• Aşıqlar Birliyində saxtalaşdırma cəhdləri

    Aşıqlar Birliyində saxtalaşdırma cəhdləri

    Bu cəhdlərin "uğurlu” alınmasında Mədəniyyət və Turizm Nazirliyinin bəzi əməkdaşları da maraqlı görünürlər

    Azərbaycan Aşıqlar Birliyinin növbəti qurultayı yaxınlaşdıqca, bu qurumun sədri vəzifəsinə seçiləcək şəxsin kimliyi ətrafında yaranmış mübahisələr də getdikcə qızışır. Əslində bu fikri bir qədər daha dəqiq ifadə etsək, deyə bilərik ki, mübahisələr və ehtiraslar Birliyin yeni sədrinin kimliyi ətrafında deyil, bu şəxsin kim tərəfindən seçiləcəyi sualı ətrafında qızışmaqdadır. Əldə etdiyimiz yeni məlumata görə, Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin şöbə müdiri Fikrət Babayev bu "məsuliyyəti” öz üzərilərinə götürməkdə israrlıdırlar. Amma bu barədə bir qədər sonra daha ətraflı açıqlama verəcəyik. Hələlik isə, bir daha xatırladaq ki, Azərbaycanın xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun vəfat etməsindən sonra quruma rəhbərlik edəcək şəxsin seçilməsi məsələsi yenidən gündəmə gəlib. Bu səbəbdən də Azərbaycan Aşıqlar Birliyi artıq növbət qurultaya hazırlaşır. Birliyin VI Qurultayının yaz aylarında keçiriləcəyi gözlənilir. Hazırda qurultayla bağlı hazırlıq işlərinə də başlanılıb. Həmçinin aldığımız məlumata görə, öncə birliyə sədrin səlahiyyətlərini müvəqqəti icra edəcək şəxs təyin olunacaq. Bundan sonra da sədr postu üçün namizədlər irəli sürüləcək. Sədrin səlahiyyətlərini müvəqqəti icra edəcək şəxsin seçilməsi isə, artıq Aşıqlar Birliyinin İdarə Heyətinin sabaha, martın 3-nə təyin olunmuş iclasında baş tutmalıdır. Məhz elə bu məqamda da, Mədəniyyət və Turizm Nazirliyinin bəzi rəhbər vəzifəli şəxsləri prosesə müdaxilə etməyə çalışırlar.

    Qeyd olunduğu kimi, Birliyin sədri vəzifəsinə iddialı namizədlərin arasında professor, AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin I katibi Məhərrəm Qasımlı, Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və digərləri də var. Lakin aşıqlar arasında aparılmış sorğu nəticəsində isə, bu vəzifəyə daha gənc, yüksək iş qabiliyyətinə malik bir namizədin arzu olunduğu məlum olub. Aşıqlar deyirlər ki, inkişafa nail olmaq, mütərəqqi yenilikləri tətbiq edə bilmək üçün məhz gənclərə yol açmaq lazımdır. Sevindirici haldır ki, Aşıqlar Birliyinin sıralarında bu kriterilərə cavab verən gənclər kifayət qədərdir. Bunlardan biri kimi, Əkbər Qoşalının namizədliyi bir çoxları tərəfindən dəstəklənir. Lakin son aldığımız açıqlamalarda Məhərrəm Qasımlının bu vəzifə uğrunda mübarizə aparmaq niyyətində olduğu bildirilir.
    Əldə etdiyimiz son məlumatlara görə də, Mədəniyyət və Turizm Nazirliyindən Sevda Məmmədəliyeva və Fikrət Babayevin proseslərə müdaxilə etmək cəhdləri Birliyin qurultayında məhz Məhərrəm Qasımlının namizədliyini "keçirmək” məqsədini güdür. Bu səbəbdən də, artıq bu gün Məhərrəm Qasımlı və Qəzənfər Paşayev nazirliyə dəvət olunublar. Aldığımız açıqlamaya görə, bu dördlük arasında keçirilən görüşün nəticəsində, Aşıqlar Birliyinin İdarə Heyətinin sabahkı iclasında məhz kimin sədrin səlahiyyətlərini müvəqqəti icra edəcək şəxs kimi seçilməsinə qərar verilməlidir. Belə çıxır ki, Azərbaycan Aşıqlar Birliyinin gələcək taleyi Mədəniyyət və Turizm Nazirliyinin kuluarlarında keçirilən yarı-məxfi müzakirələrdə həll olunur. Sevda Məmmədəliyeva, Fikrət Babayev, Məhərrəm Qasımlı və Qəzənfər Paşayev arasında bu gün baş tutacaq bu görüşü məxfi adlandırmağımız da əbəs deyil. Məsələ bundadır ki, bizdə olan məlumata görə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Aşıqlar Birliyinin ətrafında gedən proseslər barədə qəsdən tamamilə yanlış məlumatlandırılır. İstənilən halda, artıq sabah, Aşıqlar Birliyinin İdarə Heyətinin iclasında qəbul edilmiş qərarlar bütün bu qaranlıq məqamlara aydınlıq gətirmiş olacaq.

    rublika.az


    Facebook-da paylaş