• Milyonların su kimi axdığı, kef məclislərinə çevrilmiş dövlət qurumu – AZƏRSU

    Milyonların su kimi axdığı, kef məclislərinə çevrilmiş dövlət qurumu – AZƏRSU

    Ölkədə ən çox yeyinti olan qurumlardan birinin “Azərsu” ASC-i olduğu hər kəsə bəllidir. Dəfələrlə bu idarədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində ciddi yeyintilər, qanunun pozuntuları, külli miqdarda rüşvət, dövlətin ayırdığı pulların silinməsi faktları aşkar edilib.
    Heç kimə də sirr deyil ki, bu qurum “qohum-əqraba obyektinə” çevrilib. Bu haqda mediada xeyli araşdırmalar aparılıb, məlumatlar verilib. Mövzu ilə bağlı araşdırmanı olduğu kimi diqqətinizə çatdırırıq. Baş verənlərin təfərrüatına keçməzdən öncə bildirək ki, “Azərsu” Qorxmaz Hüseynovun yaxın ətrafının talan obyektinə çevrilib və aparılan maxinasiya sistemində əsasən 4 şəxsin adı çəkilir.(cia.az) Onlardan biri, Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəlidir. Digəri qardaşı Məhəmməd, üçüncüsü qaynı Namiqdir, dördüncü isə Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədovdur.
    Yusifəlinin boru və qum biznesi
    Qeyd edək ki, «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı yeni «qayda»lar tətbiq edib. Həmin «qaydalara» əsasən borular çəkildikdən sonra onun üzəri mütləq dəniz kənarındakı ağ qumdan örtülməlidir. Və məsələ belə əsaslandırılır ki, həmin qum növü guya, boruların əyilməsinə və çürüməsinə imkan vermir.
    Əslində isə durum tamam fərqlidir. Bu məsələnin gündəmə gəlməsinə səbəb həmin biznesini bacıoğluya verilməsidir. Belə ki, 2011-ci ildən etibarən Yusifəli dayısının sayəsində ağ qumu özünün biznesinə çevirib. Məsələn, Hacıqabul rayonun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, başqa bir rayondan daşıdığını yazdırır.
    Burada qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilib. Sənəd üzərində guya, gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir.
    Amma Yusifəlinin qazanc yeri təkcə qum deyil. Həmçinin rayonlarda kanalizasiya və su xətlərinin çəkilməsində istifadə olunan boruların da onun gəlirinə təsiri var. Məlumatlara görə, ASC prezidentinin bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul qoyaraq, onu öz məhsulu kimi satır. Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu aşkarlanar.
    Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətləri Q.Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə ediblər.
    Dövlət müəssisəsini talayan növbəti qohum «Azərsu» prezidenti Qorxmaz Hüseynovun layihələrdən pay verdiyi şəxslərdən biri də qaynıdır. «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri olan Namiq Cəbrayılov sözün həqiqi mənasında Yusifəli və Məhəmməddən də daha çox paya sahibdir. Onun şirkətin əksər işlərini həyata keçirdiyi və bir çox hallarda normal şəkildə işləri görmədiyi üçün problemlər yaratdığı «Azərsu»da kimsəyə sirr olmayan məsələdir. Namiq Cəbrayılovun «udduğu» tenderlərin ən ucuzu 1 milyon dollarlıqdır. Qalanları isə artan rəqəmlər üzrə inkişaf edir. Onun kürəkəninin yanına gedərək, asanlıqla söz deməsi də çətin məsələ sayılmır. Elə buna görədir ki, «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri «Azərsu» prezidentindən asanlıqla böyük məbləğli layihələri ala bilir. Namiq Hüseynovun yeyinti ilə bərabər adının çəkildiyi ikinci məsələ qadınlara olan marağı və onlara xərclədiyi pullardır. Dəfələrlə qadın mövzusuna görə gündəmə gələn N.Hüseynovun, bu məsələni zəif nöqtəsi də adlandırmaq olar.

    Nə baş verir?

    Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı bir sıra həbslər həyata keçirilib. Aşkar olunan mənimsəmə halına görə məsuliyyət daşımalı olan şəxslərdən birinin də ASC sədri Qorxmaz Hüseynovun xalası oğlu Şakirin olduğu müəyyən edilib. Lakin ASC-də məsul vəzifə daşıyan həmin şəxsin istintaqa cəlb olunmasının qarşısı alınıb. Babək Həsənovun “əməyindən” bəhrələnən ASC rəsmilərinin siyahısı heç də yuxarıda adları keçən şəxslərlə məhdudlaşmır. Qeyd olunur ki, Babək Həsənovun “səmərəli” fəaliyyəti ASC sədrinin birinci müavini Teyyub Cabbarovun da 650 min manat dəyərində villaya sahib olmasına şərait yaratmışdır. Aşkarlanmış mənimsəmə faktlarına əsasən prokurorluq tərəfindən istintaqa cəlb olunan şəxslərdən biri də ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov olub. Lakin Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun işə müdaxiləsindən sonra Mahir Məmmədov sərbəst buraxılıb.

    Mənimsənən milyonlar

    Babək Həsənov təkcə departament rəisi kimi «Azərsu»da müəyyən üstünlüyə sahib deyildi. O, Qorxmaz Hüseynovun 1-ci müavini Teyyub Cabbarovun qardaşının kürəkəni kimi ASC-də qeyri-rəsmi status qazandığından bir sıra iri maliyyə
    mənimsəmələrinin başında duran əsas şəxslərdən olub. Halbuki onun təmsil olunduğu Hüquq Departamentinin tabeliyində cəmi iki şöbə olub. Bu şöbələr isə «Texniki şərt» sənədlər toplusunu hazırlamaqda hökmlü olmayıb. Ancaq qeyri-rəsmi status Babək Həsənova xüsusi üstünlük tanıyıb. Həbsinə qədər bütün yaşayış və qeyri-yaşayış obyektlərinin su və kanalzasiya sisteminə qoşulmağa rəsmi razılıq sənədi sayılan “Texniki şərt”i də, məhz, onun müəyyən etdiyi məbləğ hesabına hazırlanıb. Bu isə bəzi obyektlər üzrə bəzən 150 min manatı aşıb.
    Bir sıra yaşayış binalarına texniki şərt deyilən sənəd verilsə də, oradan alınan pullar ASC-nın rəsmi hesabına ödənilməyib.

    “Azərsu” ASC-də Etibar Məmmədov qruplaşması

    Mənbəmizin sözlərinə görə ASC-yə rəhbərlik uğrunda mübarizə aparan qruplaşmaların sayı üçdür. Amma hazırda ən real şansa malik qrup MM sədri Oqtay Əsədova bağlı şəxslərdir. Xatırladaq ki, spiker uzun illər Azərsunun sədri olub və bu dövrdə ətrafına topladığı komanda hələ də qurumda çalışır. Həmin komandanın liderinin Etibar Məmmədovun olduğu bildirilir. Q.Hüseynov və E.Məmmədov yaxın dostluq münasibətləri ilə seçilirlər. Belə ki, bu iki vəzifə sahibi İstanbulun “zənginlər məhəlləsi” kimi tanınan ərazisində (Floriya səmtində) də qonşudurlar. Bundan başqa isə bu gün Azərbaycanın bir çox rayonunda Qorxmaz Hüseynova məxsus 2 hektar torpaq sahəsi var ki, bu ərazilər həmin rayonda “Azərsu” ASC tərəfindən hər hansı bir irimiqyaslı (dövlət sifarişli) layihənin həyata keçirilməsi zamanı Etibar Məmmədovun təşəbbüsü ilə yerli su-kanal idarə rəhbərliyi tərəfindən ASC sədrinə hədiyyə olunur. Bakının Saray qəsəbəsində, Xətai rayonunda və digər ərazilərində inşa olunaraq ASC sədrinə təqdim edilmiş villaları var.
    Məlumat üçün bildirək ki, Q.Hüseynov ASC-nin rəhbəri təyin olunduqdan sonra (14 fevral, 2011-ci il) müəssisəyə dövlət sərmayələri kəskin çoxalıb. 2011-ci ildə ASC-yə 198 milyon manat investisiya yatırılmışdırsa, 2012-ci ildə bu məbləğ 2 dəfədən çox artaraq 580 milyona, 2013-cü ildə isə 734 milyon manata çatıb. Son 2 ildə ASC-yə 1 milyard 314 milyon manat yatırım qoyulub. ASC-yə sərmayələrin kəskin artması Q.Hüseynov prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun kadrı olması ilə bağlıdır. Buna qədər isə “Azərsu” ASC-yə spiker Oqtay Əsədovun yaxın adamı olan Nizaməddin Rzayev rəhbərlik edirdi.
    Bununla belə, “Azərsu”ya ayrılan pullar artdıqca şübhəli maliyyə və tender əməliyyatlarının da sayı artır. Nazirlər Kabinetinin 22 avqust, 2011-ci il tarixli sərəncamı ilə “Azərsu”ya icazə verilib ki, “müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlasın.
    “Satınalmalar haqqında” qanunda yazılıb ki, 50 min manatdan yuxarı bütün işlər üçün tender elan olunmalıdır, tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır. “Azərsu”nun seçdiyi podratçıların az qala hamısı 2011-ci ildə, ASC-yə yeni rəhbər təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər. Şirkətlər Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsusdur. Məsələn, “Azərsu”nun seçdiyi şirkətlərdən biri “Sənaye Tikinti-M” MMC-dir. MMC-nin təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov Qorxmaz Cavanşir oğlu Hüseynovun qardaşıdır. Bu MMC “Azərsu” üçün 1,5 milyon manata Korgöz qəsəbəsinə su xətti çəkib. “Hidro-İnşaat Servis” MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub.
    Növbəti “qəhrəman” “Qohum-əqraba obyekti”-nin əsas fiqurlarından biri Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədovdur. A.Məmmədovun milyonlar yeməsi ilə yanaşı, idarəni “hərəmxana”ya çevirməsi heç kimə sirr deyil. Bu da hər kəsə məlumdur ki, “Azərsu” ASC-nin əsas işi dövlətin idarəsini soyub soğana çevirmək və hərəmxana açıb eyş-işrətlə məşğul olmaqdır. Haqqındakı iddialarla adı keçən şəxslərin bir neçəsinə zəng etsək də, telefona cavab verən olmadı. İçlərindən bir nəfər-Akif Məmmədov bizə cavab verdi. Haqqındakı iddialara bu cür açıqlama verdi: “Nə ediriksə yaxşı edirik. Gedin nə istəyirsiniz yazın. Özümüz bilərik. İstədiyimizi etməkdə sərbəstik”. Etik olmadığı üçün bizimlə danışıqda səsləndirdiyi təhqirləri yazmağı doğru bilmirik.
    Məlumat üçün bildirək ki, prezident İlham Əliyevin məmurlara qohum yasağı var. Q. Hüseynova xatırlatmaq üçün qısa şəkildə yazırıq: “Sədr, sədrin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi qulluqçular ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda cəzalandırılacaqlar”. Prezidentin bu fərmanı Q.Hüseynov daxil-hər kəs üçün keçərlidir. “Azərsu”ASC dövlətin idarəsidir, hər hansısa kafe restoran və ya biznes şəbəkəsi deyil.
    Növbəti araşdırmamızda Q.Hüseynovun, qaynı, bacısıoğlu, Akif Məmmədovun saxladıqları hərəmxanalardan, oradakı qadınlardan bəhs edəcəyik.

    rublika.az


    Facebook-da paylaş