• Manatla bağlı ən SON PROQNOZ

    Manatla bağlı ən SON PROQNOZ

    Hollandiya “ING Bank”ı qarşıdan gələn iki il ərzində manatın bahalaşacağı barədə proqnoz verib.

    “ING Bank”ın ekspertləri düşünür ki, 2016-cı ildə dolların orta məzənnəsi 1,46 manata, 2017-ci ildə isə 1,31 manata bərabər olacaq. Yəni bankın proqnozuna görə, dollar Azərbaycanda bu il 10 qəpik, 2017-ci ildə isə 15 qəpik ucuzlaşacaq.

    "Manatın bahalaşması üçün neftin qiymətinin barrel üzrə 60-70 dollara qalxması vacibdir".
    Diqqətini Dövlət Neft Fondunun ehtiyatlarına yönəldən «ING Bank» Azərbaycanın əhəmiyyətli həcmdə «təhlükəsizlik yastığına» malik olduğunu vurğulayır. «ING Bank»ın analitikləri hesab edirlər ki, pul-kredit siyasətinin yaxşılaşması və əhalinin etibarının artması dollardan imtina prosesinə təkan verəcək.(ans)
    Bu, qərb analitiklərinin fikridir. Amma yerli ekspertlər bir qədər fərqli düşünürlər. İqtisadi Təşəbbüslərə Yardım (İTY) İctimai Birliyinin (İB) mütəxəssisi Samir Əliyev müsahibəsində manatın gələcək məzənnəsi ilə bağlı fərqli proqnoz verir: «Manatın məzənnəsi əsasən neftin qiyməti ilə bağlıdır. Hətta neftin barrelinin qiyməti 40-50 dollara qalxsa belə , məzənnədə ciddi dəyişiklik olmaya bilər. Manatın hiss ediləcək qədər bahalaşması üçün neftin qiymətinin barrel üzrə 60-70 dollara qalxması vacibdir».

    Azərbaycanda ixracatın əsas hissəsini neftin təşkil etdiyini vurğulayan iqtisadçı ekspert bildirdib ki, neftin manatın məzənnəsinə təsirini azaltmaq üçün qeyri-neft məhsullarının ümumi ixracatdakı payı ən azı Qazaxıstanın səviyyəsinə qalxmalıdır.

    2015-ci ildə Azərbaycandan kənara ixracatın 85,95%-ni neft və qaz məhsulları təşkil edib.
    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycandan kənara ixracatın 85,95%-ni neft və qaz məhsulları təşkil edib. İl ərzində ölkədən xaricə 11 milyard 424 milyon dollarlıq məhsul ixrac edilib ki, bunun 8 milyard 866 milyon dolları neftin, 752 milyon dolları neft məhsullarının, 201 milyon dolları isə qaz məhsullarının payına düşüb. Yəni qeyri-neft sektorunun payı cəmi 14,05% (1 milyard 605 miylon dollar) təşkil edib.

    Göründüyü kimi, Azərbaycanın xam neft ixracatı ümumi ixracatın 78%-ni təşkil edir. MDB məkanının digər ölkələri - Qazaxıstan və Rusiyada isə fərqli mənzərədir. Rusiya ixracatında xam neftin payı 30 faizin ətrafında dəyişir. Məsələn, neft qiymətlərinin yetərincə yüksək olduğu 2014-cü ildə Rusiyadan ixracat 496 milyon dollar təşkil edib və bunun yalnız 154 milyard dolları (31%-i) xam neftin payına düşüb. Qazaxıstan ixracatında da xam neftin payı buna yaxındır və ümumi ixracatın 35%-ni təşkil edir.

    Aydın görünür ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı daha yüksəkdir. Buna görə də manatın məzənnəsinin sırf neftin qiymətindən asılı olaraq dəyişəcəyini daha çox ehtimal etmək mümkündür. Lakin sabiq maliyyə naziri Fikrət Yusifov ANS PRESS-ə müsahibəsində «ING Bank»ın ssenarisinin də gerçəkləşə biləcəyini istisna etmir: «Nəzəri cəhətdən, hətta neftin qiyməti qalxmasa belə, manatın məzənnəsini qorumaq mümkündür. Yəni ölkənin rezervləri buna imkan verir. Amma həmin pulları bu məqsədlə xərcləmək olmaz. Biz xərclərimizi gəlirlərimizə uyğunlaşdırmalıyıq».

    "Nəzəri cəhətdən, hətta neftin qiyməti qalxmasa belə, manatın məzənnəsini qorumaq mümkündür".
    Fikrət Yusifov dünya bazarında neftin getdikcə bahalaşacağını ehtimal edir: «Dünya bazarında Brent neftinin barrelinin qiyməti artıq 37 dolları keçib. Ehtimal edilir ki, neft getdikcə bahalaşacaq. Çünki son iki ildə neft hasilatına heç kim sərmayə yatırmır. Bu, gec-tez istehsalın səviyyəsini aşağı salacaq. Nəticədə neft durmadan bahalaşacaq».

    Amma istənilən halda, neft bahalaşdıqdan sonra belə Azərbaycan Mərkəzi Bankının (AMB) manatı möhkəmləndirəcəyi məqsədəuyğun hesab edilmir. Böyük ehtimalla, neft bahalaşdıqdan sonra da AMB «yumşaq devalvasiya» rejimini qoruyacaq. Azərbaycan qeyri-neft ixracatını artırmağı qarşısına məqsəd qoyub, bu isə möhkəmlənən manat şəraitində mümkün deyil.

    rublika.az


    Facebook-da paylaş