• Nizami rayon icra başçısının baş bəlasına çevrilən kreslosu..

    Nizami rayon icra başçısının baş bəlasına çevrilən kreslosu..

    Son günlərin ən qalmaqallı məmurlarından biri də Bakının Nizami RİH başçısı Arif Qasımovdur. Nizami İcra Hakimiyyətinin rəsmi internet səhifəsində onun maraqlı fotosu yerləşdirilib və bu məsələ mətbuatın böyük marağına səbəb olub.

    Arif Qasımovun baş bəlasına çevrilən kreslosu...

    Belə ki, İcra Hakimiyyətinin rəsmi internet səhifələrində "İH-nın Başçısı" bölməsində başçı haqqında yerləşdirilmiş məlumatda maraqlı hal müşahidə olunub. İH başçısının kabinetində oturduğu kreslonun böyüklüyü və əzəməti istər-istəməz gözə çarpır.

    İxtisasca hüquqşünas olan və vəzifə mərtəbələrini pillə-pillə çıxan Arif Qasımovun belə əzəmətli kresloya həvəsi hər halda təsadüf ola bilməz.

    Ötən il, Rusiya saytlarının dövlət başçılarınınn iş otaqları haqda yaydığı xəbərdə Azərbaycan prezidenti İlham Əliyevin kabineti də daxil bir çox ölkə rəhbərlərinin kabinetlərinin fotosuna yer verilmişdi. Lakin heç bir prezidentin, baş nazirin kreslosu Arif Qasımovun kreslosundan daha əzəmətli deyildi...

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İndi isə gəlin, əzəmətli kreslosu ilə medianın diqqətini özünə cəlb etmiş icra başçısı ilə daha yaxından tanış olaq.
    Arif Qasımovla bağlı ən diqqətçəkən informasiyaları oxuculara təqdim edilib. Beləliklə...

    Qısa tərcümeyi-halı

    Arif Qasımov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda – Xanlıqlar kəndində anadan olub. O, Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas iftisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayonu İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləyib. İcra hakimi vəzifəsinə təyin olunana qədər isə Nizami Bələdiyyəsinin sədri olub. İndiki vəzifəsi haqda sərəncamdan öncə Arif Qasımov prezidentin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

    Fermalardan, obyektlərədək biznesi

    Digər yüksək çinli məmurlarımız kimi, A.Qasımov da geniş biznes şəbəkəsi ilə tanınıb. 2011-ci ildə Siyəzənin icra başçısı təyin olunan Arif Qasımov özü üçün rayonda bir neçə nəhəng ferma inşa etdirib. Bu fermaları saхlamaq üçün təbii ki, əkin və otlaq sahələrinə ehtiyac var. Arif Qasımov bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını zəbt edib. Həmin ərazilər indi icra başçısının fermalarına хidmət edir.Bundan başqa araşdırmalar zamanı öyrənildi ki, Arif Qasımovun Siyəzəndə bir neçə üzlük daş sexləri də fəaliyyət göstərir. Həmin seхlər rayonda görülən bütün təmir-tikinti işlərini tikinti materialları ilə təmin edirdi və çox yəqin ki bu proses Nizami rayonunda davam etdiriləcək. Amma Arif Qasımovun biznesi Siyazənlə mədudlaşmır. Məlumatlı mənbələrin sözlərinə görə, onun əvvəllər bələdiyyə sədri işlədiyi, indi isə icra başçısı kimi təyinat aldığı Nizami rayonunda, icra başçısının nümayəndəsi olduğu Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti fəaliyyət göstərir. Həmçinin icra başçısının Bakının müхtəlif yerlərinə tikinti işləri apardığı bildirilir. Paytхatda özünün və yaхınlarının adına onlarla mənzilinin, dəyəri milyonlarla manatla ölçülən bir neçə villasının olduğu da deyilir.

    Məhkəməyə çıxan rüşvət qalmaqalı

    Yeri gəlmişkən, Arif Qasımov ötən il 600 min manatlıq maхinasiyada ittiham olunmuşdu. Belə ki, Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi. Məlumata görə, bu işdə Siyəzən İcra Hakimiyyətinin başçısı Arif Qasımov da iştirak edib. Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində belə deyib. O, istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib.

    Qohumlar şəbəkəsi

    Siyəzənə rəhbərlik edən məmurun Nizami İcra Hakimiyyətində və bələdiyyəsində kifayət qədər dostu var. Məmur bu dostlarının vasitəçiliyi ilə Nizami rayonunun mərkəzi hissələrində torpaq sahələri alıb obyektlər tikdirir. Onun icra etdiyi tikinti layihələrinə, ümumiyyətlə biznesinin idarə olunmasına qardaşı Vüqar Qasımov nəzarət edir. Bundan başqa, Arif Qasımovun bəzi yaxın qohumları Sabunçu rayonunun Ramana qəsəbəsində qanunsuz torpaq satışı ilə məşğul olurlar. Sözügedən qəsəbənin yarısı məhz icra başçısının qohumları tərəfindən satılıb. Həmin şəxslərin arxasında isə birbaşa icra hakiminin özü dayanıb.

    Qardaşının müəmmalı qətli

    Aparılan araşdırmalar nəticəsində aydın oldu ki, Arif Qasımovun qardaşı Vidadi Qasımov 2007-ci ilin iyun ayında silahlı insidentdə iştirak edib. Belə ki, iyunun 17-də saat 01.00 radələrində Atatürk prospektində yerləşən "Pürrəngi” çayxanasında atışma olub. Nərimanov rayon prokurorluğunun məlumatına görə, Münaqişə zəminində Arif Qasımovun qardaşı Vidadi Adil oğlu Qasımov odlu silahdan açılan atəşlə yaralanıb. Güllə yarası alan Vidadi Qasımov Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Lakin cinayətin nəyin üstə törədilməsi indiyə kimi ictimaiyyətə açıqlanmayıb.

    İcra başçısının "kassir” qardaşı

    A.Qasımov və ona bağlı olaylar haqda aparılan araşdırmalar zamanı diqqət çəkən daha bir xəbər icra başçısının digər qardaşı ilə bağlıdır. DMX-nin Bakı Regional İdarəsinin rəis müavini İntiqam Məmmədov DMX-nin rəisi general Firudin Nəbiyevin "əziz-xələf” kirvəsidir. Bəli, Firudin Nəbiyevin kirvəsi İntiqam Məmmədov miqrasiya xidmətində söz sahibidir. O, öz yaxın qohumu Vüqar Qasımovu DMX-nin Bakı Rergional İdarəsində "yağlı vəzifəyə” otuzdurub, yəni qohumuna "kassirlik” edir. Həmin bu Vüqar Qasımov isə icra başçısı Arif Qasımovun qardaşıdır.

    rublika.az


    Facebook-da paylaş