• Borclara görə ölkədə həbslər başlandı..

     Borclara görə ölkədə həbslər başlandı..

    Əkrəm Həsənov: “Qəbul edilmiş qərar Azərbaycanın qoşulduğu beynəlxalq qanunlara ziddir”

    Artıq ölkədə bank borclarına görə həbslər başlayıb. Bu barədə tanınmış hüquqşünas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, 11 mart tarixdə Səbayel Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov 28 yaşlı Vahid Kərimovu zamin olduğu kredit borcuna görə 10 gün müddətinə həbs edib: “İşin qısa mahiyyəti belədir. Bir vətəndaşın ”Rabitəbank"a 7225,7 manat borcu var. Həmin borc üzrə girov da var. Üstəlik, 3 zamin də var. Zaminlərdən biri cümə günü həbs edilən Vahid Kərimovdur. Kərimovun 2 və 3 yaşında körpə uşağı var. Özü və həyat yoldaşı işləmirlər. Buna baxmayaraq, zamin olduğu borc üzrə birtəhər 200 manat tapıb ödəyib. Borclu və digər zaminlər isə heç nə ödəməyib, onları narahat edən də yoxdur.

    İcra məmurları girovu hərraca çıxarmağa da tələsmir. Yalnız fağır gördükləri Kərimovu təqib edirlər ki, gəl, filankəsin borcunu ödə. Nəhayət, 11 martda icra məmuru protokol tərtib edərək Kərimova qarşı inzibati xəta haqqında işin icraatına başlayıb. Dərhal da hakim Əhmədov İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə (“Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi”) əsasən Vahid Kərimovu həbs edib. Bu qanunsuzluqdur! Çünki sözügedən maddəyə görə məsuliyyət yalnız borcun üzürsüz səbəbdən ödənilməməsi halında ola bilər. Hakim qərarının əvvəlində özü Kərimovu “iki azyaşlı uşağı olan, işləməyən” kimi xarakterizə edir. Gəliri olmayan, heç 2 körpəsini saxlamağa pulu olmayan şəxs başqasının borcunu nəyin hesabına ödəməlidir? Gəliri yoxdursa, deməli, məhkəmə qərarını üzürlü səbəbdən icra etmir. Yəni bunu anlamaq belə çətindir hakim üçün? Kərimovun təqsiri nədir?"(musavat)

    Ekspert bildirir ki, qəbul edilmiş qərar Azərbaycanın qoşulduğu “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 11-ci maddəsinin və “Avropa İnsan Hüquqları Konvensiyası”nın 4-cü Protokolunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır: “Həmin sənədlərə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Buna görə də iş Avropa Məhkəməsinə getsə, məsələ birmənalı olaraq Kərimovun xeyrinə həll olunacaq. Kərimov elə martın 11-də özü qərardan apelyasiya şikayəti verib. Martın 12-də isə onun ailəsi antikollektora müraciət edib. Vahid Kərimovun vəkiliyəm. Martın 14-də 16.00-da Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə apelyasiya şikayətinə baxıldı”.

    Vəkil dedi ki, prosesdə hakim onların şikayətini təmin etməyib və vətəndaşı həbsdə saxlayıb: “Bankın nümayəndəsi bildirdi ki, vətəndaş qeyri-rəsmi işləyir və 300 manat alır. Vətəndaş da bunu təsdiq edir. Mən isə bildirdim ki, onun aldığı bu pul ailəsinə yetmir, yaşayış minimumundan artıq qalmır. Düşünürəm ki, bu, banklar tərəfindən düşünülmüş bir addımdır. Banklar əhalini qorxutmaq istəyirlər ki, borclara görə tutarlar, əsl məqsəd budur. Vətəndaşlara tövsiyəm var ki, bu kimi məsələləri Avropa Məhkəməsinə vermək, çıxarmaq lazımdır. Avropa Məhkəməsinədək gedəcəyik. Görəsən, qanunları kobud şəkildə pozaraq əhalini narazı salan və Avropa Məhkəməsində dövlətimizin birmənalı uduzacağı işlərə təkan verərək bizi dünyada rüsvay edən kimlərdir?

    Görəsən, ilk qaranquşun ”Rabitəbank" olması təsadüfdürmü? Axı həmin bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev həmçinin Banklar Assosiasiyasının da prezidentidir. Avropa Məhkəməsi birmənalı olaraq deyəcək ki, belə qərarlar qanunsuzdur və bu presendent kəsiləcək. Vətəndaşlar Avropa Məhkəməsinə şikayət verməsələr, belə halların sayı artacaq və banklar əhalinin üstünə gedəcək. Bu, bizim və “Antikollektor” MMC-nin apardığı maarifləndirmə işinə qarşı düşünülmüş bir işdir. Bu gündən elan edirəm ki, özüm və “Antikollektor” MMC borca görə həbs edilən vətəndaşlara tam pulsuz xidmət göstərəcəyik. Avropa Məhkəməsinə də onların şikayətlərini pulsuz hazırlayıb göndərəcəyik. Kimin belə problemi varsa, mütləq bizə müraciət etsin".

    rublika.az


    Facebook-da paylaş