• Bakıda son mənzil bazarı

    Bakıda son mənzil bazarı

    Bura hər gün yüzlərlə insan gəlir. Kədərli dəfn mərasimləri, yaxınlarına, doğmalarına baş çəkənlər, vidalaşanlar, halallaşanlar, qorxa-qorxa gələnlər…

    Kimə görəsə bura sadəcə iş yeridir. Söhbət əməkdaşlarımız olaraq reportaj hazırlamaq üçün getdiyimiz məşhur Yasamal qəbiristanlığından gedir. Məzarlığa ayağını qoyan kimi rəhmətliklərin bu dünyada necə yaşadığını asanlıqla təsəvvür edə bilərsən; yəni varlı və kasıbın qəbri elə uzaqdan seçilir. Əzəmətli, bər-bəzəkli, üstü bahalı mərmərlə örtülmüş, hələ təmizləmək, hər gün silib-süpürmək, üzərinə təzə güllər qoymaq üçün xüsusi xidmətçilər tutulmuş qəbirlər var. Elə qəbirlər də var ki, bir küncdə yazıq-yazıq büzüşüb qalıb, illərlə bir ziyarətçisi belə yoxdur.(virtualaz)

    “Kağız pul ver də…”

    Yolumuzu xristian qəbirlərinin qarşısından salıb üzü “Azərbaycan” nəşriyyatına doğru getməyə başladıq. Qəbiristanlıqda həmişəki kimi ölüm sükutu hökm sürürdü. Adətən, burada söhbət eləmək üçün adam tapmaq o qədər də asan olmur, yəni qəbiristanlıq söhbət üçün insan ağlına gələn ən axırıncı yer olmalıdır. Ölülərin susmasının səbəbi məlumdur, dirilərsə müxtəlif səbəb və bəhanələrdən danışmaqdan imtina edirlər. Qarşımıza ilk çıxanlar əlində bel, mala qəbirlərin ətrafına hasar çəkən ustalar idi. Onlardan qırıq-qırıq öyrənə bildiyimiz o oldu ki, məzarlığı burada çalışan mollalar öz aralarında bölüblər. Hərə yalnız öz “kurasiyası”nda olan hissədə dua, “Yasin” oxuya bilər.

    Burada bir qəbrin qazılması isə təxminən 200 manata başa gəlir. Əlbəttə, məzar yerinin qəbiristanlığın hansı hissəsində yerləşməsi də qiymətə təsir edir.
    Ustalardan uzaqlaşmışdıq ki, qəbirlərin arası ilə gəzən iki cavan oğlanla üz-üzə gəldik. Digərinin qolundan tutan boyca nisbətən hündürü yanındakını göstərib imkansız olduqlarını dedi və pul istədi. Adətən, belə insanlar başqa yerdə qarşıma çıxanda onlara əhəmiyyət vermədən keçirəm. Bu dəfə keçməyə başqa yolum yox idi, ixtiyarsız əlim cibimə getdi, bir neçə qəpik çıxarıb cavan oğlana uzatdım. Bəlkə də, eyni yaşda olardıq, bəlkə də, yaşda məndən kiçik olardı, bilmirəm, amma pulu alarkən sifətindəki reaksiya və eşidəcəyim cavab məni dəhşətə saldı. Çünki bu bir insanda mümkün ola biləcək həyasızlığın son həddi idi:“Kağız pul ver də…”

    “80 minlik avtomobildə gəlir, 1 manat “Yasin” pulu verir…”

    Artıq yəhudi və xristian qəbirləri arxada qalmışdı, demək olar ki, sadə qəbirlər də. Qarşıda daha çox dəbdəbəli və bərbəzəkli məzarlar görünürdü. Yolun qırağındakı sonuncu qəbrin divarına söykənib mürgüləyən molla bizi görən kimi cəld hərəkətlə qarşımıza yaxınlaşdı. Görünür, “Yasin” oxutmaq üçün gəldiyimizi düşünmüşdü,jurnalist olduğumuzu biləndə üzündəki ifadə sürətlə dəyişdi. Şəklinin çəkilməsinə qəti icazə vermədi və səsini yazmayacağımıza əmin olandan sonra suallarımızı cavablandırmağa başladı. Molla ilə kiçik söhbətdə öyrəndim ki, adı Hacı Mustafadır. Bakıya Masallı rayonundan gəlib. Dediyinə görə, gündəlik qazancı oxuduğu “Yasin”dən çıxır.

    “Adətən, hər “Yasin”ə görə 5 manat verirlər. Amma hərdən 10, 20 manat verən də olur. Qiymət demirəm, “Quran” tapşırılmasına görə də 60-70 manat verirlər. Bəzən qiyməti 70-80 min manatlıq avtomobillə gəlirlər, ölülərinə “Yasin” oxudurlar, gedəndə də 1 manat verirlər. Kim nə verirsə, mən ona etiraz eləmirəm. Düşünürəm ki, bəlkə bu da Allahın bir sınağıdır, məni belə məqamda hansı reaksiyanı verəcəyimlə sınayır. Bəzən də elə olur ki, heç pul götürmürəm. O qədər olub ki, imkansız adam olduğunu görüb pulsuz oxumuşam. Bunun savabı böyükdür”.

    Molladan öyrəndik ki, qəbiristanlıqda 100 min manat dəyəri olan qəbirüstü abidələr var. Amma bunun ölüyə və ya ölü sahibinə heç bir faydası yoxdur. Mollanın sözlərinə görə, insanlar bura xərclədikləri milyonların əvəzinə onun kiçik bir hissəsini kasıblara versələr, daha savab olar.

    Bizə olub-keçənlərdən, başına gələnlərdən, indiyə qədər rastlaşdığı qəribə hadisələrdən danışan Hacı Mustafadan öyrəndik ki, bu işin savabı ilə yanaşı, maraqlı tərəfləri də var. Mollanın yadında qalan və unutmadığı hadisə isə ölü bilib basdırdıqları şəxsin “xortlaması” olub. Həmin şəxs qəbrə qoyulan zaman ayılıb və kəfənin içərisində olduğunu biləndə ürəyi partlayaraq ölüb.

    Jurnalistikadan mollalığa

    Hacı Mustafaya işlərində uğurlar arzulayıb yolumuza davam etdik. Artıq günortaya doğru getdiyindən qəbiristanlıqda mollaların sayı seyrəlmişdi. İllərin təcrübəsi günün hansı saatlarında ziyarətlərin olduğunu onlara dəqiqliklə öyrətdiyindən, heç də bütün günlərini burada keçirmirdilər. Bu vaxtlarda onları məzar hasarlarının divarlarına vurulmuş içərisində telefon nömrələri yazılan lövhələr əvəz edirdi.

    Qəbiristanlığın o biri başına gəlib çatmışdıq. Artıq məzarlıqdakı sükutu uzaqda ağlaşma səsləri, irəlidə səndəlləyə-səndəlləyə gedən yaşlı bir kişinin dodağının altında oxuması və bir də kəsə yolla getdiyi yerə tez çatmaq istəyərək qəbiristanlığın içərisindən keçən avtomobillərin səsi pozurdu. Ayağımızın altında qalan şüşəqırıntıları buranın gecələr sərxoşların və “bomj”ların məskəni olduğunu göstərir.

    Növbəti həmsöhbətimiz qəbirlərin arasında stul qoyub əyləşmiş orta yaşlı molla idi. Mollanın gözləri mənə çox tanış gəldi, bütün söhbət boyu onun kim olduğunu xatırlamağa çalışdım. Mollalıqdan əvvəl başqa işlə məşğul olub-olmadığını soruşanda kim olduğunu qəflətən xatırladım. Bu, bir neçə il öncə müsahibə götürdüyüm keçmiş həmkarım idi. Qubanın “Xəyal” televiziyasının baş redaktoru olmuş Namiq Qırxlarov vaxtilə “Avropa” və “Bu gün” qəzetinin də bölgə müxbiri işləyib. Bir müddətdən sonra jurnalist işləməyin mümkünsüz olduğunu görən Namiq müəllim ailəsini dolandırmaq üçün mollalığa başlayıb.

    3 qonşu məzar: nazir, Nazirlər Soveti sədrinin müavini və “kqb-şnik”

    Burada keçirdiyi zaman keçmiş redaktorun düşüncələrinə necə təsir eləmişdisə, onun üçün bir həqiqət var idi: kim olursan ol, o biri dünyada məşhur, qeyri-məşhur hamıya eyni gözlə baxılır:

    “Burada basdırılan nazirlər var, alimlər var. Məsələn, qarşımızdakı bu üç məzardan biri SSRİ dövründə Nazirlər Soveti sədrinin hərbi məsələlər üzrə müavini Rza Sadıxovundur, onun yanındakı o vaxtkı kənd təsərrüfatı naziri Əsgər Orucovundur, o birində yatan isə KQB–nin əməkdaşı olub. Burada keçmişdə kim olursan ol, əhəmiyyət daşımır, hamısı eynidir.

    İnsan gərək sabahını düşünsün. Ümumiyyətlə, gözlə qulaq arasında 4 barmaq məsafə var. O şeyə inanın ki, onu gözünüzlə görüb qulağınızla eşitmisiniz.də Bəzən adamlar qəbirlərin üstünə səmənidən, yolkadan, bahalı şokoladdan tutmuş hər şey qoyurlar. Xüsusən də, körpə uşağını itirən valideynlər onlara sağlığında edə bilmədiklərini öləndən sonra etmək istəyirlər. Amma rəhmətə getmiş adam onu necə hiss edə bilər?”

    Deyəsən, keçmiş həmkarım da məni tanımışdı. Sonda mənə o zaman dediyini bir də xatırlatdı: “Siz hələ jurnalist işləyirsiniz…Axı, sizə demişdim bu sənətdən gedin, yoxsa çox əziyyət çəkəcəksiniz”.

    Keçmiş redaktorla sağollaşıb, yenə də ancaq onun “kurasiya”sındakı ərazidən gedə bildim. Çünki jurnalistikadan getməyi düşünmürdüm.



    “Burada qəbir yeri almaq “novostroyka”da ev almaqdan bahadır”

    Yolüstü əlində kürək, bel qazılacaq qəbir gözləyən və özünü İmran kimi təqdim edən qəbirqazandan qiymətlərlə maraqlandıq. Yaxın adama qəbir yeri axtardığımızı dediyimizdən İmrandan öyrəndik ki, burada demək olar ki, boş yer qalmayıb. Amma bizə məsləhət gördü ki, bir qədər aşağı tərəfdə ucuz məzar yerləri tapa bilərik. Məsələn, çoxdan basdırılmış və yiyəsi olmayan məzarlardan “ikinci əl” qəbir yerlərini 200-300 manata almaq olar. Amma qəbiristanlığın nisbətən “prestijli” yerlərində əbədiyyətə qovuşmağın öz qiyməti var. Bu da 1000 manatdan başlayır və 8-10 min manata qədər davam edir. Hətta qəbirqazan zarafatından da qalmadı: “Burada bir qəbir yeri almaq “novostroyka”da ev almaqdan bahadır”.

    Qəbiristanlıq yəqin ki, çox ah-nalələrə, acılara şahidlik edib. Burada hər addım başı insanın tükünü ürpədən isə kiçik ölçülü qəbirlərdir. Hələ oradan boylanan şəkilləri demirəm. Körpə qəbirlərinə etinasız baxaraq keçmək mümkün deyil…Milyonlarla insanın son mənzili olan bu məkan bəlkə də, Bakının ən sirli yerlərindən biridir. Hamımızın yolu Yasamal qəbiristanlığı olmasa da, mütləq hansısa qəbiristanlıqdan keçəcək. Çoxunun qorxa-qorxa getdiyi məzarlıq bu dəfə nədənsə, mənə qorxulu gəlmədi. Məncə qəbiristanlıqdan həqiqətən də, qoxmaq lazım deyil, hətta vaxtaşırı gəlmək də lazımdır. Amma öz ayağın ilə…

    rublika.az


    Facebook-da paylaş