• Sabirabad ƏSMM-də Vüsal Talıblı süründürməçiliyi

    Sabirabad ƏSMM-də Vüsal Talıblı süründürməçiliyi

    Mərkəz müdiri Vüsal Talıblı aztəminatlı ailələrin başına olmazın oyunları açır

    Rayonda kim ünvanlı sosial yardım almaq istəyirsə, bunun ilk aylarını mütləq mərkəz rəhbərinə verməlidir


    Sabirabad rayonunda ünvanlı sosial yardımlarla bağlı problemlər bitmək bilmir. Xatırladaq ki, bir müddət əvvəl Sabirabad rayon Nizamikənd kənd sakini Cəfərov Samid Murtuz oğlu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən şikayətlənmişdi: «Yaşayışımız elə də ürəkaçan deyil. Valideynlərim rəhmətə gedəndən sonra vəziyyətimiz daha da pisləşdi. 2004-cü ildə ailə həyatı qurdum. İndi dörd azyaşlı uşağım var: ikisi qız, ikisi oğlan. Özüm astma xəstəsiyəm. Ona görə hərbi xidmətə də gedə bilmədim. Dedilər ki, yararsızam. 2011-ci ildən ƏƏSMN-nin Sabirabad rayon Əhalinin sosial müdafiəsi mərkəzinə gedib-gəlirəm. Hər dəfə də müxtəlif bəhanələrlə geri qaytarırlar. Tələb etdikləri bütün sənədləri təqdim etmişəm, amma heç bir müsbət nəticəsi yoxdur. Sonuncu dəfə 2014-cü ilin dekabr ayında sənədlərimi təqdim etdim. Bu vaxt ərzində yaşadığım evə bir neçə dəfə baxış keçiriblər. Ata evində yaşayıram.(gundelik-baku)Burada məndən başqa iki bacım da yaşayır. Mən özüm 1999-cu ildən ayrı təsərrüfatam. Bu vaxt ərzində imkanım olmadığına görə ev tikib ayrıla bilməmişəm. İyulun 16-da yaşadığım ünvana ƏƏSMN-nin Sabirabad rayon Əhalinin sosial müdafiəsi mərkəzindən bildiriş göndərilib. Bildirişdə ailə tərkibimi «düzgün göstərməməyim» bəhanə gətirilərək, sosial yardımın verilməsindən imtina edilir. Mən başa düşə bilmirəm ki, ailə tərkibimlə bağlı hansı yanlış məlumatı onlara vermişəm ki, onlar məni neçə ildir süründürür?! 2011-ci ildən bu günə kimi kənddən rayon mərkəzinə bu qurumun binasına 200 dəfə getmişəm. Sentyabrda məktəb başlayır, üç uşağa məktəb paltarı və dərs ləvazimatlarını hansı pulla alım?! İndidən dərd götürüb məni ki, neyləyəcəm?! Sabirabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Vüsal Talıblı və onun köməkçisi Surxay Dadaşov maraqlı olduqları adamlara bu yardımı «təşkil edirlər». Biz, bu iki şəxsin əməllərindən cana doymuşuq. Bir neçə il öncə bu qurumda korrupsiya faktı da aşkarlanmışdı və hətta bir neçə nəfər həbs də edilmişdi. Amma görünür, olanlar bu adamlar üçün dərs olmayıb». Gundelik-baku.com-a verilən məlumatlardan isə belə aydın olur ki, çoxsaylı şikayətlərə baxmayaraq, mərkəz müdiri hələ də işindəki nöqsanları aradan qaldırmayıb. Hazırda rayon əhalisinin yetərli hissəsi mərkəz müdiri Vüsal Talıblının fəaliyyətindən narazıdır. Şəhərin Vidadi küçəsi 93 ünvanda yaşayan Fəxrəddinov Həzi Sayvada oğlu da neçə müddətdir ki, ünvanlı sosial yardım ala bilmir. Mətbuata üz tutan vətəndaş 6 nəfər ailə üzvünü dolandıra bilmədiyini vurğulayıb: «Nə iş tapa bilirəm, nə də sosial yardım ala bilirəm. Borca görə evimə verilən qazı kəsiblər. Bu yaxınlarda suyumu və işığımı da kəsəcəklər. Yazmadığım yer, döymədiyim qapı qalmayıb, amma kömək edən yoxdur. Sabirabad rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi özünün xüsusilə yarıtmaz fəaliyyəti ilə analoji qurumlar arasında daha çox seçilən idarələr sırasındadır. Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda keçirilmiş yoxlamalar zamanı müdir Vüsal Talıblı tərəfindən saxlanılmış əhaliyə məxsus çoxsaylı sosial yardım kartları aşkar edilmşdi. Lakin ƏSMM direktoru nəinki heç bir cəza almamış, hətta vəzifəsindən belə uzaqlaşdırılmamışdı. Odur ki, sosial yardım almaq bu rayonda can almaqdan çətin işdir». Bizə çatan məlumatlara görə, aztəminatlı ailələr yardım ala bilmək üçün bunun ilk aylarını mütləq Vüsal Talıblıya verməlidir. Əks təqdirdə, mərkəz müdiri bütün sənədləri qaydasında olan vətəndaşlara ünvanlı sosial yardım təyin etmir. Maraqlıdır ki, indiyə qədər Sabirabad ƏSMM-də cərəyan edən qanunsuzluqlarla bağlı müvafiq instansiyalara çoxsaylı şikayət məktubları göndərilib. Lakin mərkəz müdirinin barəsində heç bir tədbir görülməyib. Cəzasız qaldığını görən Vüsal müəllim isə hər cür özbaşınalıq törədir. Ümid edirik ki, nazir Səlim Müslümov və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları mərkəzdə tezliklə yoxlama təşkil edib müdirin barəsində lazımi tədbir görəcəklər.

    rublika.az


    Facebook-da paylaş