• Neftin qiymətində “müəmmalı parıltı”

    Neftin qiymətində “müəmmalı parıltı”

    Beynəlxalq Energetika Agentliyi (BEA) neftin qiymətində son 20 gündə müşahidə edilən bahalaşmanı “yalan parıltı” kimi dəyərləndirib.

    BEA fevral hesabatında öz fikrini dünya anbarlarında neft ehtiyatlarının artması ilə izah edib. Hesabata görə, bazarda yığılıb qalan neftin həcmi proqnozlardan çox olub: “Bazar artıq neftlə doldurulub və qısa müddətdə neftin qiymətinin yetərincə arta biləcəyinə inanmaq çətindir”.

    Yanvarın 20-də neftin qiyməti son 12 il üzrə minimuma enərək barrel üzrə 28 dollardan aşağı düşmüşdü. Amma sonradan neft bahalaşmağa başlamışdı və artıq yanvarın 29-da barrel üzrə 35 dolları keçmişdi. Neftin barrelinin qiyməti artıq 10 gündən çoxdur ki, 32 dollardan yüxarı səviyyədə davam edir. Bu günə - 10 fevral 2016-cı il tarixinə Brent markalı neftin barrelinin qiyməti 31,05 dollara bərabərdir.

    BEA bazarda qiymətlərin düşməsinin əsas günahını OPEK-lə karteldən kənar neft istehsalçılarının hasilatın səviyyəsi barədə anlaşa bilməməsində görür: “Bu barədə daima söz-söhbət gəzir və bu, elə söz-söhbət olaraq qalır”.(ANS)

    Yanvar ayında OPEK-in ümumi hasilatı 280 min barrel artaraq sutka üzrə 32,6 mln barrelə çatıb. Bu, bir il öncəki göstəricidən 1,7 mln barrel çoxdur. Neft hasilatını artıranlar sırasında İraq və Səudiyyə Ərəbistanı öndə gedir.

    OPEK-ə daxil olmayan ölkələr isə tam əksinə neft hasilatını keçən ilki səviyyə ilə müqayisədə sutka üzrə 500 min barrel azaldıblar. BEA-nın qiymətləndirməsinə görə, kartelə daxil olmayan ölkələrin neft hasilatı 2016-cı ildə 600 min barrel azalaraq sutka üzrə 57,1 mln barrelə bərabər olacaq.

    BEA-nın fikrincə, OPEK hasilatı bu səviyyədə saxlayarsa, birinci rübdə neft bazarında təklif tələbi sutka üzrə 2 mln barrel, ikinci rübdə isə 1,5 mln barrel üstələyəcək. Tələbatın artımı 2016-cı il üzrə 1,2 milyon barrel/gün olacaq ki, bu, keçən ilki artım göstəricisindən xeyl aşağı olacaq. Hesabatda bildirilir ki, bu, Çin, ABŞ və Avropanın iqtisadi artım göstəricisində müşahidə olunan yavaşıma ilə əlaqəlidir. Həmçinin neftin qiymətinə dolların bahalaşması da təsir göstərəcək. Bu, dünya bazarında neftin qiymətini ucuzlaşdıraraq qərb ekspertlərinin ehtimal etdiyi barrel üzrə 20-25 dollara qədər endirə bilər.

    Analitiklər neftin qiymətinin həm istehsalçı ölkələr, həm də istehlakçılar üçün əlverişli olan səviyyəyə qalxması üçün tez bir zamanda OPEK ölkələri ilə bu quruma daxil olmayan ölkələrin arasında anlaşma əldə edilməsini vaсib sayırlar. Rusiyanın energetika naziri Aleksandr Novak da OPEK ölkələri ilə danışıqlar apararaq neft hasilatına müəyyən limit qoya biləcəklərinə ümid etdiyini bildirib.
    2015-ci ildə müstəqillik tarixinin ən yüksək hasilat göstəricisinə - gün ərzində 10,726 milyon barrel neft istehsalına nail olmuş Rusiyanın İran və Səudiyyə Ərəbistanı kimi ölkələrlə danışıqlarının bazara ciddi təsiri ola bilər, Macarıstanın “MOL Group” şirkətinin satınalmalar üzrə mütəxəssisi Viktor Katonanın fikrincə, tərəflər ümumi dil tapsalar neftin qiymətini hətta barrel üzrə 100 dollara da qaytarmaq olar.

    İran isə neftin qiymətini qaldırmaq üçün dollardan imtinaya qərar verib. İslam Respublikası bu qərarın sırf siyasi qərar olduğunu bildirib. Lakin indiyə kimi dollardan imtina etmiş ölkələrin təcrübəsi göstərir ki, Tehranın bu addımı heç də səbatlı olmayacaq. Bu ideya ilk dəfə 1990-cı illərdə Müəmmar Kaddafi və 1990-cı illərdə Səddam Hüseyn tərəfindən səsləndirilmişdi.

    İranın bundan əvvəlki prezidenti Mahmud Əhmədinejad da 2007-ci ildə OPEK-də çıxış edərək neft görə aldıqları dolların kağız yığını olduğunu isbat etməyə çalışmışdı. Amma darhal bunun ardınca Tehran tam tərsinə addım atmışdı, öz ehtiyatlarından 45 milyard dolları avroya dəyişmişdi, ehtiyatlarında avronun payını 50 faizdən 25 faizə salmışdı.

    Buna görə müstəqil neft treyderi «Vitol»un başçısı İen Teylo düşünür ki, yaxın illərdə neftin barrelinin qiyməti 40-60 dollar arasında dəyişəcək. O da neftin qiymətinə Çin iqtisadiyyatında baş verən geriləmənin təsir edəcəyini bildirir.

    İstənilən halda, Azərbaycan maliyyə problemindən qaçmaq üçün istənilən pessimist ssenariyə hazır olmağı qərara alıb. Maliyyə Nazirliyi tərəfindən hazırlanmış təkliflərə görə, büdcədə neftin qiymətinin 25 dollar götürülməsi nəzərdə tutulur. Amma bu büdcə xərclərinə mənfi təsir etməyəcək, əksinə 18,3 milyard manat çatdırılması təklif edilir.

    rublika.az


    Facebook-da paylaş