• Kredit borcunu ödəməyənləri hansı cəzalar gözləyir?

    Kredit borcunu ödəməyənləri hansı cəzalar gözləyir?

    Azərbaycanda problemli kreditlərin həcmi artmaqda davam edir. Qeyri-rəsmi məlumatlara görə, artıq ölkə üzrə problemli kreditlərin həcmi 2 milyard manata yaxındır və bu məbləğ artmaqda davam edir. İş yerlərinin və biznes müəssisələrinin bağlanması, işsizliyin artması problemli kreditlərin də həcminin artmasına gətirib çıxarır. Banklara kredit borcu olan vətəndaşların, xüsusilə də dollarla kredit götürənlərin əksəriyyəti ya borcu ödəyə bilmir, ya da ödəməkdən imtina edir.

    Bu durumda vətəndaşları bir sual maraqlandırır. Əgər borcu ödəməməyə görə, bank onları məhkəməyə versə, həbs perspektivi mümkündürmü? Borcunu ödəməyən vətəndaşı ən pis halda nə gözləyir? Bu durumda vətəndaşların hansı hüquqi imkanları var?
    Açıqlamsında bu sualları cavablandıran hüquqşünas, bank və maliyyə məsələləri üzrə vəkil Əkrəm Həsənov bildirib ki, kredit borcuna görə vətəndaşın həbs edilməsi mümkün deyil: "Azərbaycanın qoşulduğu insan haqları konvensiyasında da konkret göstərilib ki, borc görə heç kimi həbs etmək olmaz. Azərbaycan qanunvericiliyi də buna yol vermir. Düzdür, təcrübədə əvvəllər belə hallar olub. Ancaq bu, qanunsuz olub və həmin şəxslər öz hüquqlarını bilməyiblər. Ancaq belə hallar geniş yayılmayıb, son vaxtlar ümumiyyətlə, yoxdur. Çünki, Azərbaycanın hüquq ictimaiyyəti daha çox aktivləşib və hakimlər də artıq belə qərarlar çıxarmırlar. Çıxarsalar da, biz bu məsələnin axırına kimi gedəcəyik. Lazım olsa, Avropa Məhkəməsinə də müraciət edəcəyik və bu qərarları ləğv etdirəcəyik. Yəni, burada şəxsin azadlığına heç bir təhlükə yoxdur".(qaynar.info)
    Ekspertin sözlərinə görə, çətin vəziyyətdə olan o vətəndaşlardır ki, banklarda əmlakı və girovu var, borcunu ödəmədiyi halda o girov əlindən çıxa bilər: "Bu halda da banklar vətəndaşlara kömək etməlidir. Çünki, Konstitusiyan Məhkəməsi ötən il verdiyi qərarda banklara göstəriş verdi ki, vətəndaşlara güzəştə gedə bilərlər. Sadəcə onlar Konstitusiyan Məhkəməsinin qərarına hörmət etmirlər və güzəştə getmirlər. Lakin biz bu işləri də məhkəmə yolu ilə yoluna qoyacağıq ki, banklar bu güzəştlərə getsinlər. Hətta bunlar olmasa belə, mən borclu vətəndaşlara tövsiyə edirəm ki, özləri məhkəmə proseslərinə başlasınlar və banklar da onları məhkəməyə verəndə məhkəmədə aktiv olsunlar, haqlarını qorusunlar, həm də məhkəmə proseslərini uzatsınlar. Ən sadə halda məhkəməni ilyarım-iki il uzatmaq olur. Məhkəmənin uzadılması isə banka xeyir deyil, yalnız zərər vura bilər. Özü də indiki şəraitdə kütləvi məhkəmə prosesləri uzansa, bu, o deməkdir ki, bankların kreditləri çox gec qayıdacaq. Çünki, məhkəmə prosesləri gedə-gedə o girov əmlakı da əlinə keçirə bilməyəcək, satışa çıxara bilməyəcək. Deməli, krediti çox gec qayıdacaq".

    Əkrəm Həsənov bir nüansı da vurğulayıb ki, mənzil hərracda satışa çıxarılsa belə, vətəndaş müxtəlif yollarla mənzilinə sahib çıxa bilər: "Azərbaycanda daşınmaz əmlakın qiyməti düşür və bu tendensiya davam edir. Deməli, o girov əmlakın da qiyməti azalacaq. Buna görə də bank orada da uduzacaq və vətəndaş udacaq. Çünki, vətəndaşın 100 min manat borcu varsa və vaxtilə evinin qiyməti 130 min manat idisə, indi həmin evin qiyməti 70 min manatdır. Digər bir tərəfi isə odur ki, girov əmlakı hərracda satışa çıxarırlar. Həmin vətəndaş hərracda hər hansı bir qohumu vasitəsilə həmin evi 40 minə də ala və evində yaşamağa davam edə bilər. Bank isə kreditin xeyli hissəsini itirəcək. Bütün bunlara görə də, banklar güzəştlərə getməsə, onlar üçün vəziyyət daha da pisləşəcək".

    Əkrəm Həsənov bildirdi ki, banklar ən pis halda vətəndaşın əmlakını ala bilər, o da yalnız məhkəmə qərarı ilə açıq hərracda satılaraq, banka verilə bilər: "Qeyd etdiyim kimi vətəndaş əgər məhkəmə yolu ilə prosesə müqavimət göstərsə, ən azı ilyarım-iki il proses uzana bilər. Hətta elə əmlak növləri var ki, onu vətəndaşın əlindən almaq olmaz. Qanunvericiliyə görə, əgər vətəndaşın bir evi varsa və o banka girov qoyulsa belə, bank onu vətəndaşın əlindən ala bilməz. Bu cür əmlak növləri çoxdur, ailənin gündəlik tələbatını ödəyən ev əşyaları televizor, soyuducu və sair varsa, onları da vətəndaşın əlindən almaq mümkün olmayacaq.
    Düzdür, indi banklar vətəndaşları qorxudurlar. Lakin bunun hamısını ona görə edirlər ki, vətəndaşlar qorxsun və gedib kreditlərini qaytarsınlar. Mənim isə vətəndaşlara tövsiyəm odur ki, bunu etməsinlər".

    rublika.az


    Facebook-da paylaş