• Rayonların qaytarılması: Kazan sənədinin mahiyyəti..


    Kazan görüşündə 5 rayon yox, 6 rayon, üstəgəl Laçın şəhəri istisna olmaqla bütün Laçın kəndlərinin geri qaytarılması nəzərdə tutulmuşdu.

    Bunu açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli söyləyib. Onun sözlərinə görə, Azərbaycan yalnız 5 rayonun geri qaytarılması ilə razılaşmayacaq:

    “İndi ruslar gah baş nazir, gah da politoloq səviyyəsində məsələni 5 rayon səviyyəsinə gətirirlər. Ancaq Azərbaycan erməni qoşunlarının öz ərazisindən çıxmasını və daha sonra beynəlxalq təşkilatların iştirakı ilə Dağlıq Qarabağın statusunun həll olunmasını istəyir. İndi rus politoloq və rəsmilərin hərəsinin ağzından bir avaz gəlir. Ortada problemi həll etməyin bir neçə sənədi var. Bunlar sırasında ATƏT-in hazırladığı Soçi görüşlərinin və Kazan görüşünün sənədləri mövcuddur. Kazan görüşü zamanı ciddi kompromisə nail olundu. Həmin görüşdə erməni tərəfi razılıq verdi ki, faktiki olaraq yeddi rayondan öz qoşunlarını çıxaracaq, bundan sonra Qarabağda referendum məsələsi müzakirə ediləcək. Lavrov Bakıya gələndə dedi ki, Rusiya prezidentinin stolunun üstündə Kazan görüşünün sənədləri var. Kazanda yeddi rayonun geri qaytarılması ilə bağlı razılıq verilmişdi, amma indi 5 rayondan söhbət açılır və əlbəttə ki, Azərbaycan bunu qəbul etməyəcək. Bu, Azərbaycanın milli maraqlarına cavab vermir. Kazan görüşünün sənədlərini heç kim saxtalaşdıra bilməz”.(axar.az)

    O, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonunun bu ilin sonuna qədər geri qaytarılmasının Rusiyanın iradəsindən asılı olduğunu bildirib:

    “Dağlıq Qarabağda hazırda heç 50 min erməni yoxdur. Azərbaycan hələ ki, referendum haqqında məsələyə müsbət münasibət bildirmir. Bakı münasibət bildirəndə deyir ki, referendum Azərbaycan qanunları əsasında keçirilməlidir. Referendum haqqında Azərbaycanın qanunu var. Yəni, bu referendum təkcə Dağlıq Qarabağ yox, bütün Azərbaycan ərazisində keçirilməlidir. Biz yalnız bu halda referenduma razı ola bilərik. Əks təqdirdə Qarabağ üçün ayrıca referendum hazırlanmasının tərəfdarı deyilik. Azərbaycan Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsinin tərəfdarıdır, lakin bir şərtlə ki, Azərbaycanın unitar respublika formasına dəyişiklik olmasın. Bu ilin sonuna qədər Qarabağda irəliləyiş Rusiyanın iradəsinə bağlıdır. Yeddi rayonun qrafik üzrə qaytarılması əgər qəbul olunub, təsdiqlənərsə, o zaman Azərbaycan buna gedəcək. Əgər ermənilər bunu da pozsalar, hər şey dəyişəcək”.

    Xatırladaq ki, bir neçə gün öncə 2011-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündən əvvəl razılaşdırılmış prinsiplərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda əsas kimi götürülə biləcəyi qeyd olunmuşdu.

    Həmin sənədə əsasən, əvvəlcə tənzimlənmənin əsas prinsipləri imzalanmalı, daha sonra isə Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə başlamalıdırlar. Sənəddə nəzərdə tutulur ki, İrəvan Dağlıq Qarabağ ətrafındakı rayonlardan işğalçı qoşunlarını çıxarmalıdır. Bu ərazilərə Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndi daxildir. Həmin ərazilərdə təhlükəsizliyin qorunması beynəlxalq sülhməramlı qüvvələrə həvalə oluna bilər. Laçın rayonunda isə Ermənistanla Qarabağı birləşdirilən dəhliz yaradılır.

    Dağlıq Qarabağın hüquqi statusu isə bir neçə ildən sonra referendum yolu ilə müəyyənləşdirilməlidir, bir şərtlə ki, köçkünlər öz yurdlarına qayıtsınlar. Bu sənəddə əsas müddəa isə Bakı və İrəvanın mübahisələrin həlli üçün güc tətbiqindən hüquqi öhdəlik şəklində imtina etmələridir.

    Rusiyalı ekspert Sergey Markov bu gün mətbuata açıqlamasında bu ilin sonuna qədər Azərbaycana beş rayonunun qaytarılacağını bildirib.

    rublika.az


    Facebook-da paylaş