• Sərkisyanın qara günləri başlayır - Düşməni gəlir

    Sərkisyanın qara günləri başlayır - Düşməni gəlir

    Ermənistanın keçmiş xarici işlər naziri, hazırda ölkə parlamentinin deputatı olan Vardan Oskanyan yeni siyasi partiya yaratmaqla bağlı mövqeyini qətiləşdirib.

    Sabiq nazir yaradacağı partiya ilə bağlı sabah - aprelin 27-sində rəsmi bəyanatla çıxış edəcək.

    Oskanyan az öncə yerli jurnalistlərə özü bu barədə açıqlamasında bildirib. Qeyd edək ki, illər öncə ölkəsini birdəfəlik tərk edəcəyi deyilən sabiq nazirin sonralar aktiv siyasi fəaliyyətlə məşğul olacağı və yeni partiya yaradacağı anonsu verilmişdi. Nəhayət, bu ilin martında o, iddiaları təsdiqləmişdi.

    Lakin son açıqlamasında Oskanyan kimlərlə partiya qurduğunu konkretləşdirməyib. Sadəcə deyib ki, rəhbərliyində olduğu təşkilat bütün qüvvələrlə əməkdaşlıq edəcək. Sabiq nazir bunu da xüsusi vurğulayıb ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın partiyaya heç bir aidiyyəti yoxdur. Ancaq bununla belə, açıqlamalarından görünür ki, V.Oskanyan R.Köçəryandan tamamilə məsafə saxlamağı düşünmür. Dediyinə görə, Köçəryan hakimiyyətinin kifayət qədər çatışmazlıqları olsa da, xarici siyasətdə və bugünkü iqtisadiyyatın formalaşmasında böyük uğurlar əldə edib.(musavat)
    Qeyd edək ki, bir aralar Oskanyanın “Çiçəklənən Ermənistan” fraksiyasında təmsil olunan müstəqil deputat Vaqe Ovannisyanla birgə partiya yaradacağı haqda xəbərlər yayılmışdı. Hər halda yaxın saatlarda keçmiş nazir partiyadaşlarını elan edəcək. Oskanyanın məhz indiki zamanda, aprelin əvvəllərindəki cəbhə uğursuzluqlarının ardınca Ermənistan hakimiyyətinin dayaqlarının zəiflədiyi bir dövrdə partiya yaratmağa qərar verməsi kifayət qədər diqqət çəkir. Şübhəsiz ki, sabiq nazir ölkəsinin düşdüyü ağır situasiyanı nəzərə alaraq belə tezliklə siyasətə aktiv müdaxiləyə qərar verib.

    R.Köçəryanın prezidentliyi dönəmində - 1998-2008-ci illərdə Ermənistanın Xarici İşlər naziri olan V.Oskanyan Qarabağ danışıqlarında iştirak edib və situasiyanı kifayət qədər yaxşı bilir. Açıqlamalarının birində o, rəsmi İrəvanı Qarabağ münaqişəsi ilə bağlı reallıqları gizlətməkdə suçlamışdı. Bu mənada onun Qarabağ cəbhəsində yaranmış yeni situasiyada önə çıxması təsadüf sayıla bilməz. Düzdür, onun Qarabağı güzəştə gedəcəyi də az inandırıcıdır. Lakin V.Oskanyan ölkənin və xalqın düşdüyü vəziyyətə görə hakimiyyətə dəfələrlə etirazını bildirən şəxs kimi heç şübhəsiz hansısa kompromislərə gedilməsini yaxşı anlayır.

    Yeri gəlmişkən, Oskanyan düz 8 il əvvəl 2008-ci ilin 10 aprelində xarici işlər naziri kimi postunu indiki nazir Edvard Nalbəndyana təhvil verib. Onun məhv aprel ayında aktiv siyasətə dönüş qərarını verməsinin sətiraltı mənası olmamış deyil. E.Nalbəndyanın XİN başçısı olduğu dönəmdə Ermənistanın xarici siyasətinin tamamilə iflasa uğramasını isə ermənilər özləri təsdiq edir. Eks-nazir Ermənistanda 2008-ci ilin 1 mart hadisələri zamanı 10 nəfərin ölümü ilə nəticələnən hadisələrin araşdırılması məsələsinin yaradacağı partiyasının gündəliyində olub-olmadığını konkretləşdirməsə də, əlavə edib ki, partiyası bu olayları unutmayacaq və məsələ ilə hüquq mühafizə orqanları məşğul olmalıdır.

    Ermənistanın hazırkı rəhbərliyinə daxil olan şəxslərdən fərqli olaraq, daha soyuqqanlı davranışları, ağıllı təhlilləri, realist yanaşmaları ilə bəzən ekspertlərin diqqətini çəkən V.Oskanyan hələ iki il əvvəl Ermənistan hakimiyyətini vəziyyəti dərk edib tədbir tökməyə çağırmışdı. Onun “biz Rusiyanın hörmətini və Qərbin etibarını itirmişik. Yeganə yol – hakimiyyətin dəyişilməsidir. Xalqın səbri tükənib” sözlərini ermənilər indiyə qədər unutmayıb. Son hadisələr bunu bir daha təsdiqlədi.

    Tamamilə mümkündür ki, yaxın gələcəkdə Sərkisyan hakimiyyətinə ən ciddi alternativ məhz V.Oskanyan olsun. Bir neçə il öncə Oskanyan hətta ölkənin baş naziri olmağa layiq şəxs kimi təqdim olunurdu. Son zamanlar hiyləgər davranışları, evinə ziyarətə getməsi ilə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı neytrallaşdırmağı bacaran S.Sərkisyanın daha çox R.Köçəryandan ehtiyatlandığı bir zamanda Ermənstan siyasətinə yeni bir qüvvə aktiv şəkildə nüfuz etməyə qərar verib. Təbii ki, bu, Sərkisyan üçün gözlənilməz hadisədir. Çünki əksəriyyət əmindir ki, indiki şərtlər daxilində post-Sərkisyan dönəmində ölkənin prezidentinin “Qarabağ klanı”nın nümayəndəsi, “Rusiyanın adamı” statusu qazanmış R.Köçəryan olması az inandırıcıdır. Bu mənada Ermənistan kökənli V.Oskanyan daha şanslı görünür. Onsuz da hakimiyyətinin və həyatının gərgin psixoloji dönəmini yaşayan Ermənistan prezidenti bu gedişlə erməni cəmiyyətində müsbət reputasiyalı Oskanyanın dövriyəyə girməsi nəticəsində heç də xoş olmayan sürprizlə üzləşib.

    Sərkisyan onu “qara kölgə” kimi izləyən Oskanyanı siyasət meydanından uzaqlaşdırmaq üçün çox çalışdı. Hətta 2012-ci ildə Ermənistan Baş Prokurorluğunun müraciəti əsasında “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı olan sabiq nazir deputat toxunulmazlığından məhrum edilmişdi. O zaman Oskanyan Sivilitas Fondunun rəhbəri kimi Fonda xeyriyyə məqsədi ilə verilən böyük məbləğdə pulu mənimsəməkdə ittiham edilirdi. İllər keçdi və Oskanyan Sərkisyanın büdrəməsindən istifadə edib aktiv fəaliyyətə qərar verdi. Yəqin ki, ona yaşatdıqlarına görə Serjikə cavabları özünü çox gecikdirməyəcək.

    Yeri gəlmişkən, Oskanyan revanş qərarını Sərkisyanın növbəti dəfə baba olduğu gün açıqlayıb. Ancaq bu qədər cinayətlərinin qarşılığında Serjikin istefadan sonra Rita ilə qız nəvələrini başına yığıb sakit ömür sürəcəyi mümkün görünmür. İstefaya getsə belə, hakimiyyəti dönəmində Ermənstanda və Qarabağda axıtdığı qanlara görə ən azı erməni xalqına hesabat vermək lazım gələcək.

    rubrika.az


    Facebook-da paylaş