim ki, Prezidentin Sərancamı ilə təsdiq olunan “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”nunu qəbul edildikdən sonraki keçən müddət ərzində təhsilimizdə xüsusilə universitetlərimizdə neqativ hallara yol verilməsi faktları tam olmasa da hər halda nəzərə çarpacaq dərəcədə azalıb. Yoxsa, ötən illər Universitetlərdə rüşvət tüğyan edir və s. bu kimi manşetləri görməkdən gözümüz qabar atmışdı. Hər halda valideynnlərdə və tələbələrdə ictimai nəzarət olması barədə müəyyə əminlik və psixoloji də olsa arxayınçılıq yaran mış olub. Bu baxımdan BDU-nun təşəbbüsünü təqdirəlayiq hesab etmək olar.

    Bizim Təhsil Nazirliyimiz isə hələ ki, bu istiqamətdə hansısa bir addım atmağa nədənsə tələsmir. Təhsilimizi onsuz da eksperiment meydanına çevirmişık, bəlkə bunu da bir sınayaq, nə is bir effekti oldu, Bu da, hansısa maliyyə resursları tələb etmir ki, xeyri dəyməsə belə ziyanı da olmayan bir işdir. Nəzarətdən çəkiniriksı, barı heç olmas məsləhət şurası yaradaq. Bir də ki, bu məsələ elə İslahat Proqramımızın da başlıca nəqsədlərindən biri olub. Bəlkə unutmuşuq?

    6.3 Təhsil sahəsində hazırlanan normativ-hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi. 6.4 Təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması. İnanmaq istəməzdim ki, geniş təhsil ictimaiyyəti, təhsil ekspertlərimiz cəmiyyətin hansısa bir üzvü belə müzakirə və debatlara biganə qalsın və qaldırılan məsələyə hər hansı bir münasibət bildirməsin. Nəticə etibarı ilə təhsilimiz bundan yalnız nəsə qazanmaq imkanı əldə edər. Yəni, nə vaxta qədər “xəlvəti” qərarlar, təlimatlar, qaydalar qəbul edib, bir müddətdən sonra bunların üzərində təkrar-təkrar dəyişıkliklər aparmaq zorunda qalmalıyıq?

    Bir vaxtlar mən Təhsil Nazirliyinin o zamankı Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda işləyəndə ayda bir dəfə İbrahim Hacıyev kimi qocaman təhsil mütəxəssisi, Əbdüll Əlizadə, Bəşir Əhmədov, Nurəddin Kazımov kimi psixoloq, pedaqoq professorlar instituta dəvət olunar, onların rəy və təklifləri nəzərə alınmaqla institutun perspektiv tədqiqat işləri planlaşdırılardı. Hazırda təhsilimizdə barmaqla sayılacaq qədər də olsa, hər halda təhsilin problemlərinə və gələcək inkişafına öz dəyərli məsləhətlərini verə biləcək Şahlar Əsgərov, Əjdər Ağayev, İskəndər İskəndərov, Vurğun

    Əyyub, Fərman Abdullayev, Etibar Əliyev, Məlahət Mürşüdlü, Rövşən Ağayev və hətta gənc olan təhsil bilicilərimiz və iqtisadçılarımız var. Onların bilik və təcrübəsindən niyə yararlanmayaq, ayda bir dəfə olmasa belə, iki aydan, üç aydan bir onları bir yerə toplayıb, ümumi məxrəcə gəlməyək?

    Bu günlərdəTələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə son dərəcə ciddi məsələlərdən birinə toxunub: “Sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin, əsasən, seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, digər fənləri isə heç olmasa, proqramın minimum tələbləri səviyyəsində öyrənməməsi, məktəb rəhbərlərinin də bu vəziyyətə göz yumması halları mövcuddur”. Onun sözlərinə görə, məktəb rəhbərləri, eləcə də müəllimlər şagirdlərin bütün fənlər üzrə ən azı minimum proqram həcmində bilik almasına nail olmalı, imtahana düşən fənləri yaxşı bildiklərinə görə digər fənləri lazımınca öyrənməmələrinə güzəşt etməməlidir.

    Mən həmin məsələyə öz feysbuk səhifəmdə münasibət bildirmişəm: “Doğru sözə nə demək olar,ancaq bütün günahlar təkcə məktəb rəhbərlərindədirmi? Bununla belə bir neçə xatırlatmaya da əlavə ehtiyac duyulur. Təhsil haqqında Qanunda təhsil –sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi kimi müəyyənləşdirilib. (1.0.43.) Təhsilin məqsədi də məhz sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etmək, təhsilalanların ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır. O ki, qaldı konkret olaraq ümumtəhsil məktəblərinə “Qanun”nun 3.3 maddəsinə əsasən “ümumtəhsil məktəbinin vəzifəsi təhsil alanların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam, əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını təmin etməkdən ibarətdir.“

    Bəs biz nə etmişik və etməkda hələ də davam edirik? Ali məktəblərə qəbulu ixtisaslara bölüb, mərkəzləşdirilmiş qaydada imtahan keçiririk, məzunun topladığı bala müvafiq olaraq onları arzulamadıqları təhsil müəssisələrinə yerləşdiririk. Abituriyentlərə bir neçə ixtisas və bir neçə ali məktəb seçmək hüququ verməklə, həkim olmaq istəyənı bioloqa , hüguqşünas olmaq istəyəni tarixçiyə, tarixçi olmaq istəyəni kitabxanaçıya çevirib, çarəsiz ”zorən diplomçular” ordusu yaradırıq. 4 ixtisas qrupu azmış kimi, 5-ci ixtisas qrupu yaradıb ixtisasları “qabiliyyətli” və “qabiliyyətsiz”, “nüfuzlu” və “nüfuzsuz” ixtisaslara bölüb, süni rəqabət yaradırıq.

    Hüquqşünas, diplomat, polis, həkim, müəllim, mühəndis, aqronom, baytar və s. bu kimi ixtisaslara tam fərqli keçid balı tətbiq etməklə, gələcək mütəxəssislərimizə qabaqcadan hansı peşənın gəlirli, hansınınsa gəlirsiz olması hisslərini aşılayırıq, bəzi peşələri və peşə sahiblərini yüksəldərək, digərlərini aşağılayırıq. Stımullaşdırma anlayışını çoxdan unudub, bu vacib prinsipə etinasızlıq və biganəlik nümayiş etdirərək peşə və ixtisasları prestijli və prestijsiz kateqoriyalarına bölərək, bir sira peşə və ixtisasların yaxın gələcəkdə tarixə qovuşacağına bu başdan etibarlı zəmanət vermişik.

    Repetitorluğa bəraət qazandırıb, yağışdan sonra göbələk kimi artan kurslara göz yumub, valideynlərə uşaqlarını məktəbdən yayındırıb, kiminin minbir qorxu hesabına haram, kiminin minbir zəhmət hesabına qazandığı halal pullarını əlavə hazırlığa sərf etməklə əslində məktəb mühitinin dağıdılmasına şərait yaradırıq. İlk vaxtlar yalnız buraxılış siniflərində əlavə müəllim tutulurdusa, hazırda ibtidai siniflər üçün də bu hal kütləviləşmək üzrədir. Elə isə məktəb rəhbəri nə etməlidir, valideyn neyləməlidir, övladına biganə qalmalıdır?

    Nə qədər ki, qəbul mövcud qaydalar üzrə aparılacaq, məktəbli də qabaqcadan seçdiyi ixtisasa uyğun həmin fənni oxuyacaq. Əgər qəbul qabaqcadan məlum olan üç fənn üzrə aparılacaqsa, hansı “ağıllı” dördüncü və beşinci fənni oxuyub, özünü əlavə əziyyətə salacaq ? Bir də ki, belə dərsliklərimizlə hansı fənn proqramlarının hansı minimum tələblərini ödəmək mükün olan şeydir? Görün iş nə yerə çatıb ki, gündə, həftədə olmasa da ayda bir dəfə dərsliklərimızlə bağlı nəsə bir eybəcərlık sosial şəbəkənin gündəminə çıxarılır. Diqqət yetirin:

    “İtaliyalı səyyah Ameriqo Vespuççi sübut etdi ki, Kolumbun kəşf etdiyi yeni ərazilər materikdir və ona görə də materikə onun adı verildi – Amerika. Amerikanın kəşfində Azərbaycan elminin də nailiyyətlərindən istifadə olunub. Birincisi – Amerikanın kəşfindən 200 il əvvəl dahi Azərbaycan alimi Nəsirəddin Tusi riyazi hesablamalarla bu materikin mövcudluğunu sübut edib. İkincisi – Kolumbun müəllimi olan Toskanelli Nəsirəddin Tusinin əsərləri ilə tanış idi və ondan çox şey öyrənmişdi. Sözsüz ki, Toskanelli öz şagirdi olan Kolumba Tusidən öyrəndiyi bilikləri öyrədib. Beləliklə, Amerikanın kəşfində Azərbaycan elmi böyük rol oynayıb”.

    Ibtidai icma cəmiyyətinə dair tarixi xronologiyamızda isə yazırıq: “Azərbaycanda atın əhilləşdirilməsi-B.e.ə V minilliyin axırlarında“ və s. və i.a. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Ancaq bu kimi “faktlarla” özümüzə və ya bəlkə də başqa kimlərəsə nə demək istədiyimizi şəxsən mən başa düşmürəm və ola da bilsin ki, kimsə nəsə başa düşür. Onda mənim məntiqimi üzürlü hesab edin.

    O ki, qaldı qaldırılan məsələdə məktəb rəhbərlərinin məsuliyyətinə, şübhəsiz ki, bunu inkar etmək ədalətsizlik olardı .Danılmaz faktdır ki, bir çox məktəb rəhbərləri valideynlərlə əgər belə demək olarsa “iş birliyinə” girərək, şagirdlərin repetitor yanına getməsinə, əlavə hazırlıq məqsədilə digər kurslara, təlimlərə cəlb olunmasına münbit şərait yaradırlar ki, bunun da nəticəsində, məktəbdən yayınmaqla yalnız ixtisas fənnlərinə hazırlaşan şagird, digər fənlər üzrə hazırlaşmaqdan, başqa sözlə sistemləşdirilmiş bilik almaqdan məhrum olur. Bu kimi hallara qarşı nəzarət və ciddı cəza tədbirləri isə demək olar ki, yox dərəcəsindədir”.

    Əlbəttə fikirlərim heç də bir mənalı qəbul edilməyib və bu da başa düşüləndir. Bəyənənlər də olub, bəzi məqamlarla razılaşmayanlar da, alternativ fikir söyləyənlər də. Sözümün canı odur ki, nə qədər ki, Nazirliyin nəzdində belə bir ictimai qurum yaradılmayacaq, ayrı-ayr fikirlər parçalanaraq ümumu məxrəcə gəlmək mümkün olmayacaq.

    Belə bir Şuranın yaradılıb, yaradılmayacağından asılı olmayaraq, hesab edirəm ki, TQDK sədri Məleykə Abaszadənin irəli sürdüyü fikir ciddiyə alınmalı, bu istiqamətdə konkret və əməli tədbirlər həyata keçirilməlidir. Bizim məqsədimiz təkcə ayrı-ayrı ixtisaslar üzrə ali məktəbə tələbə hazırlamaq deyil, hərtərəfli bilik, bacarıq və vərdişlərə yiyələnmiş, ölkəsinə istənilən sahədə xidmət edə biləçək vətənə layiqli vətəndaş yetişdirməkdir. Hətta hazırda qüvvədə olan Kurikulum sənədinin dili ilə desək şəxsiyyətyönümlü vətəndaş.

    Hesab edirəm ki, bu və bu kimi vəzifələri yerinə yetirilməsi təhsil müəssisələrimizdə, xüsusilə də bilavasitə təhsilimizin ali qurumu olan Təhsil Nazirliyində məsləhət şuralarının yaradılmasından və bunun hansı səviyyədə fəaliyyət göstərməsindən xeyli dərəcədə asılıdır. Axı, xalqımızın “Məsləhətli don gen olar” el məsəli birdən birə, el dili ilə desək lapdan-şapdan yaranmayıb, illərin, qərinələrin sınağından keçib.

    Nadir İsrafilov,
    Təhsil eksperti


    Facebook-da paylaş