• Berlində bir şirkət pavilyonda “Karabakh” plakatı asıb..

    Berlində bir şirkət pavilyonda “Karabakh” plakatı asıb..

    "Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini ilhaq etmək, işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaratdığı qondarma rejimi təşviq etmək və işğalın nəticələrini möhkəmləndirmək üçün qazanc məqsədilə turizmdən sui-istifadə edir". Bunu Berlində keçirilən İTB Berlin beynəlxalq turizm sərgisində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin iştirakı məsələsinə münasibət bildirən Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

    Onun sözlərinə görə, 2009-cu ildə rəsmi İrəvan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin İTB Berlin turizm sərgisində iştirakı üçün təxribatçı cəhd göstərmiş və bunun qarşısı alınıb. Bu il İTB Berlin turizm sərgisinin təşkilat komitəsini aldadaraq başqa ad altında kommersiya şərtləri ilə qeydiyyatdan keçən bir təşkilat sərgi başlayan gün ona aid olan pavilyonda “Karabakh” adlanan plakat asıb. "Göründüyü kimi, yalan və saxtakarlıqdan belə çəkinməyən qondarma rejim bu cür davranışla əslində özünün kriminal təfəkkürlü mahiyyətini bir daha nümayiş etdirir".(ans)

    XİN rəsmisi qeyd edib ki, Azərbaycanın Almaniyadakı səfirliyi tədbirin təşkilatçıları ilə təmasda olaraq bu stendin ləğv edilməsi üçün tədbirlər görür. "Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini ilhaq etmək, işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaratdığı qondarma rejimi təşviq etmək və işğalın nəticələrini möhkəmləndirmək üçün qazanc məqsədilə turizmdən sui-istifadə edir.

    Azərbaycan Respublikası 2014-cü ilin oktyabrında Səmərqənddə keçirilmiş Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının 99-cu sessiyasında ÜTT-nin nizamnaməsinə, beynəlxalq hüquqa və turizmin fundamental məqsəd və məramlarına zidd olaraq turizmin siyasi məqsədlər üçün sui-istifadə edilməsi, münaqişə zonaları və qeyri-qanuni hərbi işğal altında olan ərazilərin turizm məntəqəsi kimi təşviq olunması kimi narahatlıq doğuran halları gündəmə gətirib. Bu kimi əməllərin ÜTT və BMT Baş Assambleyası tərəfindən təsdiq olunmuş Turizmə dair Qlobal Etik Məcəlləyə zidd olduğu da qeyd olunub".

    Turizmə dair Qlobal Etik Məcəlləyə əsasən, turistlərdən və turizm sahəsində fəaliyyət göstərən qurumlardan səfər edilən ölkənin qanunlarına hörmət etmək və turizm səfəri zamanı cinayət əməlləri və səfər edilən ölkənin qanunlarına görə cinayət hesab oluna biləcək hər hansı fəaliyyətdən kənar durmaq tələb olunur.

    H.Hacıyev deyib ki, Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurası 2015-ci ilin mayında Xorvatiyada keçirilmiş 100-cü sessiyasında Azərbaycanın təklifi əsasında Turizmin Etik Qaydaları üzrə Dünya Komitəsinin “Münaqişə zonalarının turizm məntəqəsi kimi təşviqinin və turizmin qeyri-qanuni məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı tövsiyələri nəzərdən keçirib. Bu tövsiyələr əsasında hökumətləri, turizm sektorunda olan dövlət və özəl müəssisələri bütün hallarda, o cümlədən hərbi münaqişələr zamanı Turizmə dair Qlobal Etik Məcəllə, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutmağa çağıran qərar qəbul edilmişdi.

    "ÜTT-nin Nizamnaməsini, Turizmə dair Qlobal Etik Məcəlləni, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrini rəhbər tutaraq Azərbaycan tərəfi bütün dövlətləri, turizm sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərində işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin turizm məntəqəsi kimi təşviq və sui-istifadə edilməsinə imkan verməmək üçün təsirli addımlar atmağa çağırır".

    rublika.az


    Facebook-da paylaş