• Dolların iyunda BAHALAŞACAQ

     Dolların iyunda BAHALAŞACAQ

    Ekspertlər iyunun ortası veriləcək qərarı narahatlıqla gözləyirlər

    Dolların məzənnəsi Azərbaycanda da bir müddətlik ucuzlaşmadan sonra yenidən bahalaşmağa başlayıb. Ekspertlər bunun dünya valyuta bazarındakı gözləntilərdən dolayı yarandığını da istisna etmirlər. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) iyunun ortalarında baş tutacaq görüşü ərəfəsində baş verənlər əslində bazara olan psixoloji təsirlərdir.

    Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının iyunun 7-nə olan dollar-manat rəsmi məzənnəsinə görə, 1,5024 səviyyəsində müəyyən olunub.

    ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) faizlə bağlı son qərarını bu ilin mayında açıqlayıb. Qərara görə, ABŞ iqtisadiyyatında ciddi irəliləyiş olarsa, FES iyun ayında faizləri artıracaq. FES-in faizləri 2 faiz həcmində artıracağı ehtimal edilir. Məlumata görə, iyunda inflyasiyanın artımı və işsizliyin azalması müşahidə ediləcək.

    Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a bildirib ki, iyunun 14-15-də ABŞ-ın Federal Ehtiyat Sistemi ABŞ-dakı iqtisadi indikatorların vəziyyətini dəyərləndirəcək və proqnozları nəzərdən keçirəcək:(musavat) “Uçot dərəcəsinin qaldırılması ilə bağlı bu və bundan sonrakı toplantıda qərar qəbul olunub. Gözləntiyə əsasən, dollar bahalaşmalıdır. Bu baxımdan, artıq dolların bahalaşması prosesi beynəlxalq səviyyədə müşahidə olunur. Dollar dünyanın güclü valyutası kimi qalacaq. Və proqnozlara görə, bir avro bir dollar səviyyəsinə qədər düşəcək. Bu, o deməkdir ki, dolların dünya valyuta bazarında mövqeyi genişlənir. Ayrı-ayrı ölkələrə bunun psixoloji təsirləri də var, iqtisadi təsirləri də olacaq. Bu baxımdan da bahalaşma üçün əsaslar yarada bilər. Amma Azərbaycanda dolların bahalaşmanın baş verməsini yalnız onunla əlaqələndirmək düzgün olmazdı. Çünki bazarda dollarla manatın tarazlığı yaranmır. Prosesi Mərkəzi Bank tənzimləyir”.

    Qeyd edək ki, əksər ekspertlər dollarla bağlı gözləntilərin milli valyuta olan manata da təsir göstərə biləcəyini vurğulayırlar. Ekspertlər bildirirlər ki, iyunda ABŞ Federal Ehtiyat Sisteminin (FES) dollarla bağlı verəcəyi qərar manatın məzənnəsini yenidən kəskin endirə bilər. Çünki FES-in faiz dərəcəsini artıracağı gözlənilir. FES-in qərarında qəti olduğu görünür. FES-in San-Fransisko şöbəsinin sədri John Villiams FES-in bu il faiz artırmasının uyğun olacağını söyləyib. FES-in Boston şöbəsinin sədri Eric Rosengren də mərhələli faiz artımını dəstəklədiyini qeyd edib. Rosengren mart ayından etibarən maliyyə göstəricilərinin yaxşılaşdığını qeyd edib. FES-in Dallas şöbəsinin sədri Robert Kaplan qurumun faizi növbəti dəfə artırmağa yaxınlaşmaqda olduğunu qeyd edib.

    Ekspert Əkrəm Həsənovun sözlərinə görə, FES-in uçot dərəcəsini iyunda artıracağı ehtimalı böyükdür: “Amerika iqtisadiyyatı bunu tələb edir. Faiz dərəcəsi qaldırılsa, bütün dünyada dolların qiyməti qalxacaq. Təbii, Azərbaycanda da belə olacaq. Amma Azərbaycanda dolların məzənnəsi bu gün də qalxa bilər. Bizdə manatın məzənnəsi sünidir, dollar süni şəkildə endirilir, əslində məzənnəsi çox olmalıdır. Sadəcə, Mərkəzi Bank manat kütləsini sıxışdırır, bunun nəticəsində dollar bahalaşmır. Amma Federal Rezerv Sistemi də faiz dərəcəsini artırsa, vəziyyət bizdə pisləşə bilər. Bizdə dekabrda bu, baş verib. İkinci devalvasiya məhz rezervin faiz dərəcəsini artırmasından sonra baş verdi. FES artıma getsə, bizdə manatla bağlı məzənnəyə dair vəziyyət pisləşə bilər”.

    Ekspertlərin fikrincə, uçot dərəcələri qaldırılsa, neft də ucuzlaşacaq, Azərbaycan manatı da hər bir halda neftin qiymətindən asılıdır. Uçot dərəcəsi artırılarsa, inkişaf etməkdə olan ölkələrin valyutaları dollara nisbətdə zəifləyəcək. Faiz artımının gecikməsi ABŞ iqtisadiyyatına pis təsir göstərə bilər. Bu baxımdan, FES-in faizi artırması ehtimalı çox yüksəkdir. Bir neçə həftə ərzində ciddi, qlobal dəyişikliklər olmasa, FES-in faiz artımına gedəcəyi gözləniləndir. FES-in faiz artımına getməsi dolların indeksinə təsir göstərəcək. Nəticədə dollar digər valyutalara nisbətdə güclənəcək. FES indiki zamanda faiz artımına daha rahatlıqla gedə bilər. Faiz artımına gedilməsi üçün münbit şərait də var. Dolların bahalaşması da xammalın satışına təsir göstərəcək. Dollar bahalaşdıqca xammalın ucuzlaşması sürətlənəcək. İnkişaf etməkdə olan ölkələrin valyutaları dollara nisbətdə zəifləyəcək.

    Ekspert Fikrət Yusifov isə bildirib ki, növbəti toplantı ərəfəsində FES dünya iqtisadiyyatında və maliyyə bazarlarındaki vəziyyəti bir daha dəyərləndirdikdən sonra müvafiq qərar qəbul edəcək. Onun sözlərinə görə, hazırkı bəyanatlarda növbəti toplantıda uçot dərəcəsinin artırılacağı barədə fikirlər səslənir: “Lakin unutmaq lazım deyil ki, bu tipli qərarları qəbul edərkən dünya iqtisadiyyatının dörddə birini verən ABŞ bütövlükdə onda gedən proseslərin vəziyyətini dəyərləndirməyə məhkumdur. Burada isə bəzən ABŞ üçün ümumi maraqlar daxili maraqlardan daha önəmli ola bilir”.

    rublika.az


    Facebook-da paylaş