• Azərbaycan TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ..

    Azərbaycan TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ..

    İdman yarışlarında qələbə əldə etmək hər bir idmançının arzusudur. Bəzən bu arzunu reallaşdırmaq naminə qaydaların üstündən keçən idmançılara da rast gəlinir. Qadağan olunmuş dərmanlardan, dopinqdən istifadə etməklə fəxri kürsüyə qalxan idmançılar az olmayıb. Amma adətən belə qələbələrin ömrü də az çəkir. İdmançının qadağan edilmiş kənar vasitələrlə qalib olduğu müəyyənləşən kimi həm qələbəsi əlindən alınır, həm də müxtəlif cəza metodları ilə üz-üzə qalır.

    Bu cəzalara pul cəriməsindən tutmuş, müəyyən müddətə yarışlardan uzaqlaşdırılmağa qədər cəzalar aiddir. Azərbaycan idmançıları da bu cür hallarla üzləşməli olublar. Məsələn, bir müddət əvvəl Ağır Atletika Federasiyasının idmançıları dopinq testlərindən keçə bilmədiyi üçün yığma komanda əvvəl 500, sonra isə 200 min AZN cəzalanıb.

    Bəzən hansı dərmanın qadağan olunub-olmamasını müəyyənləşdirmək çətinlik yaradır. Bir neçə gün əvvəl dünyanın ən yaxşı idmançıları sırasında göstərilən rusiyalı tennisçi Mariya Şarapovanın və bir neçə başqa idmançının qanında dopinq tapılıb. İdmançının qanında qadağan edilmiş meldoniy maddəsi aşkar edilib. İdmançı meldronatın qadağan olunmasından xəbərinin olmadığını deyib. ANS PRESS Azərbaycan idmançılarının bu təhlükə ilə üz-üzə qalma ehtimalının nə qədər olduğunu araşdırıb.

    Azərbaycanın ağırlıq qaldırma üzrə yeganə Olimpiya dərəcəli hakimi, Əməkdar məşqçi Vahid Nəzərovun ANS PRESS-ə verdiyi açıqlamaya görə, idmançıların dopinq testlərində "ilişmələrinin" səbəbi məşqçilərin və federasiyanın rəhbər heyətinin məsuliyyətsizliyidir. O hesab edir ki, əgər komandalarda seminar keçirilib, idmançılara başa salınsa, dopinq problemi olmaz:(ANS)

    "Məşqçilərin məsuliyyətsizliyinə görə, illərdir hazırlanmış idmançılar məhv olur".

    “Onlara informasiya verən yoxdur. Məsələn, təcrübəli idmançı Mariya Şarapovanın heç vaxt dopinq problemi olmayıb. İndi isə məlumatsız olduğu üçün dopinq testindən keçə bilməyib. Məşqçilərin məsuliyyətsizliyi belə hallara gətirib çıxarır. Axı idmançı bütün günü zalda məşq edirsə, haradan xəbəri olacaq?! Məşqçilərin məsuliyyətsizliyinə görə, illərdir hazırlanmış idmançılar məhv olur. O, idmançılar ki, Azərbaycana yaxşı xallar verə bilərlər”.

    İdman xadimi məşqçilərin cavan və təcrübəsiz olduğu üçün belə halların baş verdiyini deyir. Məşqçinin tövsiyəsi budur ki, federasiya rəhbərləri, məşqçilər seminarlar, treninqlər keçirməlidirlər ki, son xəbərlərdən mütəmadi olaraq idmançıların məlumatları olsun.

    DİN-in İdman Cəmiyyətinin Kikboksinq bölməsinin baş məşqçisi, Əməkdar məşqçi Hakim Hacıyev yarışlarda yarımfinal və final mərhələsində dopinq yoxlaması aparılmadığını deyib. O qeyd edib ki, hansı idmançı şübhəli görünürsə, o halda dopinq testdən keçirilir. H.Hacıyev belə testlərin hər zaman mümkün olmadığını hesab edir:

    “Bizim cəmiyyətimizdə 200-300 nəfər idmançı var. Federasiyada isə 100-dən artıq klub və təxminən 10000 nəfər idmançımız var. Mən hələ indiyə qədər görməmişəm ki, kikboksinq çempionatında yarımfinal və final mərhələsində dopinq yoxlaması aparılsın. Məsələn, protanaid dərmanlar var ki, idmançılar onları çəki atmaq üçün qəbul edirlər. Bu dərmanların qiymətləri 5-10 qəpikdir. O dərmanlara görə də dopinq kontrolunda ilişmək olar. Amma mən öz tələbələrimə icazə vermirəm ki, onlardan istifadə etsinlər".

    Boks Federasiyasının mətbuat katibi Ramiz Mirzəyev qeyd edib ki, həkimlərin nəzarəti altında boksçular hər hansı bir dərmandan istifadə edirlər: "Ümumiyyətlə, məşqçilər və həkimlər idmançılara məşq zamanı nəzarət edirlər. Həkimlər dərmanların tərkibini öyrənmədən, razılıq verməsələr, idmançılar onu qəbul edə bilməzlər. Əksər halda idmançılardan əlavə həkimlər də cəzalanırlar. Bu vaxta kimi boksda hələ dopinq problemi olmayıb".

    Ümumiyyətlə, daha çox güc tələb edən idman növlərində dopinq qalmaqalı olur. Məsələn, tennis, ağırlıqqaldırma, velosiped kimi idman növlərində yarışan idmançılar qadağan olunmuş dərmanları istifadə edirlər. Mariya Şarapova da bu preparatı 2006-cı ildən qəbul edib. O zaman onun səhhətində problem aşkar edilmişdi. Bütün bu müddət ərzində o, bu dərmanı qəbul edib. Çünki dərman orqanizmdəki maqnium çatışmazlığı ilə mübarizədə kömək edib.

    Məlum olduğu kimi, idmançıların əksəriyyəti hansı dərmanların dopinqə görə qadağan edildiyi barədə kifayət qədər informasiyaya malik deyillər. Bunu isə onlar vaxtlarını daha çox məşq zallarında keçirmələri ilə əsaslandırırlar.

    RUBLİKA.AZ


    Facebook-da paylaş