• Azad Rəhimova “azad” işarəsi – nazir totalizatorları və milyonları niyə itirir...

    Azad Rəhimova “azad” işarəsi – nazir totalizatorları və milyonları niyə itirir...

    İqtidar oliqarx-məmurların “əl-ayağını” yığır; Mərc oyunlarına nəzarət Gənclər və İdman Nazirliyindən alınaraq prezident İlham Əliyevin yeni yaratdığı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir; neftin qiymətinin düşməsi ilə büdcədən yayındırılan milyonlara nəzarəti gücləndirilir; bəzi oliqarxlar iqtisadiyyatın çətin dövründə belə daha çox varlanmaq hərisliyindən əl çəkməzsə...

    Azərbaycanda ən çox gəlir gətirən sahələrdən biri də mərc oyunları sektorudur. 2010-cu ilin yanvarında Azərbaycanda mərc oyunları Milli Məclisin qərarı ilə leqallaşdırıldı və “Azərinteltek” adlı Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradıldı. Bir il sonra QSC tərəfindən “Topaz” əmtəə nişanı təsis edildi və ölkəmizdə faktiki olaraq leqal mərc oyunlarının keçirilməsi başlandı.

    Tez bir zamanda Bakı və digər şəhərlərdə “Topaz” məntəqələri fəaliyyətə başladı. “Topaz” markasına isə gənclər və idman naziri Azad Rəhimov sahibləndi. Nazirin nəzarətində olan qurum qumar bazarını monopoliyaya aldıqdan sonra illərdir ki, oyunlarında aşkarlanan qanun pozuntuları və vergidən yayınma halları barədə ən müxtəlif səviyyələrdə, hətta Milli Məclisdə də dəfələrlə məsələ qaldırılıb.

    Heç kimə sirr deyil ki, hər gün futbol oyunlarına qoyulan proqnozlardan milyonlarla manat qazanılsa da, bu vəsaitin nə qədərinin dövlət büdcəsinə vergi şəkilində verilməsi daima müzakirə mövzusu olub. Milli Məclisdə bununla bağlı səslənən ittihamlara nazir son olaraq belə bir münasibət bildirmişdi. A.Rəhimov demişdi ki, “Topaz”ın işi tam şəffafdır və idmanın inkişafına xidmət edir: “”Topaz"ın dövriyyəsindən 4,2% vəsait “Azəridmanservis” dövlət müəssisəsinin hesabına gəlir. Həmin vəsaitin 30%-i AFFA-nın, 70%-i digər idman növlərinə paylanır. Bu, birmənalı olaraq idmanın inkişafı üçün böyük köməkdir. Dünyada və Avropanın bir çox ölkələrində müxtəlif totalizatorlardan bu maliyyə nazirliklərə, komitələrə daxil olur və idmanın inkişafına sərf olunur. Biz məhz “qara bazar”la mübarizə aparmalıyıq, nəinki bu gün tam şəffaf olan və idmanın inkişafına xidmət edən “Topaz”la."(musavat)
    Amma bununla da bukmeyker kontorları ətrafında daha bir intriqa başladı. İddia olundu ki, “Azəridmanservis” də əslində nazirin nəzarətindədir. Futbol qumarından qazanılan gəlirlərin böyük hissəsi məhz bu qurumun büdcəsinə daxil olur. Burdan gələn böyük pulların etibarlı əllərə toplanması üçün nazir totalizatorlara nəzarəti öz yaxın adamı Azər Məhərrəmova tapşırıb.

    Neftin qiymətinin düşməsi ilə siyasi iqtidar büdcədən yayındırılan milyonlara nəzarəti gücləndirib. Totalizator oyunlarında da çox böyük pul dövriyyəsindən söhbət gedir və pullar müəyyən şəxslərin ciblərinə axmasına hökumətin göz yummaq kimi lüksü daha qalmayıb...

    Milli Məclisin Gənclər və idman komitəsinin iclasında müzakirəyə çıxarılan qanun layihəsi A. Rəhimovun biznesinin faktiki əlindən alınacağı deməkdir. APA-nın məlumatına görə, komitə sədri Fuad Muradovun sədrliyi ilə keçirilən iclasda “Bədən tərbiyəsi və idman haqqında” Qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Qanunun 53-1.5-ci maddəsində “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilir. Bildirilib ki, bununla idman mərc oyunları mərc oyunlarına nəzarət qeyd olunan müvafiq icra qurumundan alınaraq yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

    Qeyd edək ki, “müvafiq icra orqanı” dedikdə Gənclər və İdman Nazirliyi nəzərdə tutulur. Qanuna əlavə edilən 53-1.7 maddədə isə bildirilir ki, “İdman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir”.

    İclasda deputat Adil Əliyev bildirib ki, nəzarətin Gənclər və İdman Nazirliyində qalması daha səmərəli olardı. Deputatlar Şahin İsmayılov və Naqif Həmzəyev isə çıxış edərək bildiriblər ki, dəyişiklik şəffaflığa xidmət etməlidir. N. Həmzəyev nəzarət orqanının ildə bir dəfə parlamentə hesabat verməsini təklif edib və təklif qeydə alınıb. Sonda sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub. Aydındır ki, komitə üzvləri özlüyündə oliqarx məmurun maraqlarına ciddi zərbə olan qanun layihəsini hazırlamağa həvəsli ola bilməz.

    Maliyyə Bazarlarına Nəzarət Palatası prezident İlham Əliyevin fərmanı ilə bu ilin fevral ayının 3-də yaradılıb. Fərmanda bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında məqsəd Azərbaycanın qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdir.

    Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının sədrliyi ilə İşçi Qrupu yaradılıb.
    Bu ilin fevralında nazir kürsüsündə 10-cu ilin qeyd edən A. Rəhimov da bir çox nazirlər kimi səlahiyyətlərindən istifadə edərək, biznesini daha da genişləndirib. A. Rəhimov hələ nazir təyinatından əvvəl də bizneslə məşğul olub. Ona məxsus “İtaldizayn” şirkəti dünyanın 100-dən artıq məşhur mebel firmasının rəsmi distribütorudur. Nazirin şəhərin mərkəzində zinət əşyalarının, mebellərin satışı ilə məşğul olan bir neçə elit mağazaları, şadlıq sarayları və iaşə obyektləri var. Amma məhz yüksək dövlət postunu böyük bizneslə birləşdirməsi sayəsində A. Rəhimov indi ölkənin ən varlı oliqarxlarından birinə çevrilib.

    ***
    Prezident İlham Əliyevin son fərman və sərəncamlarında oliqarx-məmurların “əl-ayağını” yığmaqda qərarlı olması daha aydın sezilməkdədir. Çünki oliqarx-məmurlar getdikcə hakimiyyətə problemlər yaradır, bəzi hallarda ən yüksək səviyyədə belə verilmiş qərarları ya sabotaj edirlər, ya da tabe olmurlar.

    Bəzi oliqarx-məmurlar isə o həddə varlanıblar ki, özlərini çox müstəqil hesab edir, hətta siyasi iddiaları da artır. Ən pisi odur ki, oliqarxik sistem iqtisadiyyatın çətin dövründə belə daha çox varlanmaq hərisliyindən əl çəkmir. Bu isə xalqda hakimiyyətə qarşı narazılığı artıra biləcək ən başlıca səbəbdir ki, bu kimi qərarlar həm də onların qarşısına sədd çəkməyə hesablanıb.

    rublika.az


    Facebook-da paylaş