• Bankların vətəndaşları soymaq üçün əl atdığı YENİ ÜSUL..

    Bankların vətəndaşları soymaq üçün əl atdığı YENİ ÜSUL..

    Devalvasiya tikdiyi evləri sata bilməyən bir sıra mənzil tikinti kooperativlərini (MTK) yeni möhtəkirlik üsulları düşünməyə vadar edib.

    Sadəcə adı “kooperativ” olan bu şirktələr müştərini aşağı faizli manatla ipoteka kreditlərinə cəlb edirlər. Müştəri ilə saziş bağlayıb ilkin ödənişi alırlar, daha sonra onu banka göndərirlər və əsas problemlər bundan sonra başlayır. Müştərini qəbul edən banklar onu psixoloji təsir altına salaraq yuxarı faizli dollar kreditlərinə qol çəkdirirlər.

    “Reklamda illik dərəcəsi 8% olan manatla ipoteka kreditindən bəhs edilirdi. Bank bizə illik dərəcəsi 12% olan dollarla kredit müqaviləsinə imza atdırdı".
    Bakının belə aldadılmış sakinlərindən biri də 2015-ci ilin may ayında metronun “20 yanvar” stansiyasının yaxınlığında bina tikən MTK-lərin birindən mənzil almış Günel Hacıyevadır. ANS PRESS-ə müraciət edən Bakı sakini MTK-nin reklam bukletinə aldandığını bildirir: “Reklamda illik dərəcəsi 8% olan manatla ipoteka kreditindən bəhs edilirdi. İlkin ödəniş kimi 30 min manata yaxın pul ödədikdən sonra bizi banka göndərdilər və bank bizə illik dərəcəsi 12% olan dollarla kredit müqaviləsinə imza atdırdı. Təbii ki bankın psixoloji təsiri oldu. Həm də o vaxt dollar 1,05 manat idi, əvvəlki məzənnədən çox da ciddi fərqlənmirdi”.

    Amma dekabrın 21-dən sonra dolların məzənnəsi 1,56 manata qalxdıqdan sonra Günel Hacıyeva krediti ödəyə bilmiəyib: “Əvvəl ayda 1200 manat ödəməliydiksə, bank indi 1800 manat tələb edir. Artıq bunu verməyə gücümüz çatmır. Ona görə də iki aydır ki, heç bir ödəniş edə bilmirik. İndiyə kimi 30 mindən çox vəsait ödədiyimizə görə MTK-dən çıxa da bilmirik”.

    Günel Hacıyevanın ailəsi sözügedən MTK tərəfindən aldadılmış tək ailə deyil, binadan mənzil almış 40-a yaxın ailə eyni durumla üzləşib. Bina sakinləri ümidlərini məhkəməyə bağlayıblar və Mülki Məcəlləyə əsasən borclarının köhnə məzənnə ilə ödənilməsi barədə qərar verilməsini istəyirlər.

    Azərbaycan Mərkəzi Bankının (AMB) ipoteka kreditləri üzrə statistikasına nəzər saldıqda 2015-ci ildə yüzlərlə ailənin MKT və banklar tərəfindən bu cür çətin vəziyyətə salındığını anlamaq olar. 2015-ci ildə Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən 2100, kommersiya bankları tərəfindən bundan bir qədər az ipoteka krediti verilib. AİF vəsaitləri ilə 113,6 milyon manatlıq, kommersiya banklarının vəsaiti ilə isə 97,2 milyon manatlıq mənzil ipoteka vreditinə verilib .

    Qanunvericiliyə görə, AİF kreditləri ancaq manatla verilir, adi kreditlərin illik dərəcəsi 8%, güzəştli kreditlərin dərəcəsi isə 4% -dir. Yəni AİF-in kreditlərində elə bir problem yoxdur.

    Problemlər əsasən kommersiya bankları ilə MKT-lərin birgə həyata keçirdiyi iri ipoteka layihələrində müşahidə edilir. 2015-ci ildə çox sayda MKT-nın manatla 8%-lik kredit elanları ilə gündəmi zəbt etməsi nəzərə alındıqda, çox sayda ailənin oxşar problemlərlə üzləşdiyini güman etmək olar.

    "İpoteka kreditlərinin xarici valyuta ilə verilməsi qadağan edilməlidir. Müştərini bu cür aldadan MTK-lara sərt cəzalar verilməlidir".
    İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin aparıcı mütəxəssisi, “İqtisadi forum” jurnalının baş redaktoru Samir Əliyev ANS PRESS-ə müsahibəsində bu cür problemlərdən qaçmaq üçün qanunvericilikdə dəyişiklik edilməsini vacib sayır: "İpoteka sosial məsələ olduğuna görə, bu cür kreditlərin xarici valyuta ilə verilməsi qadağan edilməlidir. Həmçinin müştərini bu cür aldadan MTK-lara da sərt cəzalar verilməlidir. Bu, maşın deyil, mebel deyil ki, ailə onsuz keçinə bilsin. Əlində olan bütün vəsaiti ilkin ödəniş kimi aladadılaraq alınmış vətəndaşın bu cür çətin vəziyyətə salınmasına yol vermək olmaz. Buna görə də "Banklar haqqında" qanuna dəyişiklik edilməsinə ehtiyac var".

    Əslində, Samir Əliyevin verdiyi təklif parlamentin də diqqətində olmalıdır. İndiyə kimi bu sahədə əsasən bankların xeyrinə qərarlar verilib və həmişə müştərilər uduzub. Milli Məclis hərəkətə keçib buzu sındırmalıdır və müştərilərə öz dəstəyini nümayiş etdirməlidir. Bu, müştərilər üçün yararlı olduğu kimi bankların da işinə yarayar. Hər halda, müştərilərin sektora inamı artar və bu, bank sahəsinə böyük vəsaitlərin axmasına təkan ola bilər.

    rublika.az


    Facebook-da paylaş