• “Formula 1” hazırlıqları: Otellər dolub, sakinlər isə evlərini kirayə verirlər

    “Formula 1” hazırlıqları: Otellər dolub, sakinlər isə evlərini kirayə verirlər

    Paytaxt Bakı 10 may gününü hər il olduğundan fərqli olaraq, daha sakit və təmtəraqsız keçirir.

    Belə ki, 2-4 aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsinə hörmət əlaməti olaraq, bu il ölkədə “Gül bayramı” keçirilmədi. Bakını küçələrində də heç bir bayram tədbiri baş tutmadı. Hazırda paytaxtda görülən hazırlıq və yenidənqurma işləri bütünlüklə iyunun 17-da Azərbaycanda ilk dəfə təşkil olunacaq "Formula 1" Avropa Qran Prisinə yönəlib. Formula 1" yarışının keçiriləcəyi yollar artıq təmir olunub, təşkilati işlər həyata keçirilir.

    Paytaxt Bakıda “Formula 1” yarışmasına hazırlıq ərəfəsində şəhərin mərkəzindəki yeniliklərlə tanış olduq. Qeyd edək ki, hər il bayram ərəfəsində gül-çiçəyə bürünən Heydər Əliyev Sarayının önündəki park ənənəvi günlərindən birini yaşayır. Parkda heç bir bayram tədbiri keçirilmir. Şəhərin mərkəzi küçələrində qızğın iş gedir, yarış üçün tikinti-təmir işləri aparılır. "Formula 1" yarışını izləməyə gələnlər üçün quraşdırılan tribunalara oturacaqlar düzülüb, hər tribunada çəkiliş aparılması üçün məntəqələr quraşdırılıb, ayaq üstə tamaşa etmək istəyənlər üçün yerlər müəyyən olunub və dəmir sədlərlə əsas yoldan ayrılıb. Bəzi yerlərdə isə tamamlanma işləri aparılır. “Sahil” metrostansiyasının qarşısında yarışmanı ayaqüstə izləmək üçün tamaşaçılara xüsusi yerlər hazırlanır. Aparılan təmir işləri isə həm insan və həm də nəqliyyat sıxlığı yaradıb. “Formula 1” yarışları üçün dəmir sədlər çəkilir. Otel və restoranlar “Formula 1”-dən qazanacaq Bundan başqa xidmət sektorunda da təşkilati işlər görülməkdədir. Yarışın keçiriləcəyi əraziyə yaxın olan əksər otel və restoranlarda artıq 17-19 iyun tarixləri üçün boş yer tapmaq mümkün deyil. Bu yarışma həmin ərazidə fəaliyyət göstərən obyekt sahibləri üçün yaxşı fürsətdir. Bundan başqa, mənzərəsi "Formula 1" yarışının keçiriləcəyi küçələrə açılan otellər müştəriyə həm də yarışmanı öz otel otağından izləmək şansı verir. Bu baxımdan "Formula 1" mənzərəli nömrələrin qiyməti daha bahadır. “Formula 1” yarışlarının keçirildiyi əraziyə yaxın olan “Hilton” otelə turist axını adi günlərlə nisbətdə daha çoxdur. Biz oteldə olduğumuz zaman da onlarla turist qeydiyyat şöbəsinin önünə düzülərək otelə yerləşmək üçün növbə gözləyirdilər. “Hilton”un “Formula 1” yarışlarının keçirildiyi küçədə olması isə buraya ikiqat üstünlük qazandırır. Belə ki, turistlər otelin yuxarı mərtəbələrində həm dincələ, həm də yarışa baxa bilərlər. Yarış günləri üçün yer tapılmır Elə bu səbəbdən də yarış günləri üçün otelin qiyməti də dəyişib. Yuxarı mərtəbələrdəki mənzərəli otaqların qiyməti daha bahadır. Müştəri adı ilə biz də “Hilton” otelinin ən lüks otağına baş çəkib, şəhərin möhtəşəm mənzərəsini izlədik. Otelin 20-ci mərtəbəsində iki nəfərlik otağın bir günlük qiyməti 720 manatadır. Bu qiymətə gündəlik yemək də daxildir. Üstəgəl, “Formula 1” yarışlarını pulsuz izləmək imkanı var. “Hilton” otelində ən sadə yer isə 300-350 manatdır və bu qiymətə yemək xərcləri daxil deyil. Qeydiyyat şöbəsindən bizə bildirdilər ki, 17-19 iyun tarixinə olan bütün yerlər tutulub. Bu da “Formula 1” yarışlarının keçirilməsi ilə əlaqədardır. Sakinlər də “Formula 1”-ə baxan eyvanlarını kirayə verir Evləri “Formula 1” yarışlarının keçiriləcəyi küçələrə baxan sakinlər də bu beynəlxalq tədbirdən karlı çıxmaq niyyətindədir. Belə ki, bu cür şansı olan vətəndaşlar evlərini və ya evin eyvanını üç günlük turistlərə kirayə təklif edir. Yarış zolaqlarının yaxınlığında yerləşən binalara baş çəkib qiymətlərlə maraqlandıq. Məlum oldu ki, “Sahil” tribunasına yaxın binalarda 3 nəfər sakin mənzillərini icarəyə verirlər.(musavat)Mənzillərin üstünlüyü isə yarışları izləmək üçün yaxşı yerdə olmasıdır. Belə ki, yarış maşınları həmin mənzillərin bir addımlığından keçəcək. Qiymətlərə gəlincə, adının çəkilməsini istəməyən ev sahibi “Formula 1” yarışlarının keçirildiyi 3 gün üçün 1000 manat pul istədiyini bildirdi. Onun dediyinə görə, bu xərclərin içində qonağına həm yarışı izləmək, həm də gecələmək imkanı verir: “Yarış üçün bilet 900 manatdır, mən isə evimi 1000 manata kirayə verirəm. Yarışı izləyən qonaq burada ikibaşlı udur. Həm gecələsin, həm yarış baxsın, lazım gəlsə, samovar çayı da verərəm”. Görünən odur ki, ən kiçik obyekt sahibindən iri otellərə qədər hər kəs bu yarışdan qazanclı çıxmağa çalışır. Elə bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsində bir məqsəd də turizmi inkişaf etdirmək və xidmət sektoruna gəlir qazandırmaqdır. Bu məqsədə nə dərəcədə nail olmaq isə, həmin otel və restoranların xidmət səviyyəsindən və biznes bacarıqlarından asılı olacaq

    rublika.az


    Facebook-da paylaş