• İlham Əliyevin qərarı Sarkisyanın planlarını pozdu

    İlham Əliyevin qərarı Sarkisyanın planlarını pozdu

    Ermənistan prezident İlham Əliyevin İran səfərindən narahatdır. Erməni KİV-ləri yazır ki, rəsmi İrəvanı ən çox narahat edən İran – Ermənistan dəmir yolu layihəsinin taleyidir.

    Ermənistan parlamentinin müxalif deputatı Lyudmila Sarkisyan energetika naziri Yervand Zakaryana rəsmi İrəvanı da narahat edən sualla müraciət edib. Müxalif siyasətçi bildirib ki, İran-Azərbaycan (Astara - Astara) dəmir yolu birləşdirilərsə, Ermənistan və İranın analoji layihəsinin bir əhəmiyyəti qalarmı?

    Nazir deputanın sualına cavab olaraq bildirib ki, iki ölkə arasında dəmir yolun tikintisi ilə bağlı memorandum bir ay əvvəl imzalanıb. “Hesab edirəm ki, İran kimi mötəbər dövlət imzalanmanı unutmaz. Bu layihə İran və Ermənistan rəhbərliyinin diqqətindədir”, - deyə nazir bildirib. Zakaryana qeyd edib ki, həmçinin Gürcüstan, Rusiya və İran arasında Ermənistan ərazisindən qaz kəmərinin keçirilməsi ilə bağlı danışıqlar aparılır.(ans)

    "Azərbaycanın ən böyük şansı İran və Rusiyanı birləşdirən tək ölkə olmasıdır".
    İran və Ermənistan arasında həm dəmir yolu, həm də qaz kəməri layihələri hazırda gündəmdədir. Ermənistan ərazisindən keçən kəmərlə İran qazı Gürcüstana, oradan isə Avropaya çıxa bilər. Bu isə Ermənistanı tranzit ölkəyə çevrə bilər. Həmçinin İrəvan Hindistan – Pakistan – İran – Gürcüstan – Rusiya – Avropa nəqliyyat dəhlizi ilə bərabər, “İpək yolu” marşrutu üzrə Çin – İran dəmir yolu xəttinin də Ermənistan ərazisindən keçməsini arzu edir. Hələlik arzu olan İran – Ermənistan layihəsinin dəyəri isə 3,2 milyard dollardan çoxdur.


    Ermənistanın qoşulmaq istədiyi nəqliyyat dəhlizi (qırmızı xəttlə işarələnib)
    Açıqlamalardan görünür ki, Ermənistan rəhbərliyi prezident İlham Əliyevin İran səfərindən sonra iki ölkə arasında həyata keçiriləcək layihələrin təxirə düşəcəyindən narahatdır. Çünki İlham Əliyev İranda 11 sənəd imzalayıb. Bu sənədlərdən biri isə dəmir yolu ilə bağlıdır. Həm İlham Əliyev, həm də Həsən Ruhani açıqlamalarda bildirdilər ki, bu ilin sonuna kimi İran və Azərbaycan arasında dəmir yolları birləşdiriləcək. Bu isə Ermənistan - İran dəmir yolu layihəsinin gələcək taleyini ortaya qoyur.

    Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri, iqtisadçı Elnur Sultanovun sözlərinə görə, iqtisadi baxımdan Azərbaycanın bu layihədə alternativi yoxdur. “Azərbaycanın ən böyük şansı İran və Rusiyanı birləşdirən tək ölkə olmasıdır. Həmçinin Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycan ərazisi daha çox düzənlikdir. Bu səbəbləri nəzərə alsaq, layihədə Azərbaycanın şansı daha böyükdür”, - deyə Elnur Sultanov bildirdi.


    Onun sözlərinə görə, İranın Azərbaycan və Ermənistandan dəmir yolu çəkməsində əsas məqsədi Rusiya, oradan isə Avropa bazarına çıxmaqdır. "Əgər dəmir yolu Ermənistan ərazisində tikilərsə, o zaman burada Gürcüstan əngəli ortaya çıxar. “Çünki Rusiya və Gürcüstan arasında münasibətlər hələ də normallaşmayıb. Həm Rusiya və Gürcüstan arasındakı problemlər, həm də Astara - Astara dəmir yolunun inşası səbəbindən Ermənistan ərazisindən çəkilməsi nəzərdə tutulan dəmir yolu xəttinin prespektivi azalır”,-deyə iqtisadçı qeyd etdi.

    Elnur Sultanov bildirdi ki, İran Ermənistanla münasibətlərin pozulmasına imkan verməz. “Ola bilsin ki, İran hər iki layihəni həyata keçirsin. Bu layihə uzun vaxt aparsa da, çox maliyyə tələb etmir”, - deyə Elnur Sultanov bildirdi.


    Ümumilikdə İran və Azərbaycan arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində ticarət əlaqələri inkişaf etdirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, “Şimal-Cənub” dəhlizinin inkişaf etdirilməsi çərçivəsində Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu və əks istiqamətdə yük daşınmasının təşkili hesabına yük axınlarının Azərbaycan və Rusiya dəmir yollarına cəlb edilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər. Həmin marşrutlar üzrə hərəkəti 2016-cı il martın sonunadək işə salmaq planlaşdırılır. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb.

    Bundan başqa fevralın 23-də prezident İlham Əliyevin İrana səfəri çərçivəsində Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında müqavilə imzalanıb. Azərbaycan tərəfi 8,3 km dəmir yolunun və Astara çay üzərində 101 metr uzunluğunda körpünün tikintisini, ilkin mərhələdə İran tərəfi isə 1,7 km dəmir yolu və yük terminalının həyata keçirəcək.

    Ümumilikdə prezident İlham Əliyevin və Həsən Ruhaninin görüşündə əsas müzakirə mövzusunun Gürcüstana qaz ötürülməsi məsələsinin olacağı proqnozlaşdırılırdı. Amma görüşdən sonra qaz kəməri layihəsinin müzakirə olunması barədə heç bir açıqlama verilmədi. Əsas müzakirə mövzularından biri isə nəqliyyat layihələrin həyata keçirilməsi olub.

    Ermənistanda Cənubi Qafqazda tranzit ölkə kimi mövqeyini möhkəmləndirmək istəyir. Amma bu vaxta kimi niyyətinə nail ola bilməmişdi. İran üzərində sanksiyaların götürülməsi isə Ermənistana həm enerji, həm də nəqliyyat sahəsində tranzit ölkə olmağa imkan yaradır.

    Yəqin ki, İran Ermənistanı və Azərbaycanı itirməmək üçün balanslı siyasət yürüdəcək. Rəsmi Tehranın ən real balanslı strategiyası isə nəqliyyat sahəsində Azərbaycana, (dəmir yolu xəttinin inşası) enerji sahəsində (İran – Ermənistan – Gürcüstan qaz kəməri ) isə Ermənistana üstünlük verməsi olar. Amma heç bir halda Ermənistanın enerji dəhlizinə çevrilməsi Azərbaycana sərf etmir.

    rublika.az


    Facebook-da paylaş