• Prezidentlərin üçlü Bakı görüşündən əsas GÖZLƏNTİ

    Prezidentlərin üçlü Bakı görüşündən əsas GÖZLƏNTİ

    liyev-Putin-Ruhani görüşü Qarabağ məsələsində razılaşma ilə tarixə düşə bilər...

    Azərbaycan, Rusiya və İran prezidentlərinin 2016-cı il ərzində Bakıda üçtərəfli görüşünün olacağı barədə bu ilin aprelində yayılan xəbərlər ötən həftə rəsmi təsdiqini tapdı. Rusiya və İran prezidentlər Vladimir Putin və Həsən Ruhaninin ilin ikinci yarısı Bakıda Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli formatda görüşünün keçiriləcəyini rəsmən açıqladı.

    Regionun iki böyük dövlətinin prezidentlərinin Bakıya eyni vaxtda gəlişi, üçtərəfli formatda görüş üçün məhz Azərbaycan paytaxtının seçilməsi, görüşdə hansı məsələlərin müzakirə ediləcəyi maraq doğurur.

    Bu barədə danışan politoloq Natiq Miri bildirdi ki, əslində bu görüş çox strateji əhəmiyyət daşıyır: “Bakıda keçiriləcək görüşə ilk növbədə Şimal-Cənub dəhlizi kontekstində yanaşmaq lazımdır. Bu dəhlizin yaradılmasında hər üç ölkə maraqlıdır. Çünki belə bir dəhlizin olması Rusiyaya, İrana, Azərbaycana bir körpü olaraq gələcəkdə həm Avropa ilə, həm də Asiya ölkələri ilə ticarət əlaqələrinin genişlənməsində çox önəmli rol oynayacaq. Şimal-Cənub dəhlizi layihəsinin həyata keçirilməsi üçün konkret öhdəliklər var ki, Azərbaycan da bu öhdəliklərdən təbii ki, yan keçmir. İlin axırına kimi İran sərhədinə qədər olan dəmiryolu xəttini tamamilə bitirəcəyi ilə bağlı öhdəlik götürülüb. Ancaq düşünürəm ki, üç prezidentin görüşündə başqa ciddi regional, geosiyasi məsələlər də müzakirə obyekti olacaq. O cümlədən şübhəsiz ki, Dağlıq Qarabağ məsələsi də müzakirə olunacaq. Dağlıq Qarabağla bağlı müzakirə daha çox Rusiya prezidenti ilə Azərbaycan prezidenti arasında olacaq. Çünki Rusiya bu məsələyə İranın qarışmasında o qədər maraqlı deyil. Ehtimal etmək olar ki, problemin həlli ilə bağlı İlham Əliyevlə Putin arasında Bakıda ciddi söhbət olacaq. Mümkündür ki, bu danışıqlarda Dağlıq Qarabağ probleminin həllində hansısa razılaşmalara da gəlinsin.

    Diqqət edirsinizsə, iyun ayında Azərbaycan və Ermənistan prezidentləri arasında görüş müəyyən mənada razılaşdırılsa da, açığı, bu görüşdən ciddi gözləntilər yoxdur. Rusiya bu görüşün baş tutmasında sanki maraqlı deyil. Çünki may ayındakı Vyana görüşü demək olar ki, ABŞ tərəfindən təşkil olunmuşdu və iyun görüşü də Rusiyada nəzərdə tutulmayıb.(musavat)Rusiya özünün həlledici moderator olmadığı istənilən görüşə və bu görüşün nəticə verəcəyinə maraqlı deyil. Bu baxımdan istisna deyil ki, ilin ikinci yarısı Putin Bakıya gələndə Əliyevlə Dağlıq Qarabağ məsələsini ciddi müzakirə etsin və həlledici qərarlar verilsin, razılaşmalar əldə olunsun. Məhz bundan sonra problemin həlli prosesində ciddi hadisələrə şahidlik edə bilərik”.

    Bakıda Azərbaycan-Rusiya-İran prezidentlərinin üçtərəfli görüşündə regionun digər mühüm dövləti olan Türkiyənin nədən iştirak etməməsinə gəlincə, ekspert bildirdi ki, burada bir neçə faktor rol oynayır: “Əvvəla, hazırda Türkiyə ilə Rusiyanın münasibətləri yaxşı deyil. İkincisi, regionda bir neçə üçlük formatı var. Türkiyə-Azərbaycan-Gürcüstan formatı olduğu kimi, İran-Azərbaycan-Rusiya formatı da regional formatdır. Azərbaycan üçün bu əməkdaşlıq formatlarının hər biri maraqlıdır və əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq formatlarında strateji, iqtisadi, hərbi maraqlar özünü cəmləşib. Azərbaycan, Rusiya, İran prezidentlərinin görüşündə ola bilsin ki, Xəzər dənizinin statusunun müəyyənləşməsi məsələsi də ciddi müzakirə obyekti ola bilər. Burada isə Türkiyənin iştirakı tələb olunmur. Bakı görüşündə bu üçlük formatında yeni bir azad ticarət zonasının yaradılması məsələsi də müzakirə obyekti ola bilər”.

    RUBLİKA.AZ


    Facebook-da paylaş