• Dələduz-məmur qaçqınlara tikilən binalardan mənzilləri necə “satırdı”..

    Dələduz-məmur qaçqınlara tikilən binalardan mənzilləri necə “satırdı”..

    Bakı Ağır Cinayətlər Məhkəməsində “Qaçqınkom” adından istifadə edərək dələduzluq törətməkdə ittiham olunan Vüsalə Mirzəyevanın və Bayram Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

    Məhkəmədə iştirak edən müxbirimizin verdiyi xəbərə görə, prosesə hakim Rahib Salmanov sədrlik edir.

    İstintaqla müəyyən edilib ki, Vüsalə Mirzəyeva Cəbrayıl rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsində işləyərkən öz qulluq mənafeyindən istifadə etməklə vətəndaşları toruna salmağa müvəffəq olub.

    V.Mirzəyeva özünü Cəbrayıl rayon icra hakimiyyətinin işçisi kimi təqdim edərək məcburi köçkünlər üçün salınan qəsəbədən onlara mənzil təşkil edə biləcəyini bildirib. O, Nəzakət Eyvazova və şəxsiyyəti istintaqa məlum olmayan bir qrup şəxlə əlbir olaraq “Qaçqınkom”un Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni inşa edilən binasından mənzil almaq istəyənlərə köməklik edəcəyinə söz verib, onların 182 min manat (istintaq zamanı məbləğin 97 min manatı müxtəlif vaxtlarda sahiblərinə ödənilib-red) pulunu mənimsəyib.(virtualaz)
    V.Mirzəyeva saxta yolla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini, hətta evlərinin açarlarını da hazırlayaraq 7 ailəyə Mehdiabad qəsəbəsində, 18 ailəyə isə Müşviqabad qəsəbəsində mənzil verəcəyini vəd edib. Lakin bir müddət keçəndən sonra onlara ev verilmədiyini görən və verilmiş sənədlərin saxta yolla hazırlandığını dərk edən məcburi köçkünlər pullarını geri qaytarmaq məqsədilə V.Mirzəyevanı axtarmağa başlayıblar.

    Zərərçəkmişlərin bir qismi “Qaçqınkom”a, digər bir qismi isə hüquq-mühafizə orqanlarına müraciət edərək V.Mirzəyevanın dələduzluq əməllərindən şikayətləniblər. Çox keçməyib ki, adıçəkilən qadının doğurdan da məcburi köçkünləri aldatdığı məlum olub.

    V.Mirzəyeva Esmira Quliyevaya Mehdiabad qəsəbəsindəki “Qrant” yeni yaşayış kompleksindən mənzil almasına köməklik edəcəyini deyib və 2013-cü ilin may ayında onun 6 min manat pulunu ələ keçirib. Eyni üsulla Əli Əhmədov, Cavid Əhmədov, Saməddin Rəsulov, Zakir Cabbarov, Aidə Əsədova və digərlərini aldada bilib. O, həmin şəxslərə Mehdiabad qəsəbəsində inşa olunan “Qrant” yaşayış kompleksinə dair order adı ilə verilən sənədi və mənzilin açarlarını zərərçəkmişlərə təqdim edib.

    Törətdiyi cinayət əməlinə görə V.Mirzəyevaya qarşı Cinayət Məcəlləsinin 178-ci ( dələduzluq), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs-qətimkan tədbiri seçilib.

    İş üzrə təqsirləndirilən Bayram Cabbarova qarşı isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

    Cəbrayıl RİH-nin 14 illik işçisi

    İstintaq zamanı Vüsalə Mirzəyeva əvvəlcə ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 14 il Cəbrayıl rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində mühəndis işləyib. 2013-cü ilin mart ayında mərhum tanışı Nəzakət Eyvazova onun iş yerinə gələrək mənzil şəraitinin pis olduğunu, Mehdiabad qəsəbəsində yeni inşa edilən binadan mənzil almasına köməklik göstərməsini xahiş edib: “Ona dedim ki, 3 min manat pul verilərsə imkan daxilində köməklik edə bilərəm. İyun ayında Nəzakətin çağırışı ilə onun qonşusu Göyərçinin evinə getdim. Orada Vəkilə Abbasova ilə tanış oldum. Göyərçin dedi ki, Nəzakətə 24 min manat verib ki, ona və qohumlarına ev almaqda yardım etsin.Nəzakətin doğrudan da mənə 24 min manat verdiyini bildirdim. Bir müddət sonra Vəkilə özü zəng vurub ona mənzil almaqda köməklik etməyimi istədi. Bu məqsədlə mənə 3 min manat pul da verdi”.

    “Məni tutduracağı ilə hədələyirdi”

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2013-cü ilin sentyabr ayında Nəzakət vəfat edib. Mərhumun həyat yoldaşı Qulu ona zəng vuraraq Nəzakətin Göyərçin vasitəsilə ona verdiyi pulları geri istəyib. O, da 24 min manat pulu Quluya qaytarıb: “O pulun hamısını Quluya qaytardım. Sonralar Vəkilə tanışları üçün mənzil almaqda köməklik göstərməyimi xahiş etdikdə razılaşdım. Sonradan müxtəlif şəxslərdən pul aldığını, amma ehtiyacı olduğundanxərclədiyini demişdi. Vəkiləyə mənzil almaq üçün söz verdiyimdən pulları özünün qaytarmasını bildirmişdim. Həmin ilin sentyabr ayında həmyerlim Əli Əhmədov iş yerimə gəlib övladlarına Mehdiabad qəsəbəsində qaçqınlar üçün tikilən binadan ev almağıma yardım etməyi xahiş etdi, razılaşdım. İş yerimdə oğlu Cavidin yanında 2 mənzil alınması üçün 9 min manat verdi. Daha sonra Əlinin tanışları da mənzil almaq üşün mənə 22500 manat vermişdilər. Əli mənə verdiyi pulları hissə-hissə Vəkiləyə verdim. Çünki Vəkilə əks təqdirdə məni tutduracağı ilə hədələyirdi”.

    “Pulun hamısını Vəkiləyə vermişəm”

    Təqsirləndirilən şəxs ifadəsində icra hakimiyyətindən işdən çıxarılmasının səbəblərinə də toxunub: “2014-cü ilin mart ayında Sarvan və həyat yoldaşı Sevda mənə zəng vurub mənzil alınması üçün Quluya pul verdiklərini, Qulunun da həmin pulu mənə verdiyini dedilər. Onlara Quludan pul almadığımı bildirdim. Həmin şəxslər məndən Cəbrayıl rayon icra hakimiyyətinə şikayət etdilər. Nəticədə məni işdən çıxartdılar. Sonradan Bayram Cabbarovla və onun anası Fitatla tanış oldum. Bayrama dedim ki, 6 min manat müqabilində istənilən şəxsə mənzil almaqda yardım edə bilərəm. Bayram da 27 nəfərin hər birindən 6 min manat alıb mənə verdi. Ümumilikdə 162 min manat aldım. Həmin pulları Vəkiləyə verdim”.

    Məhkəmə prosesi zamanı V. Mirzəyeva bir daha bütün pulları Vəkilə Abbasovaya verdiyini, bu günə kimi həmin şəxsin nə dindirildiyini, nə də onunla üzləşdirildiyini bildirib. Təqsirləndirilən şəxs qismində dindirilən Bayram Cabbarov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Texniki Universitetdə gözətçi işlədiyini, mənzil almaq üçün vətəndaşlardan aldığı pulların hamısını Vüsalə Mirzəyevaya verdiyini göstərib.

    “Qaçqınlar üçün tikilən binadan ev almaq istəyirdim”

    Zərərçəkmiş Esmira Quliyeva məhkəməyə verdiyi ifadəsində göstərib ki, məlum hadisələrlə bağlı 1993-cü ildən Cəbrayıl rayonundan köçkün düşüblər və məcburi köçkün kimi Bakıda məskunlaşıblar: “Mərhum qonşum Nəzakət dedi ki, bir nəfər tanışı vasitəsilə “Qaçqınkom”un Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulan binadan bizə ev almaqda yardım edə bilər. Deyirdi ki, icra hakimiyyətində adam var, növbədənkənar bunu etmək mümkündür. Birotaqlı, şəraitsiz evdə yaşadığıma görə hənanamgilə, həm də özümə qaçqınlar üçün tikilən binadan ev almaq istəyirdim. Nəzakət hər ev üçün 3 min manat lazım olduğunu dedi, ona 6 min manat verdim. Sonradan Nəzakət vəfat etdiyinə görə pulları Vüsalədən tələb etməyə başladım”.

    Zərərçəkmişin dediklərindən belə məlum olub ki, mənzil məsələsinin müşkülə çevriləcəyini görüncə Cəbrayıl Rayon İcra Hakimiyyətinə yollanıb. Həmyerlisi Vüsalə Mirzəyevanın orada işlədiyini bilən E.Quliyeva birbaşa onun yanına gəlib: “Vüsaləni çoxdan tanıyırdım. Anası ilə əvvəl bir yerdə işləmişik. Görüşdük, mənzil məsələsini ona danışdım. Dedi ki, narahat olma, pul məndədi, ev də düzələcək.Pulun bir qismini qaytardı, evlə təmin olunacağımı desə də, vədinə əməl etmədi. Pulumu qaytarmadığına görə polisə şikayət etdim”.

    Sənədlərin saxta olduğunu sonra biliblər...

    Zərərçəkmiş şəxs qismində dindirilən Əli Əhmədov ifadəsində göstərib ki, Vüsalə Mirzəyevanı və ailəsini Cəbrayıl rayonunda yaşayan vaxtlardan tanıyıb. Onun Cəbrayıl Rayon İcra Hakimiyyətində işlədiyini bilib. 2013-cü ildə Vüsalənin iş yerinı gedərək məcburi köşkünlər üçün tikilən binadan övladlarına ev almaq istədiyini deyib: “Vüsaləyə 9 min manat verdim. Həmin vaxt dedi ki, əgər qohumlardan etibarlı şəxs olarsa onlara da mənzil almaqda köməklik edə bilər. Ona görə də qohumun İsmayılı da onun yanına apardım. İsmayılın gətirdiyi 4500 manatı ev almaq üçün Vüsaləyə verdi. Daha sonra bacım oğlanları ŞaməddinləYaməddin ev almaq məqsədilə Vüsaləyə 9 min manat verdilər. 2014-cü ildə Vüsalə bizi yığıb məcburi köçkünlər üçün tikilən binaya apardı, alacağımız mənzilləri bizə göstərdi. Bir müddət sonra Vüsalə zəng vurub orderlərin hazır olduğunu dedi. Zəngləşib görüşdük, orderlərin surətini və 7 ədəd mənzilin açarını bizə verdi. Sonradan bildik ki, bizə verilən sənədlər saxtadır və Vüsalə aldadıb pullarımızı ələ keçirib. Odur ki, bu barədə hüquq-mühafizə orqanlarına şikayət etdik”.

    Şahid qismində dindirilən Adil Əlizadə ev almaq məqsədilə V.Mirzəyeva 9 min manat verdiklərini bildirib: “Anam Əsli Qasımovanın verdiyi pulu götürüb Vüsalə Mirzəyeva ilə görüşmək üçün “Əcəmi” metrosunun yaxınlığına gəldim. Xalamoğlu da yanımdaydı. Pulu sayıb Vüsalə Mirzəyevaya verdim. O, da bir-iki günə mənzil məsələsəsinin həll ediləcəyini dedi”.

    “Pulun kökü kimdədirsə onu axtarıb tapın”

    Zərərçəkmiş şəxs qismində dindirilən Elmira Quliyeva isə bu işin kökünü araşdırmağı məhkəmədən xahiş edib: “Bu pulu kim yeyib? Biz pulu Vüsaləyə vermişik. O, da deyir ki, pulun hamısını Vəkilə Abbasovaya verib. Xahiş edirəm, çağırın Vəkilə Abbasovanı gəlsin, açıqlama versin. Biz də bilək görək ki, pullarımızı kim qaytaracaq?”

    Növbəti prosesdə Ağdam rayon sakini Vəkilə Abbasovanın məhkəmədə iştirakının təmin olunacağı bildirildi.

    Qeyd edək ki, adıçəkilən şəxs cinayət işi üzrə şahid qismində tanınıb.

    Məhkəmə prosesi martın 14-də davam etdiriləcək.

    rublika.az


    Facebook-da paylaş