• Gəncədə yoxa çıxan milyonlar

    Gəncədə yoxa çıxan milyonlar

    Ötən gecə Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinin Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən yolun təmiri üçün 12 milyon manat vəsait ayrılıb.

    Bu sərəncam "İmamzadə” kompleksində bərpa işlərinin aparılması üçün ayrılan milyonlarla manat vəsaitlə bağlı Qaynar.info-nun aylar öncə dərc etdiyi araşdırmanı yeni aktuallaşdırır.

    Bu məqsədlə həmin yazıda səslənən faktları yenidən gündəmə gətirməyi lazım bildik.

    Azərbaycan Respublikası Prezidentinin ehtiyyat fondundan, Dövlət büdcəsindən və bu kimi maliyyə mənbələrindən müxtəlif istiqamətlər üçün ayrılan maliyyə vəsaitlərinin də xərclənmə statusu ilə bağlı araşdırmalarımız davam edir.

    Araşdırmamızın növbəti mövzusu Gəncə şəhərinə müxtəlif məqsədlərlə prezidentin sərəncamı ayrılan maliyyə vəsaitlərinin xərclənməsi ilə bağlıdır.

    Qeyd edək ki, "İmamzadə” kompleksində bərpa işlərinin aparılması üçün 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2 sərəncamla 9 milyon, 2014-cü ildə digər 2 sərəncamla 8 milyon, 2013-cü ildə yenidən prezidentin imzaladığı sərəncamla 4 milyon, 2012-ci ildə imzalan sərəncamla 2 milyon manat üçün ayrılıb.

    Bundan başqa, 2010-ci ildə yenidən məhz prezidentin sərəncamı ilə "İmamzadə” kompleksinin təmiri məqsədi ilə 3 milyon manat ayrılmışdı. Ümumilikdə bu məqsədlə ayrılan məbləğ 26 milyon manat edir.

    Bəs, görəsən, bu məbləğ qeyd olunan istiqamətlər üzrə xərclənibmi?

    Araşdırmamız nəticəsində məlum olub ki, 2010-cu ildə bu tərəfə birbaşa "İmamzadə” kompleksinin təmiri ilə bağlı cəmi 2 tender müqaviləsi bağlanıb. Bunların ümumi dəyəri isə milyon manat təşkil edir. Tenderlərin hər ikisi 2010-cu ildə, Elmar Vəliyev hələ icra başçısı olmamışdan əvvəl Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə "Gəncə Körpü Tikinti-2" ASC adlı şirkəti arasında bağlanıb. Bundan sonrakı illərdə isə Gəncə Şəhər İcra Hakimiyyəti və tabeliyində olan dövlət qurumlarıının heç biri məhz "İmamzadə” komleksinin təmir işləri ilə bağlı tender müqaviləsi bağlanmayıb.(qaynar.info)Araşdırmamız nəticəsində o da məlum olub ki, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə ilə "Gəncə Körpü Tikinti-2" ASC arasında 2011-ci ildə 5 milyon, 2012-ci ildə 2 milyon, 2013-cü ildə 3 milyon, 2014-cü ildə isə 5 milyon manat məbləğində, 2015-ci ildə isə həmin qurumla TAC – 2014 MMC arasında 1.47 milyon manat dəyərində, 16.47 milyon manat dəyərində ümumi formada "Abadlıq işlərinin satın alınması” adı altında müqavilə imzalanıb. Ancaq bu müqavilələrin birbaşa məqsədi qeyd olunmadığı üçün onların məhz ölkə başçısının sərəncamında qeyd olunan "İmamzadə” kompleksinin abadlaşdırılması məqsədi ilə xərcləndiyi məlum deyil.

    Bütün hallarda isə bağlanan ümumi müqavilələrin dəyəri 21 milyon manat təşkil edir. 4.5 milyon manatın taleyi isə müəmmalı olaraq qalır. Hər halda ayrılan bu pullar keçmiş Satınalamalar üzrə Dövlət Agentliyinin tender siyahısından kənar xərclənib.

    GƏNCƏDƏ DAHA BİR MÜƏMMA

    Gəncə Bakıdan sonra ölkənin ikinci ən böyük şəhəri olduğu üçün, dövlət büdcəsindən ayrılan pulların əhəmiyyətli hissəsi də məhz bura yönəlir. Amma ayrılan vəsaitlərin məbləği nə qədər çoxalırsa yaranan suallar və yoxa çıxan milyonlar da bir o qədər çox olur.

    Bir neçə gün əvvəl bu mövzuda yazdığımız növbəti araşdırmamızla bağlı isə yeni faktlar əldə etmişik.

    Araşdırmamız nəticəsində məlum olmuşdu ki, Gəncədə 3 dövlət qurumu təkcə 2015-ci il ərzində ərzaq məhsullarının alınmasına 2 milyon manatdan artıq vəsait xərcləyib.

    Bir müddət əvvəl ləğv edilən Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytının keçirilmiş müsabiqələrin reyestri bölməsində aparılan araşdırma nəticəsində məlum olub ki, ötən il təkcə Gəncə şəhər İcra Hakimiyyəti ərzaq məhsullarının satın alınması üçün 1 milyon 37 min manat 684 manat xərcləyib.

    Daha iki qurumun bu məqsədlə xərclədiyi vəsaitin ümumi dəyəri də 1 milyon manatdan artıqdır. Belə ki, Təhsil Nazirliyi Gəncə Şəhər Təhsil İdarəsi ərzaq məhsullarının satın alınmasına 604 min 349 manat, Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi isə bundan bir qədər az - 467 min 762 manat xərcləyib.

    Maraqlıdır ki, hər üç satınalmanı GF MMC adlı şirkət həyata keçirib. Amma internet üzərindən aparılan araşdırmalara baxmayaraq bu şirkət barədə ötəri məlumat belə əldə etmək mümkün olmayıb.

    Bu, Azərbaycanın satınalmalar təcrübəsində tez-tez rastlanan haldır. Kifayət qədər bu cür şirkət göztərmək mümkündür ki, onlar dəyəri milyonlarla manatla ölçülən tenderlərdə iştirak edir və qalib gəlirlər, amma həmin şirkətlərin haqqında hər hansı elektron bilgi əldə etmək qeyri-mümkündür.

    Nəzərə alsaq ki, müasir dövrdə bu cür yüksək məbləğli işləri həyata keçirən hər hansı şirkətin internet ünvanının olmaması onun onun ətrafında suallar yaradır, şübhələrə yol açır, qeyri-ciddi obraz yaradır, o zaman istər GF MMC, istərsə də bu kimi milyonluq satınalmaların qaliblərinin ən azı elektron resurslarının mövcud olmamasına məntiqi izah vermək çətindir.

    Ekspertlərin bir çoxu isə bu kimi halları qeyri-şəffaflıq faktı kimi qiymətləndirir, keçirilən tenderlərin ədalətliliyini şübhə altına alır və korrupsiya ehtimalının yüksək olmasına işarə kimi dəyərləndirirlər.

    GF MMC, ya CF MMC?

    Sonrakı araşdırmalarımız nəticəsində əslində şirkətinin adının "GF MMC" yox, "CF MMC" olduğu aydınlaşdı. Amma bununla belə, araşdırmalarımız nəticəsində bu şirkət haqqında da müəmmalar qalmqada davam etdi. Vergilər Nazirliyinin məlumat bazasında belə bir şirkətin qeydiyyatdan keçməsi haqqında informasiya mövcud deyil. Bu isə o deməkdir ki, ya belə bir şirkət doğrudan da mövcud deyil, ya da şirkətin adı hansısa formada sənədlərdə dəyişdirilib, ya da qısaldılıb.

    Ölkənin ikinci böyük şəhərində yoxa çıxan milyonlar silsiləsindən isə araşdırmalarımız davam edir. Bizi izləyin.

    rublika.az


    Facebook-da paylaş