• Gömrük generalı "Kartof müharibəsində"

    Gömrük generalı "Kartof müharibəsində"

    Böyük Hippokrat deyib ki, biz nə yeyiriksə, oyuq. Hamısı onu göstərir ki, qida insanları nə hala salır".

    Monopolistlər əhaliyə zərərli məhsullar yedizdirir

    Əksər ərzaq məhsulları xaricdən gətirilən Azərbaycanda keyfiyyətə nəzarət zəifdir

    Beynəlxalq təşkilatlar tələb etsə də, "Qida təhlükəsizliyi haqqında" Qanun qəbul olunmur


    Ölkəyə emal məqsədilə idxal olunan texniki və yemlik sort kartof istehlak bazarına çıxarılır və əhaliyə ərzaq kartofu kimi təqdim olunur. Hətta insan orqanizmi üçün təhlükəli olan bu məhsulu inhisarçı işbazlar əhaliyə dəyərindən 20 dəfə baha qiymətə satırlar.

    Bu barədə mətbuatda dəfələrlə xəbərlər tirajlansa da, əməli tədbirlər görülməyib...

    Fevralın 18-də İrandan Azərbaycana gətirilən 48 ton kartof geri qaytarılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən məlumata görə, Fevralın 16-da qonşu ölkədən hər birində 24 ton olmaqla, ümumilikdə cəmi 48 ton ərzaqlıq kartof məhsulu daşıyan iki yük avtomobilindən götürülmüş nümunələr Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyasında karantin ekspertizasına təqdim edilib. Ekspertiza zamanı hər iki yükdə karantin tətbiq edilən zərərli orqanizm - kartof güvəsi və gövdə nematodu aşkar edilib.

    Azərbaycan əksər ərzaq məhsullarını xaricdən alır. Mətbuat zaman-zaman ölkəyə gətirilən məhsulların keyfiyyətsiz olması, geni dəyişdirilmiş, insan orqanizminə zərərli malların idxal olunması barədə yazır.

    Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli mətbuatda, telekanallarda bu məsələni tez-tez qaldırır. Onun çıxışlarına dövlət qurumlarından adətən təkzib gəlsə də, kefiyyətsiz məhsulların idxalının qarşısının alınması barədə rəsmi informasiyaların sayı artır.

    Vahid Məhərrəmli: "Nə vaxt ki, idxaldan inhisarçılıq götürüləcək, o zaman ölkəyə keyfiyyətli məhsullar gətiriləcək"

    Vahid Məhərrəmlinin fikrincə, xaricdən ölkəmizə gətirilən məhsulların yoxlanması prosesi çox şəffaf olmalıdır. İdxalla bağlı vəziyyətin ictimaiyyət üçün açıq olması şərtdir: "Nə qədər məhsul hansı ölkədən gətirilir ictimaiyyət bilməlidir. İndi imkan var ki, onlayn qaydada ölkəyə gətirilən məhsulun keyfiyyəti, həcmi ilə bağlı məlumat əldə etmək olar. İş burasındadır ki, nə qədər idxalda inhisarçılıq var, bizə ötürülən informasiyalar yanlış olacaq. Kimsə hansısa ölkəyə gedib məhsul gətirmək istəyəcək. Məmurlar bunun qarşısını almaq üçün bəhanələr gətirəcəklər ki, guya həmin məhsulda nəsə aşkar olunub. Ona görə də həmin məhsulun ölkəyə gətirilməsinə qadağa qoyulacaq. Bunlar inhisarla bağlı məsələlərdir. Mən inanmıram ki, bir sahibkar İrandan kartof gətirir, ona imkan verirlər, digər sahibkar gətirdikdə isə onda qüsur tapırlar. Bu o deməkdir ki, məmurlar yenə öz əməlləri ilə məşğuldurlar".

    V.Məhərrəmlinin sözlərinə görə, apardıqları araşdırma zamanı məlum olub ki, bu gün ölkəyə gətirilən kartof ərzaq keyfiyyətinə uyğun deyil: "Əksər hallarda gətirilən kartofun yemlik və texniki sort olması haqqında məlumatı televiziya vasitəsi ilə ictimaiyyətə çatdırmışıq. Düşünürəm ki, bu sahədə problemlər hələ də var. Nə vaxt ki, idxaldan inhisarçılıq götürüləcək, biz yalnız o zaman keyfiyyətli məhsulların ölkəyə gətirildiyinin şahidi olacağıq. Hal hazırda bu ortada görünmür. Bəzən özlərini reklam etmək, bu sahə ilə ciddi məşğul olanların qarşısını almaq üçün belə informasiyaları biz tez-tez eşidəcəyik. Ancaq mən düşünmürəm ki, həmin karantin obyektləri olan xəstəliklər digər ölkələrdən artıq neçə ildir ki, gətirilib. Zərərvericilər və xəstəliklər neçə ildir ki, ölkədə var".


    Eyyub Hüseynov: "Müstəqil ekspertizanın, normal yoxlamanın olmadığı bir ölkəyə hər cür mal gətirilə bilər"

    Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da açıqlamasında qeyd edib ki, ölkəyə keyfiyyətsiz məhsulların gətirilməsi halları var: "Bütün bu şübhələrə son qoymaq üçün fevralın 11-nə qədər Yeni Zelandiyada yağ zavodlarında oldum. Məlum oldu ki, ordan Azərbaycana gətirilən yağ Azərbaycan dilində qablaşdırılır və nehrədə saxlanılır, təmiz yağ Azərbaycana gətirilir. Ancaq bununla bərabər kənd təsərrüfatı məhsullarının saxta variantlarını da ölkəyə gətirirlər. Belə ki, ölkədə normal ekspertiza yoxdur. Müstəqil ekspertizanın, normal yoxlamanın olmadığı bir ölkədə hər cür malın gətirilməsi istisna olunmur. Məsələn, mən Braziliyadan genetik modifikasiya olunmuş mallar alıb gətirmişdim. Onları iki laboratoriyaya analiz üçün verdim. Onlardan biri qeyd etdi ki, bunun içərisində heç bir şey yoxdur, təmizdir. Başqa bir laboratoriya isə cavab verdi ki, bu məhsulun içərisində genetik modifikasiya olunmuş elementlər var. Yəni nəticələr görürsünüz ki, bir-biri ilə düz gəlmir".

    E.Hüseynov deyir ki, qida təhlükəsizliyi haqqında qanunun olmadığı şəraitdə istənilən hal baş verir. Çünki qanun olmadığı halda mütləq cinayətkarlığa şərait yaranır: "Qida təhlükəsizliyi haqqında qanun neçə ildir ki, beynəlxalq təşkilatlar tərəfindən hazırlanaraq hökumətə təqdim olunub. Ancaq qanun qəbul olunmur. Cəmiyyəti insanlar yox, qanunlar idarə eləyir. Belə bir qanun olsa, qidanın təhlükəsizliyi təmin olunar. Bunun parlaq sübutu apteklərə və klinikalara qaçan insanlardır. Böyük Hippokrat deyib ki, biz nə yeyiriksə, oyuq. Hamısı onu göstərir ki, qida insanları nə hala salır".

    Dünyanın qida təhlükəsizliyinə olan yanaşması

    Dünyada qida təhlükəsizliyi ilə bağlı Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP - Hazard Analysis ana Critical Control Points) adlanan sistematik və məntiqi bir yanaşma mövcuddur. HACCP qida müəssisələrində sağlam qida istehsalı üçün lazımlı olan gigiyena şərtlərinin (personal gigiyenası, avadanlıq gigiyenası, xammal gigiyenası, mühit gigiyenası, və s.) təyin olunaraq, bu şərtlərin təmin edilməsi, istehsal və xidmət mərhələsində istehlakçı baxımından sağlamlıq riski meydana gətirə biləcək səbəblərin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması təməlinə söykənən bir məhsul etibarlılığı sistemidir. HACCP sistemi qida təhlükəsizliyinə təsir edən təhlükələrin əvvəldən təyin olunması və nəzarət altına alınmasını təmin edən sistematik bir yanaşmadır. HACCP ilk olaraq 1960-cı illərdə ABŞ-da PILLSBURY firması tərəfindən, ABŞ ordusu və NASA üçün məhsul istehsalında "sıfır səhv" məqsədi ilə istifadə edilib. Daha sonra 1970-ci illərdən başlayaraq FDA (Food and Drug Administration - ABŞ Qida və Dərman Dairəsi) tərəfindən istifadə edilməyə başlanıb.

    Əvvəl yalnız ABŞ-da tətbiq olunan HACCP sistemi, başda Avropa Birliyi olmaqla digər ölkələrin də diqqətini çəkib və 14 iyun 1993-cü il tarixli 93/43/EEC "Qida maddələrinin Gigiyena" Direktivi ilə Avropa Birliyi içindəki bütün ərzaq məhsullarına HACCP sistemi tətbiq edilib.

    Qeyd edək ki, hazırda bazarda yerli məhsullarla yanaşı, Rusiya, Türkiyə, İran, Pakistandan gətirlmiş kartoflar da satılır. Xarici ölkələrdən gətirilən kartof yerli malla müqayisədə nisbətən ucuz qiymətə satıldığından, əhalinin aztəminatlı hissəsi də məhz həmin məhsullardan almağa məcburdur.

    Məsələn, indi bazarda keyfiyyətli Gədəbəy və Tovuz kartofunın 1 kq-ı 1 man.-1 man. 20 qəpiyə satıldığı halda, Rusiyadan gətirilən kartofun 1 kq-ı 70-90 qəpiyə təklif olunur. Halbuki ki, xaricdən çox ucuz qiymətə alınan texniki sort kartofun gömrük xərcləri də ödənildikdən sonra kq-ı maksimum 30 qəpiyə satıla bilər. Amma işbazlar bazarda onu əhaliyə dəyərindən dəfələrlə baha sırıyırlar
    .
    Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın Cəlilabad, Gədəbəy, Tovuz, Şəmkir və Lerik rayonlarında ən keyfiyyətli kartof istehsalı mümkündür. Çünki adı çəkilən rayonlar kartof və digər bu qəbildən olan bitkilər üçün münbitliyi baxımından daha xarakterikdir. Bu cür münbit torpaqlarda niyə yüksək keyfiyyətli məhsul yetişdirdiyimiz halda, xaricdən həm baha, həm də təhlükəli kartof gətirir, səhhətimizə və iqtisadiyyatımıza qənim kəsilirik. Bu da ona gətirib çıxarır ki, həm yerli məhsulumuz bazardan sıxışdırılır, həm də on minlərlə insanlar işssiz qalır.. Bunun məntiqi nəticəsi olaraq, Azərbaycanda fermer institutları qeyri-sağlam rəqabətdən məğlub ayrılırlar...


    KİMDİR GÜNAHKAR?

    Prezidenti İlham Əliyev dəfələrlə inhisarçılığın iqtisadiyyat üçün əsas problemlərdən biri olduğunu vurğulayıb. Bu fonda dövlət başçısı qeyd edib ki, bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaq: "Əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz”.
    Odur ki, ölkə rəhbərinin iradlarından sonra inhisarçılığa qarşı mübarizənin bir qədər də intensivləşəcəyini düşünmək olardı...AMMA VƏ LAKİN...Gömrük məmurları, xüsusilə də Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov hələ də monopolistlərin və "qara biznes"ləriylə birgə addımlayır...

    Və bu addımlardan Vüsal Növruzovun sahib olduğu, milyonluq avtomobillər, dövlətə kələk gələrək, həm gömrükdən yığdığı, həm də afşar pullardan əldə etdiyi sərvət hesab etmək olar. Olkəni bu ağır günündə, bahalaşma və devalvasiyanın diktə etdiyi günümüzdə belə vəzifə sahiblərinin oliqraxa çevrilib höküm sahibi olması, hazırki iqtidara təhtiddən başqa bir anlam daşımır. Çünki ölkə başçısının son vaxtlar bu kimi məmurlara və övladlarına yönəlik sərt tənqidlərindən də görünür hələ bir çoxları nəticə çıxarmağa tələsmir.
    Odur ki, düşünüməyə dəyər...Və düşünün ki, ərzaq təhlükəsizliyi dövlətin bel sütunlarından biridr...O sütunu sındırmayın, cənab general!!!

    rublika.az


    Facebook-da paylaş