• Cənubi Qafqazda Rusiya-NATO müharibəsi baş verə bilər

     Cənubi Qafqazda Rusiya-NATO müharibəsi baş verə bilər

    Politoloqdan həyəcanlı xəbərdarlıq və təklif: “Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsinə ehtiyac var”

    Gürcüstan ordusu Amerika Birləşmiş Ştatları və Britaniya hərbi qüvvələri ilə birgə təlimlərə başlayıb. Hərbi manevrlərdə Birləşmiş Ştatların 650, Britaniyanın 150 və Gürcüstanın 500 əsgəri iştirak edir. Bu, Rusiya ilə 2008-ci ildə qısa müddətli müharibə aparan Qafqaz ölkəsində ən böyük hərbi təlimlərdir.

    Artıq Rusiyadan da məsələyə əks-reaksiya gəlib. Gürcüstanın NATO-ya üzv olmaq istəyinin əleyhinə olan Rusiya təlimləri “təxribatçı addım” adlandırıb. Qeyd edək ki, ABŞ Qara dəniz vasitəsilə “Noble Partner 2016" (”Ləyaqətli tərəfdaş-2016") təlimlərində iştirak etmək üçün Gürcüstana ilk dəfə olaraq M1A2 Abrams tipli döyüş tankları göndərib. Paytaxt Tbilisi yaxınlığındakı Vaziani hərbi bazası ətrafında keçirilən təlimlər mayın 26-a qədər davam edəcək. Gürcüstanın Müdafiə Naziri Tina Xidaşeli hərbi təlimlərin ölkə üçün böyük əhəmiyyəti olduğunu deyib: “Bu, bizim ölkənin ev sahibliyi etdiyi ən irimiqyaslı hərbi təlimlərdir,”- deyə nazir Xidaşeli Reuters agentliyinə bildirib. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili isə bildirib ki, hərbi manevrlər “heç kəsə qarşı yönəlməyib.” Gürcüstan prezidenti Georgi Marqvelaşvili açılış mərasimində deyib ki, birgə təlimlər ölkənin NATO-ya üzv olmaq istiqamətində doğru siyasət yürütdüyünün göstəricisidir: “Gürcüstan mütləq NATO-ya üzv olacaq. Çünki bu, daha sabit, daha dinc dünya üçün lazımdır”.

    Qeyd edək ki, bundan əvvəl ABŞ hərbi texnikası Moldova ərazisinə də daxil olub. Hərbi kontingentə tank qoşunları da daxildir. Xatırladaq ki, mayın 3-də ölkədə “Dragon Pioneer-2016" hərbi təlimlərinə start verilib. Moldova Müdafiə Nazirliyindən bildirilib ki, ölkə sərhədlərindən bundan əvvəl açıqlanan kontingent sayından daha çox tank, digər hərbi texnika və canlı qüvvə keçib.

    Mayın əvvəllərində NATO-nun Rusiya sərhədlərində aktivləşməsinə şimal qonşumuzdan da cavab gəlib. Belə ki, Rusiyanın qırıcı və hərbi aviasiyasının Ermənistanda uçuş taktiki təlimləri başlayıb. Təlimlərdə 200-dən çox hərbçi, təxminən 20 təyyarə, Rusiya aviasiya birləşmələri və helikopterləri, o cümlədən “MİQ-29" qırıcıları, zərbə helikopterləri ”Mi-24" və nəqliyyat helikopterləri “Mİ-8MT” iştirak edib. Bu təlimlərin təkcə NATO ölkəsi olan Türkiyəyə qarşı olmadığı da bəllidir. Bir sıra hallarda hesab olunur ki, NATO ilə Rusiyanın toqquşduğu bölgələrdən biri Cənubi Qafqaz ola bilər. NATO Moldovada da təlimlərə start verib, Baltik tərəfdən də içəriləri girir. Baş verənlərin Azərbaycana zərəri, faydası nə ola bilər?(musavat)
    Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında vəziyyətin mürəkkəbliyindən bəhs etdi: “NATO-nun Gürcüstanda, Rusiyanın isə Ermənistanda hərbi təlimlər keçirməsi ondan xəbər verir ki, Cənubi Qafqaz hərbiləşdirilir. Ona görə də belə vəziyyətdə Azərbaycanın balanslaşdırılmış siyasət aparması çətinləşir. Aydındır ki, rəsmi Bakı Rusiyanın etirazını nəzərə alaraq Azərbaycan ərazisində NATO təlimlərinə razılıq verməz. Ancaq Türkiyə də NATO ölkəsidir və Azərbaycan Türkiyə ilə hərbi təlimlərinin sayını ilbəil artırır. Hadisələr ona doğru gedir ki, ABŞ yaxın gələcəkdə Gürcüstanda hərbi baza yaradacaq. Belə olan halda Cənubi Qafqazda ərazisində xarici ölkənin hərbi bazası olmayan yeganə ölkə Azərbaycan olacaq. Əlbəttə, Azərbaycanın qonşu ölkələrdən biri ilə münasibətləri gərgin olmasaydı, bizə xarici ölkənin hərbi bazası gərək deyildi”. Ancaq politoloq xatırlatdı ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, üstəlik də torpaqlarımız işğal altındadır. Buna görə də bizim də seçim etmək vaxtımız yetişib: “Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsinə ehtiyac var. Bu baza qonşu dövlətlərdən hər hansı birini Azərbaycan ərazisinə hücumdan çəkindirməlidir. Necə ki, Rusiya hərbi bazalarının Ermənistanda varlığı bu ölkə üçün təhlükəsizlik sığortasıdırsa, eyni sığortaya biz də malik olmalıyıq”.

    Amma ortaya sual çıxır, Rusiya Türkiyənin-NATO-nun bura gəlməsinə izn verərmi?



    E.Şahinoğlu: “Əlbəttə, Türkiyənin Azərbaycanda hərbi baza yaratması Rusiyanı narazı salacaq, hətta rəsmi Bakıya etirazlarını da bildirəcəklər. Ancaq rəsmi Bakının əlində güclü arqument olacaq. Bakı Kremlə deyə bilər ki, necə ki, Sizin Ermənistanda hərbi bazanız var və bu Sizin hüququnuzdur, bizim də hüququmuz var ki, qardaş dövlət olan Türkiyənin hərbi bazalarını Azərbaycanda açaq. Bir də ki, Rusiya Türkiyədən ABŞ-dan qorxduğu qədər qorxmur. Kreml sərhəd boyu NATO-nun genişlənməsinin əleyhinədir, ancaq Türkiyənin Azərbaycan hərbi bazasının formalaşmasına mane ola bilməyəcək. Kreml bilir ki, Türkiyənin Azərbaycanda hərbi bazası Rusiya üçün təhdid deyil. Bu baxımdan, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Qəbələdəki görüşünü təsadüfi saymıram. Qərb və Türkiyə Rusiyanın Cənubi Qafqazı öz arxa bağçası siyasətinə imkan vermək istəmir. Bu Azərbaycanın da maraqlarına uyğundur”.

    Məhz belə bir kritik zamanda Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması, hətta bir əsgərimizi yaralaması da hansısa niyyətlərdən xəbər verir. Məsələ burasındadır ki, NATO ölkəsi olan Türkiyə Naxçıvanın təhlükəsizliyinin qrantıdır. Belə çıxır ki, “arxalı köpək” missiyasını yerinə yetirən Ermənistan Rusiyanın hərbi dəstəyinə arxalanıb proseslərə Türkiyənin aktiv müdaxiləsinə cəhd göstərir. Bu, onun nəyinə lazımdır?

    E.Şahinoğlunun fikrincə, Ermənistanın Dağlıq Qarabağ istiqamətində atəşkəsi pozmaqda məqsədi Azərbaycan ordusunun mümkün hücumlarından özünü qorumaqdır: “Bunu anladıq. Halbuki erməni separatçılarının bu strategiyası artıq işə yaramır. Naxçıvandan ki, Ermənistana heç bir təhlükə yoxdur. Demək, Naxçıvanı atəşə tutmağın hərbi məqsədi yoxdur, İrəvanın hədəfi bölgədə geosiyasi qarışıqlıq yaratmaqdır. İrəvan Naxçıvanın təhlükəsizliyinin təminatçısı Türkiyənin əsəblərini - Ankaranın reaksiyasını yoxlayır. İrəvan düşünür ki, əgər Qarabağ istiqamətində Azərbaycan ordusu ilə bacarmayacaqsa, heç olmasa bölgədə Türkiyə-Rusiya qarşıdurması yaransın. Düşünürlər ki, bu halda Rusiya açıq-aşkar Ermənistanı müdafiə edəcək və Kremlin Azərbaycanla tərəfdaşlıq münasibətləri pozulacaq”.

    rublika.az


    Facebook-da paylaş