• «Palıdlı Sahil» İstirahət Mərkəzinin sahibi cəzalandırıla bilər..

    «Palıdlı Sahil» İstirahət Mərkəzinin sahibi cəzalandırıla bilər..

    Nüfuzlu şəxslərdən birinə aid olan obyektdə zəhərlənmə və ölüm halları baş verib Kriminal «razborka»larda iştirak edən dəstə ilə istirahət mərkəzini nə birləşdirir?

    Lənkəran rayonunun palıdlı meşə zolağında, Aşağı Nüvədi qəsəbəsində yerləşən «Palıdlı Sahil» Ailəvi İstirahət Mərkəzində ölüm hadisəsi baş verib. Bununla verilən informasiyada deyilir ki, istirahət mərkəzində dincələn Bakı şəhəri Azadlıq prospekti 179/50 ünvanında qeydiyyatda olan 61 yaşlı Ələddin Nuşrəddin oğlu Səfərov ötən gün səhər naməlum səbəbdən dünyasını dəyişib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Ölümün səbəbi aparılacaq ekspertizanın rəyinə əsasən müəyyənləşəcək. Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Nəzərinizə çatdıraq ki, adıçəkilən istirahət mərkəzində indiyədək bir neçə dəfə bunabənzər xoşagəlməz hallar yaşanıb. Məsələn, 2012-ci ilin iyul ayının 10-da «Palıdlı Sahil» Ailəvi İstirahət Mərkəzində kütləvi zəhərlənmə qeydə alınıb. Həmin məkanda istirahət edənlərin sözlərinə görə, günorta yeməyindən bir neçə saat sonra qonaqların çoxu özünü pis hiss etməyə başlayıb. Artıq axşam saatlarında bir neçə nəfər kəskin ishalla Lənkəran Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Həkimlər isə öz növbəsində, qusma ilə müşayiət olunan ishalın qida zəhərlənməsindən əmələ gəldiyini bildirib. Beləliklə də iyulun 10-dan 11-nə keçən gecə «Palıdlı Sahil»də dincələn təxminən, 50-yə yaxın şəxsdə zəhərlənmənin simptomları aşkar olunub. Onlardan bəziləri, xüsusən azyaşlı uşaqları olan ailələr təcili Bakıya qayıtmaq qərarı verib. Ancaq zəhərlənənlərin vəziyyətinin pisləşməsi onların təcili şəkildə yaxın rayonlardakı xəstəxanalara və təcili yardım məntəqələrinə müraciət etməyə məcbur edib. Ötən ilin aprel ayında isə polis adıçəkilən ailəvi istirahət mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində 5 nəfər həbs edilib. Bu barədə əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, həmin vaxt həbs edilənlər arasında gənclər çoxluq təşkil edib: «Onlardan biri 2004-cü ildə «Ginnesin Rekordlar Kitabı»na adı düşmüş Lənkəranın Aşağı Nüvədi kəndinin sakini, 18 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadədir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord «Ginnesin Rekordlar Kitabı»na düşüb. Çünki Ələsgər Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb. Onu da qeyd edim ki, «Palıdlı Sahil» Ailəvi İstirahət Mərkəzi nüfuzlu şəxslərdən birinə aiddir. Məhz o, ötən ili naprel ayında polisin keçirdiyi əməliyyat zamanı həbs olunanların azad edilməsi ilə bağlı hüquq-mühafizə orqanlari ilə danışıqlar aparıb. Deyilənlərə görə, idmançılardan ibarət həmin dəstə istirahət mərkəzinin sahibinin himayəsində olub. Bu dəstənin kriminal «razborka»larda iştirakı ehtimal olunur». «Palıdlı Sahil» Ailəvi İstirahət Mərkəzində futbol meydançası, tennis kortu, voleybol, badminton, çimərlik, velosipedlə, qayıqla gəzintilər, balıqçılıq, sauna, mini-bar, 3 mərtəbəli əsas korpusda bir böyük və beş qış, iki böyük yay banket zalları, restoran, fin hamamı və şərq hamamı, massaj xidmətlərinin mövcud olduğunu vurğulayan mənbənin sözlərinə görə, nüfuzlu şəxslərdən birinə aid olan bu obyektdə günlük istirahətin qiyməti 200 manatdır: «Əgər hazırlıq, yol xərclərini də əlavə etsək, 10 günlük istirahətin qiyməti təxminən 2400 manata başa gəlir. Onu da qeyd etmək lazımdır ki, bu qiymətə Türkiyənin, Gürcüstanın istirahət məkanlarında daha uzunmüddətli, daha keyfiyyətli istirahət mümkündür. Bir məqamı da diqqətinizə çatdırım ki, manatın sonuncu devalvasiyasından sonra «Palıdlı Sahil» Ailəvi İstirahət Mərkəzi ciddi maliyyə sıxıntısı ilə üz-üzə qalıb. İş o yerə çatıb ki, artıq adıçəkilən obyekt iflas olmaq ərəfəsindədir. Belə ki, istirahət mərkəzinin işçilərinin 70-80 faizini ixtisara salması bu barədə deyilənləri təsdiqləyir. Görünən odur ki, baş verən son ölüm hadisəsindən sonra «Palıdlı Sahil» Ailəvi İstirahət Mərkəzinin vəziyyəti bir qədər də çətinləşəcək. Çünki artıq hüquq-mühafizə orqanları məsələni ciddi şəkildə araşdırmağa başlayıblar. Ehtimal etmək olar ki, bu işin sonunda sözügedən obyektin sahibi qanuna müvafiq formada cəzalandırılsın».

    rublika.az


    Facebook-da paylaş