• İŞİD qaldı bir yanda, rus, ingilis meydandadır

     İŞİD qaldı bir yanda, rus, ingilis meydandadır

    Atalar yerində deyib ki, dinsizin öhdəsindən imansız gələr. Ancaq rus və ingilis futbol fanatlarının qapışmasını izləyərkən kimin dinsiz, kimin imansız olduğunu müəyyən etmək çətindir.

    Hətta adam heç tərəf də tuta bilmir. Çünki hər iki tərəfin fanatları pisdir. Hər ikisi olduqca aqressivdir, illərdir ki, öz faşistliklərini futbol müstəvisinə çıxarıblar, Avropada terror əsdirirlər.
    Budur, gəlib bir-biri ilə toqquşdular. Əslində “toqquşma” sözü xəfif qalır, situasiyanı yaxşı ifadə etmir. Rus və ingilislərin davasını göstərən videolara, şəkillərə baxırsan, görürsən ki, əməlli-başlı boğuşma, süpürləşmə, itələşmə, atışma, təpikləşmə gedir.

    Bəlkə də zamanında Uilyam Volos ingilislərə qarşı bu qədər nifrətlə, hiddətlə savaşmayıb ki, İngiltərə-Rusiya matçından əvvəl və sonra ruslar ingilislərə qarşı o cür qətiyyətlə savaşırdılar.
    Elə ingilislər də döyüş meydanında şücaət göstərirdilər. Hətta döyüşlər suda davam etsəydi, admiral Nelsonun züryətləri admiral Naximovun nəvələrini mütləq suda batırardılar. (musavat)
    Yuxarıda dediyimiz kimi, bu məsələdə biz tərəf tuta bilmərik, biz davadan yanayıq. Qoy dalaşsınlar, biz də oturub baxaq. Bu qədər humanistcəsinə bir mövqe.

    Əslində, bütün Avropa belə olmasını istəyir. Guya almanlar istəyir ki, həm futbol sahəsində, həm də küçə döyüşlərində ingilislər, ya ruslar qalib gəlsin? Əsla. Almanların ingilislərdən də, ruslardan da zəhləsi gedir.

    Bəlkə fransızlar rusların və ya ingilislərin tərəfini tutarlar? Xeyr. Normal fransız istəyər ki, ingilis rusun boynunu qırsın, rus da ingilisin ayağını qopartsın və hər ikisi şikəst olsun.
    Avropanın o biri xalqları da eləcə. Hamısı növbəylə ingilsilərdən də ziyan görüblər, ruslardan da.

    Biz özümüz də o cümlədənik. 1918-ci ildə rus getdi, ingilis gəldi, sonra ingilis getdi, yerinə təzədən rus gəldi. 1992-ci ildə rus buradan gedən kimi, ingilis (BP) bir neçə konteyner pul götürüb gəldi.

    İngilislər tarixən daha ağıllı olublar, bilirlər ki, bəzən qapını tankla yox, funt-sterlinqlə açmaq lazımdır. Amma ruslar dostun da üstünə girz çəkmə və tankla gedirlər, düşmənin də.
    Hazırda bütün Avropa üzrə ingilis-rus qapışması gedir. Futbol bəhanədir. Futbol köhnə vaxtlardakı qanlı müharibələrin simvolik, virtual şəklidir. Sadəcə, hər tərəfdə 1 milyon adam döyüşmür, 11 nəfər döyüşür, milyonlar isə oturub azarkşlik edirlər, yeri gələndə dalaşırlar.

    Düşüncə və ovqat isə eynidir. 22 nəfərin top dalınca düşməsi zamanı ortaya çıxan qarşılıqlı nifrət 200 min əsgərin hərbi meydanda top atəşi altına düşməsi vaxtı yaranan nifrətə, oxumuş adamlar demişkən, ekvivalentdir.

    Məsələn, türkün sözü, alt tərəfi bir oyun olacaq (Allah qoymasa, deyirlər, guya idman sülhə töhfə verir), amma ingilis azarkeşlər toplaşıb “Rusiyaya nifrət edirik” mahnısı oxuyurlar, ruslar da təbii ki, bunu cavabsız qoymurlar. Onlar da bağıra-bağıra İngiltərəyə nifrət etdiklərini deyirlər. Necə deyərlər, söymə mənim prezident babamı, söyməyim sənin kraliça ananı...

    İndi belə proqnozlar var ki, rus-ingilis savaşı Avro-2016 boyunca davam edəcək - gah Parisdə, gah Marseldə, gah da Lionda, Nantda-zadda. Harda ruslar ingilisləri azlıqda görsələr, tutub döyəcəklər. İngilislər də rusları təkləyib çırpacaqlar. Çünki araya qan düşüb, savaş başlayıb.

    Tərs kimi, ruslar da döyüldükcə qızışan camaatdır, ingilislər də. Hər iki tərəf davaqızışdırıcı içkilərə meyllidir, mey şüşələri əllərindən düşməz.

    Bu cür getsə, futbol matçları küçə savaşlarının kölgəsində qalacaq. Hər oyundan sonra Avropa camaatı xəbərlər bülletenində oyundan sonrakı dava-şavaların videolarına baxmalı olacaqlar.

    Bunun da öz fanatları var. Çox adam küçə davasını futboldan üstün tutur. Çünki küçə davası daha realitidir, üstəlik, qaydası-filanı da yoxdur. Ay, burada rus ingilisin başına taburetka vurmamalıydı, ay, orada ingilis rusun qasığına təpik tutuzdurmamalıydı... Belə şey yoxdur. İmkanın, gücün nəyə çatırsa, çırp getsin, ölər də özü bilər, qalar da... Düşüncə budur.

    Ən qəribəsi odur ki, Avro-2016-nın başlanmasından öncə bütün Avropa narahat idi ki, İŞİD matçlar zamanı Fransada terror aktları törədəcək, qarışıqlıq yaradacaq. Amma gözlənilən olmadı, əvəzində qarışıqlığı Avropanın iki köklü xalqının futbol fanatları yaratdılar...

    rublika.az


    Facebook-da paylaş