• Azərbaycanda vəkillərin sayı niyə azdır?

    Azərbaycanda vəkillərin sayı niyə azdır?

    İnsan hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, bu zaman keyfiyyətli hüquqi yardımın göstərilməsində, hüququn aliliyinin təmin olunmasında vəkillik institunun müstəsna əhəmiyyəti var. Avropa İnsan Hüquqları Konvensiyası və Avropa Şurası Nazirlər Kabinetinin R (2000) 21 saylı tövsiyəsində vəkillik institutunun məhkəmə sisteminin ədalətli, müstəqil işləməsi, insan haqlarının müdafiəsində mühüm rolu xüsusi vurğulanıb. Məhkəmə araşdırmasının keyfiyyəti və səmərəliliyi xeyli dərəcədə vəkillərin kvalifikasiyasından və peşəkarlığından asılı olur.

    Azərbaycan üçün də davam edən dövlət quruculuğu və bunun tərkib hissəsi kimi hüquqi islahatlar çərçivəsində vəkillik institutunun inkişafı problemləri aktualdır. Vəkillik institutunun inkişafı ilə bağlı postsovet məkanı ölkələr üçün xarakterik olan problemlər Azərbaycanda müşahidə olunur. Şübhəsiz, sırf Azərbaycana aid obyektiv və subyektiv amillərlə bağlı özünəxas problemlər və çətinliklər də mövcuddur.


    Azərbaycanda və digər ölkələrdə vəkillərin sayı: müqayisəli analiz

    Vəkillik institutu ilə bağlı Azərbaycanda ilk diqqətçəkən məqam ölkədə vəkillərin sayının az olmasıdır. KİV-də zaman-zaman bu problemə diqqət ayrılıb, məsələnin müxtəlif aspektləri işıqlandırılıb. Bir daha bununla bağlı məsələlərə toxunaraq bir sıra faktlara, rəqəmlərə diqqət yönəltmək niyyətindəyik.

    Hazırda Azərbaycan Vəkillər Kollegiyası üzvlərinin sayl 850 nəfərə çatıb. 2015-ci ilə olan məlumata görə, regionlarda 234 vəkil işləyir, bunlardan 106 nəfəri fərdi şəkildə fəaliyyət göstərir. Bakıda 600 vəkildən 60-ı fərdi şəkildə işləyir.

    Bakıda Kollegiyanın 26, regionalrda isə 16 strukturu mövcuddur. 2004-cü ildə yeni Vəkillər Kollegiyası yaranan zaman vəkillərin sayı 370 nəfər olub.

    Müqayisə üçün digər ölkələrin göstəricilərinə nəzər salaq:

    43 milyon əhalisi olan Ukraynada 40.000 vəkil fəaliyyət göstərir, 4.5 milyon əhalisi olan Gürcüstanda vəkillərin sayı 3.500 nəfərdən çoxdur.

    2012-ci ilin məlumatına görə, Türkiyədə 967 nəfərə bir vəkil düşürdü.

    ABŞ-da paytaxt Vaşinqtonda 12, Nyu-Yorkda 124 nəfərə bir vəkil düşür. Orta hesabla, Amerikada hər 300 nəfərə bir vəkil düşür.

    Məhkəmə sisteminin effektivliyi üzrə Avropa Komissiyasının 2012-ci ilin məlumatları əsasında 2014-cü ildə nəşr olunan hesabatına əsasən, İsraildə hər 100 min nəfərə düşən vəkil sayı 636.9-dur.

    Lükesmburqda bu göstərici 384.8, Yunanıstanda 380.7, İtaliyada 379, Almaniyada 200.5, İsveçrədə 134.9, Fransada 85.7, İsveçdə 54.9, Rusiyada 47.6 nəfər təşkil edir.

    Ümumiyyətlə, Şərqi Avropa ölkələrində əhalinin hər 100 min nəfərinə düşən vəkillərin sayı orta Avropa göstəricisindən azdır. Avropa ölkələrində əhalinin hər 100 min nəfərinə 165 vəkil və hüquq məsələhətçisi düşür. MDB məkanında bu göstəriciyə görə Ukrayna müsbət praktika ilə fərqlənir.

    Şərqi Avropa ölkələrində bir hakimə düşən vəkil sayı da, orta Avropa göstəricisindən azdır. Avropa ölkələrində 1 hakimə 17 vəkil və hüquq məsləhətçisi düşür. 2009-2015-ci illərdə Azərbaycan, Estoniya, Litva, Latviyada, Ermənistanda vəkillərin sayı 20% artıb.

    Vəkillərin sayının az olması fonunda son illərdə məhkəmədə baxılan işlərin sayı da sürətlə artır. 2015-ci il noyabr ayının 12-də Şəki məhkəmə kompleksinin inzibatı binasının açılışında Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, 2000-ci illə müqayisədə mülki xarakterli işlərin sayı 12 dəfə artaraq 250 mini keçib.

    Ali Məhkəmədə 2014-cü ildə 8668 işə baxılmışdısa, 2015-ci ildə bu rəqəm 9404 olub. Yəni 8,5 faiz artmışdır.

    Azərbaycanda vəkillərin sayının az olması probleminə və həlli yollarına fərqli yanaşmalar var. Vəkillər Kollegiyası rəhbərliyi bunu vəkillik institutuna marağın az olması, eləcə də vəkil olmağa iddialıların imtahanlarda yaxşı nəticə göstərə bilməməsi ilə izah etməyə çalışır.

    Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanların nəticələri göstərir ki, uğurlu nəticə göstərən iddialıların ümumi nisbəti elə də çox deyil.

    2005-ci ildə 359 namizəddən 151 nəfər, 2007-ci ildə 441 namizəddən 23, 2009-cu ildə 506 namizəddən 67, 2012-ci ildə 531 namizəddən 122 hüquqşünas Kollegiyaya qəbul edilib.

    2006-cı ildə 24, 2008-ci ildə 67, 2010-cu ildə 15, 2011-ci ildə 9, 2013-cü ildə 11 hüquqşünas Kollegiyaya üzv olub.

    Mövcud qanunverciliyə görə, Kollegiyaya ikimərhələli imtahanla qəbul olmaq mümkündür. Birinci mərhələdə yazılı test imtahanında 100 mümkün baldan 50 bal toplayanlar ikinci – müsahibə mərhələsinə vəsiqə alır. İkinci mərhələni uğurla keçənlər Kollegiyaya üzv olurlar.

    Hüquq mütəxəssislərinin əsas iradı test sualları və müsahibə mərhələsi ilə bağlıdır. Bu məsələlərlə bağlı müzakirə və KİV-ə açıqlamalarda qeyd olunur ki, test sualları adekvat deyil, mürəkkəbdir və subyektiv xarakter daşıyır.

    Eyni zamanda müsahibə mərhələsində subyektiv mülahizələrin önə çıxdığı da davamlı olaraq vurğulanır.

    Sehirli 1000 rəqəmi və intizam cəzaları

    Mövcud qanunverciliyə görə, Vəkillər Kollegiyası üzvlərinin sayı 1000 nəfəri keçərsə ikinci Kollegiya yaradıla bilər. Vəkillər Kollegiyasının rəhbərliyinin qurum üzvlərinin sayının 1000-dən çox olmamasına bu səbəbdən imkan vermək istəmədiyi də tez-tez səsləndirilən ittihamlardandır.

    Vəkillər Kollegiyasının üzvlərə, xüsusilə ictimai həyata fəal iştrak edən vəkillərə qarşı haqsız intizam cəzaları tətbiq etməsi, qurumdakı üzvlüyünə xitam verməsi də nöqsanlardan biri kimi qeyd olunur.

    “Məhkəmə sisteminin effektivliyi üzrə Avropa Komissiyası – Təşkilat, fəaliyyət, inkişaf” adlı 2015-ci ildə nəşr olunmuş tədqiqatda qeyd olunur ki, bir çox Şərqi Avropa ölkələri 1000 vəkilə nisbətdə tətbiq olunmuş intizam tədbirlərinə görə, orta Avropa göstəricilərinə yaxındır. Bu göstərici 42,8-dir.

    Litva, Estoniya, Azərbaycanda 1000 vəkilə nisbətdə tətbiq olunmuş intizam tədbirləri 50-60-dır. 2006-2012-ci illdərdə Estoniya və Azərbaycanda vəkillərə qarşı intizam tədbirləri dəfələrlə artıb.


    Vəkillərin qonorar problemi

    Azərbaycanda vəkillərə dövlət tərəfindən ödənilən qonrarın məbləğinin az olması da problemlərdən biri kimi vurğulanır. Neçə illərdir dövlət hesabına hüquqi yardım göstərilməsinin bir saatına görə vəkilə, təxminən, 99 qəpik qonorar verilirdi. Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" qərarına dəyişikliklərdən sonra 2012-ci ildən vəkillərə müdafiə üçün saat hesabına ödənilən məbləğ 90 qəpikdən 2 manatadək artırılıb.

    2012-ci ilin məlumatına görə, ABŞ-da dövlət hesabına işə çıxan vəkilin hər saatına görə 100 dollar, İngiltərədə 80 funt-sterlinq, Almaniyada 90 marka verilir. Türkiyədə bunun üçün vəkilə 8 dollar, qonşu Gürcüstanda isə 4 dollar ödənilir.

    Vəkilin prosesdə məcburi iştirakı tələb olunan hallar müvafiq qanunvericiliklə müəyyən edilib (ali məhkəməyə kassasiya şikayətinin hazırlanması, əlavə kassasiya şikayətinin hazırlanması, ali məhkəmədə təmsil edilməsi və sair).

    Hüquqi yardımla bağlı ödəniləcək məbləğ tərəflərin razılığı əsasında müəyyən edilir. Bu qayda həm vəkillərə, həm də nümayəndələrə aiddir.

    Vəkillər hər ay Vəkillər Kollegiyasına 42 manat üzvlük haqqı ödəyirlər. Vəkil qonorarının 20 faizini vergi kimi ödəyir, 3 faiz pensiya fonduna köçürülür, əmək haqqı üçün 14 faiz vergi ödənilir. Hüquq məsləhətxanalarında işləyən vəkillər orda işləmək üçün 70-150 manat pul ödəyirlər.

    Söhbətləşdiyimiz vəkillərlə müzakirələrdən belə məlum olur ki, Azərbaycanda əksər vəkillər hazırda orta hesabla ayda 1500 manat qazana bilirlər.

    Digər ölkələrlə müqayisədə isə bu azdır. 2015-ci ildə Londonda iri və gəlirli hüquq şirkətlərində 1 saat üçün xidmət haqqı 850 funt sterlinq təşkil edib. Bu il isə 1 dəqiqə üçün 18 funt sterlinqdir. Regional hüquq şirkətlərində isə 1 saatlıq konsultasiyanın qiyməti 500 funt sterlinq təşkil edir.

    Moldovada Ədliyyə Nazirliyi ilə Vəkillər İttifaqının müzakirələri nəticəsində 1 satlıq konsultasiyanın qiyməti 195-390 ley (25-90 avro) arasında müəyyənləşib. İctimai vəkillərin də 1 saatlıq konsultasiyasının qiyməti 30-45 avro dəyərləndirilib.

    Vəkillik institutunun inkişafı üçün nə etmək lazımdır?

    Vəkillik institutunun inkişafı ilə bağlı müzakirələr, diskussiyalarda səslənən fikirlərdə daha çox aşağıdakı tövsiyələr vuğulanır:

    Vəkillərin sayının artırılması ilə bağlı Vəkillər Kollegiyasına keçirilən imtahanlarda subyektiv amillərin aradan qaldırılması üçün tədbirlər görülməsi. Müsahibə mərhələsinin ləğv olunması, yaxud daha şəffaf olması üçün mexanizmlərin tətbiqi;
    Vəkillərin müstəqil fəaliyyətinin əsaslarının möhkəmləndirilməsi;
    Məhkəmə praktikasında vəkillərin rolunun gücləndirilməsi üçün tədbilər görülməsi. Məhkəmə proseslərində obyektiv məhkəmə çəkişməsi prinsiplərinə əməl olunması; Məhkəmə sistemində islahatların davam etdirilməsi;
    Dövlət hesabına hüquqi yardım göstərilməsinin bir saatına görə vəkilə ödənilən vəsaitin artırılması;
    Vəkillərin alternativ asossasiyalarının yaradılması ilə bağlı təşəbbüslərə dəstək verilməsi;
    Vəkillərə qarşı intizam tədbirlərinin görülməsində obyektivliyin təmin olunması üçün aydın kriteriyaların və şəffaf mexanizmlərin tətbiqi;
    Gənclərin vəkilliyə marağının artırılması üçün təşviq tədbirlərinin həyata keçirilməsi.


    rublika.az


    Facebook-da paylaş