• Komitə sədrinin adı 170 minlik RÜŞVƏT qalmaqalında

    Komitə sədrinin adı 170 minlik RÜŞVƏT qalmaqalında

    Dələduzluqda adı keçən aparat rəhbəri İstanbula qaçıb; Şəmkirin icra başçısı müavinin də AQUPDK xətti ilə təyinatı iddiası ortaya çıxdı

    Şəmkirin icra başçısı müavininin də AQUPDK xətti ilə təyinatı iddiası ortaya çıxdı


    Vəkil Adəm Məmmədov adını açıqlamaq istəmədiyi müvəkkilinin Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovaya işə düzəlmək məqsədilə 170 min dollar verdiyini iddia edir. Vəkil deyir ki, müvəkkili Hicran Hüseynovanın yerlisidir: “Hər iki şəxs Qubadlı rayonundandır.

    Rayonlarında tanınan şəxsdir. Əlimizdə Hicran Hüseynovaya, aparat rəhbəri Səfər İmanova qarşı ittiham irəli sürmək üçün ciddi sübutlar var. Sübutları istintaqa da təqdim etmişik. Məlumatları açıqlasaq, bu, istintaqın gedişinə maneçilik törədər. İş hazırda prokurorluqda araşdırılır”.

    Vəkil bildirib ki, pul illər öncə ödənilib, lakin hər dəfə müvəkkilinə verilən söz vəd olaraq qalıb. Odur ki, istintaqa müraciət etmək zorunda qalıblar: “Məsələ 2012-ci ildən bəri davam edir. Müvəkkilim dəfələrlə pulu geri almaq üçün Hicran Hüseynova və Səfər İmanovla görüşüb. Axırıncı dəfə yanvarın 31-nə pulu qaytaracaqlarına söz verdilər. O tarixdən etibarən də Səfər İmanov ölkədən qaçdı. Əslində müvəkkilim adi bir iş üçün Hicran Hüseynovaya müraciət edib. Amma Hicran Hüseynova özü ona icra başçının müavini olmaqla bağlı təklif irəli sürüb. Baxıblar ki, adamın imkanı var, ona görə bu işi təklif ediblər. Bu məsələdən sonra isə müvəkkilim müflis vəziyyətə düşüb”.(musavat)
    Redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, AQUPDK ilə bağlı qalmaqal bir yox, bir neçə nəfəri əhatə edir. Komitə xətti ilə əvvəllər də başçı müavini təyinatları baş tutub. Belə təyinatlardan biri də Şəmkirin İcra Hakimiyyətində gerçəkləşib.

    Qaynağımız iddia edib ki, Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun müavini Məleykə Əlizadə də komitə xətti ilə bu vəzifəyə gətirilib: “Belə ki, Sədaqət Qəhrəmanova ilə yaxın rəfiqə olan Məleykə Əlizadə vəzifəyə təyin olunmazdan əvvəl komitənin xətti ilə bir çox layihələrin Heydər Əliyev Mərkəzində keçirilməsinə nail olub. Əvvəllər universitetdə dərs dediyi müddətdə tələbələri get-gələ salan müəllim kimi ad çıxarıb. İndi də Şəmkirdə vətəndaşlarla tələbələrlə davrandığı kimi davranır”.

    AQUPDK mətbuat xidmətinin rəhbəri Elgün Səfərovla əlaqə saxlayıb iddialara münasibət öyrəndik.

    Xidmət rəhbəri dedi ki, məsələnin araşdırılması üçün Baş Prokurorluğa müraciət ünvanlayıblar: “Komitənin veb-saytında rəsmi münasibət yayınlanıb. Məsələ ilə bağlı dövlət qurumuna vətəndaşlar deyil, komitə müraciət edib. Vətəndaşlar bizə müraciət edib, biz də həmin müraciətləri müvafiq quruma göndərmişik. Hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən cavab gözləyirik. Bizdə Səfər İmanovun bu işdə iştirakını təsdiq və ya təkzib edən konkret sübut yoxdur. Ona görə də cavab gözləyirik ki, daha dəqiq açıqlama verək”.

    Xidmət rəhbəri “siz vəkilin dediyi kimi 170 min manat pulun Hicran xanımın kabinetində Səfər İmanova verildiyi ilə bağlı nə deyə bilərsiz” sualına “bizdə bu haqda fakt yoxdur. Biz bunu necə təsdiq və ya təkzib edə bilərik?” deyə, cavablandırıb.

    Xidmət rəhbəri H.Hüseynovanın məsələ ilə bağlı dindirilib-dindirilməməsi ilə bağlı suala belə cavab verdi: “Hazırda ərizənin böhtan olub-olmaması məsələsi araşdırılır. Hicran xanım bu məsələ ilə bağlı dindirilməyib. Komitədən başqa bu məsələnin araşdırılması ilə bağlı müraciət edən olmayıb. Biz maraqlıyıq ki, bu məsələ araşdırılsın”.

    Xidmət rəhbəri Şəmkir İcra Hakimiyyətinin başçı müavini ilə bağlı iddialara belə cavab verib: “Bu haqda bizdə hər hansı bir məlumat yoxdur”.

    Günün sonunda vəkil Adəm Məmmədov APA-ya açıqlamasında bildirib ki, araşdırmalar nəticəsində məlum olub ki, S.İmanov bu il yanvarın 31-də Bakı-İstanbul reysi ilə ölkəni tərk edib. Ölkədən qaçmazdan əvvəl isə Azərbaycanda olan bütün mülklərini satıb.

    RUBLİKA.AZ


    Facebook-da paylaş