• İkinci devalvasiyanın 2 ayı - iqtidar təhlükədən qurtuldumu...

     İkinci devalvasiyanın 2 ayı - iqtidar təhlükədən qurtuldumu...

    Hakimiyyəti gözləyəcək təhlükə görünmür; qarşıdakı zamanla bağlı proqnozlar ürəkaçan deyil

    Azərbaycanda iqtisadi böhranın başlanmasından iki ay ötür. Bu müddət ərzində ölkə iqtidarının ciddi problemlərlə üzləşəcəyi barədə ictimaiyyət arasında fikirlər dolaşırdı. Amma görünən odur ki, hazırda hakimiyyəti gözləyəcək bir təhlükə müşahidə olunmur.

    Nə xalq etiraz edir, nə də ölkə müxalifəti etiraz edəcək durumda görünür. Hər kəs gözləmə mövqeyindədir. Doğrudur, qarşıdakı zamanla bağlı proqnozlar elə də ürəkaçan deyil. Ekspertlər Novruz bayramı ərəfəsində üçüncü devalvasiyanın olacağını proqnozlaşdırırlar. Amma buna inananlar çoxluq təşkil etmirlər. Əksəriyyət hakimiyyətin iqtisadi böhranın qarşısını bu vəziyyətdə aldığına, eləcə də, yeni devalvasiyaya imkan verməyəcəyinə inanır. Çünki iqtisadi böhran artarsa, üçüncü devalvasiya baş verərsə, iqtidarın özünə ciddi təhlükə yarana bilər.

    Ümid Partiyasının sədri İqbal Ağazadə isə fərqli düşünür. O, hesab edir ki, hakimiyyəti gözləyən təhlükələr hələ davam edir: “Mahiyyət etibarlı ilə heç bir problem həll olunmayıb. Artırılan maaşlar devalvasiyaya adekvat deyil. Əhali küçələrə çıxmırsa, yaxud müxalifət xaos, qarşıdurmanın tərəfdarı deyilsə, bu o demək deyil ki, hakimiyyət problemləri həll edib. Əslində müxalifət və xalqın dövlət, dövlətçiliyə münasibəti fərqlidir. İqtidar problemləri həll etməyib. Ardıcıl şəkildə problemləri həll etməklə məşğul olmalıdır. Hələ ki insanlar gözləmə mövqeyindədir. Dəyişikliklərin olacağını və effekt verəcəyini gözləyirlər. Amma bununla iqtidarın problemləri həll etdiyini düşünmək doğru deyil”.(musavat)
    İqtidaryönlü deputat Fəzail Ağamalı bildirdi ki, dünyada cərəyan edən maliyyə böhranı bütün ölkələrə olduğu kimi, Azərbaycana da təsiri qaçılmaz idi: “Dünyada cərəyan edən iqtisadi böhranın ölkəmizə də təsir edəcəyini görən İlham Əliyev dərhal qabaqlayıcı tədbirlər gördü. Manatın ikinci dəfə devalvasiyaya uğramasından sonra ölkə başçısı tərəfindən bir sıra ciddi toplantılar keçirildi. Daha konkret məqamlar üzərində dayanıldı. Nazirlərin və rayon icra başçılarının birgə toplantıları keçirildi. Konkret hədəflər müəyyənləşdirildi. Manatın dəyərini yüksəltmək üçün ciddi addımlar atıldı. Bu gün biz görülən işlərin nəticələrini görməkdəyik. Manat artıq möhkəmləndiyini ifadə etməkdədir. Ümid edirəm ki, bu sona qədər davam edəcək. Sahibkarlığın inkişafı üçün ciddi addımlar atıldı. Vergi və gömrük sistemində sahibkarlığın inkişafı üçün radikal islahatlar keçirildi. Hazırda bu islahatlar davam edir.

    Tikinti sektorunun ölkəmizdə inkişafına da nəfəs verildi. Ölkə başçısının tapşırığı əsasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov tikinti sektorunun rəhbərləri ilə görüşündə cənab prezidentin tapşırıqlarını onların diqqətinə çatdırdı. Bildirdi ki, tikinti sektorunun inkişafına şərait yaradılacaq, bürokratik əngəllər aradan qaldırılacaq. Düşünürəm ki, tikinti sektoruna qarşı olan maneələrin aradan qaldırılmasının Kəmaləddin Heydərova tapşırılması doğru qərardır. Çünki o, işinə məsuliyyətli yanaşan, ölkə başçısının tapşırıqlarını məharətlə yerinə yetirən bir nazirdir. Kənd təsərrüfatı ilə bağlı ciddi işlər aparılır. Nazir Heydər Əsədovun apardığı islahatlar daha geniş şəkil alacaq. Bütün bu proseslərdə İqtisadi İnkişaf Nazirliyi də üzərinə düşən işləri layiqincə yerinə yetirir. Bütün siyasi və iqtisadi qurumlar sözün həqiqi mənasında gücləndirilmiş iş rejimində çalışır. Bəlli olduğu kimi, fevral ayında yeni iş yerlərinin açılması ilə bağlı ciddi işlər görülməkdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin işlə təmin olunması üçün təqdirəlayiq işlər aparır.

    Deputat ölkəmizin təhlükələrdən sığortalandığını da qeyd etdi: “Görülən bütün işlər ölkəmizə ciddi üstünlüklər gətirəcək. Azərbaycan onu gözləyən təhlükələrdən sığortalanıb. Bu sığortalanma əsaslı mahiyyət daşıyır. Əminəm ki, prezidentin atdığı addımlar ölkəmizi təhlükələrdən azad edib. Allah bizi müharibələrdən qorusun. Bizdən asılı olmayan müharibə təhlükəsi düz burnumuzun ucundadır. Təki bu müharibədən ölkəmiz və dünya xilas olsun. Bunlar olmasa, tam məsuliyyətlə deyirəm ki, ölkəmizə heç bir problem yaşamayacaq”.

    rublika.az


    Facebook-da paylaş