• “Bu, düşmən üzərində qələbənin qarantıdır”

    “Bu, düşmən üzərində qələbənin qarantıdır”

    Prezident gənc alimlərin yolunu daha geniş açmaq haqqında qərar qəbul etdi. Artıq magistr və doktorantlara verilən möhlət hüququndan elmi karyerasını davam etdirmək istəyən hər kəs yararlana biləcək.

    Bu haqda millət vəkili Zahid Oruc yazıb. Deputatın sözlərinə görə, ötən 7 il ərzində getdikcə gender tərkibi xanımlarımızın xeyrinə dəyişən Azərbaycan alimlərinin yaş və cinsi xəritəsi dünyanın hazırkı konyukturasına qətiyyən uyğun gəlmirdi:

    “Söhbət heç də feministikaya qarşı olmaqdan, gözəl cinsin intellektual potensialına şübhədən və yaxud ənənəvi şərq mentallığından getmirdi. Əslində, patriarxal cəmiyyətlərə xas olan həmin baxışlar ötən əsrin əvvələrində Azərbaycan ədibləri tərəfindən kəskin qamçılanmışdı və 21-ci əsrdə qadını yalnız mətbəx xidmətçisi, savadsız kölə kimi görmək istəyənlər gerçəkdən də cahildir. Lakin Allah canlı varlığı elə düşünən sapiens kimi yaradıb ki, fundamental elmlərin bütün tarixi nailiyyətləri kişilərin adı ilə bağlıdır. Burada zorən bərabərləşdirmə alınmır.(axar.az)

    Heç kəs şübhə etmir ki, təhlükəsizlik təkcə səngərdə qoruna bilməz. Silah müharibə olmayan şəraitlərdə hər cür qələbənin təminatçısına çevrilmir. Ona görə də bütün xalqların dilində iki qüvvəyə - əsgərə və alimə ordu deyirlər”.

    Millət vəkili hesab edir ki, 2006-2012-ci illər şəhidlərimizin və birinci Qarabağ savaşı nəticəsində qurula bilməyən ailələrin genefondumuza vurduğu ziyanı hesablamaq elə də çətin deyil:

    “Demoqrafik artım yaşayan bir ölkədə çağırışçı problemi ola bilməzdi. İndiki şəraitdə nəinki on il sonrakı, hətta 1 yaşlı uşaqlarımızın sayını nəzərə alıb, 2034-cü ildəki əsgərlərimizin sayını dəqiq söyləyə bilərik. Müharibənin vurduğu demoqrafik bəlalar arxada qaldıqca, ölkə normal relslər üzərinə daha rahatlıqla keçə bilir. Hər halda itkilərimizin yerini doldurmaq üçün bəlli bir zamanın keçməsinə ehtiyac vardı. Artıq orta məktəbləri başa vuran məzunlar və tələbə adını qazanan oğullarımızn sayı Silahlı Qüvvələrimizin və Qələmli ordumuzun ehtiyaclarını normal ödəməyə imkan verir.

    Yoxsa, “Stalin nüvə fizikasının başında gedənləri sürgünə göndərmişdi, yaxud Kurçatov, Kapista və minlərlə sovet alimi qələmini həqiqi süngüyə çevirmişdi” deyənlər, müharibə mövzusu və vətənpərvərlik şüarları ilə getdikcə sıraları seyrələn və beyin savaşında bizə məğlubiyyət gətirən alimlərimizin vəziyyətindən bəhs etmək istəmirdilər”.

    Z.Oruc bildirib ki, yalnız möhlət hüququ ilə elmin köklü probelmlərini həll etmək mümkün deyil:

    “Təhsil hər bir millətin varlığının və mövcudluğunun başlıca dayağıdır. Ona görə də alimə investisiya qoymaqla dünyada ön yerlərə çıxmağı bacaran “Asiya pələngləri”nin arxasınca gedən çoxlu ölkə var. Elmdə fasiləsizliyi təmin etməyin nəticəsində bir ömür tsiklində əmək bazarının ehtiyaclarını nəzərə alıb 4 dəfə ixtisasını dəyişən Cənubi Koreyanı, Malayziyanı, yaxud ali təhsilli vətəndaşlarını ümumi əhali kütləsinin 50 faizinə çatdırmaq istəyən Avropanı qabaqlayıb, onlara müasir texnologiya və məhsul satmağa 3-cü ölkələrin heç vaxt gücü çatmayacaq.

    Mənəviyyatlarıın militaristləşdiyi cəmiyyətlərin dilində danışsaq, alimin beyni də onun kütləvi qırğın silahıdır. Hər bir xalqı irəliyə aparan tankı-topu deyil, cəhaləti və qaranlığı işıqlandıran zəkalı beyinləridir. Ona görə də yaponlar göylərdəki ilahi qüvvədən daha çox panamaları altındakı başlarına and içirlər.

    Bakı Dövlət Universitetinin magistr pilləkənində qərarlaşan oğlanlarımızın xanımlara uduzan 17:83 nisbəti cəmiyyət və dövlət həyatında mütləq balansı pozacaqdı. Çünki orta məktəblərimizdəki 90 faizdən yuxarı qadın kontingentinin təlim və tərbiyəsindən çıxanları ən ağır hərbi hissələrdə belə “kişilik məktəbi”ndən keçirmək asan olmurdu. Sosial ehtiyacların qovub çıxardığı adamlar təkcə təhsil məkanımızdan deyil, həm də ordumuzdan kəsib aparırdı”.

    Dördgünlük müharibənin Azərbaycan əsgərinin gücünü göstərməklə yanaşı, Silahlı Qüvvələrimizin də gələcək formalaşmasında mühüm bir mərhələ olduğunu qeyd edən millət vəkili peşəkar ordu qurucluğunun düşmən üzərində qələbənin yeganə qarantı olduğunu söyləyib:

    “Ona görə də ölkə başçısı ötən illər ərzində gənclər və yaşlı nəsil arasında boşluğu doldurmaq üçün növbəti tarixi addımını atdı. Elm səngəri qarşısında olan itkilərimizin aradan qaldırılması milli gücümüzü artıracaq, xalqın önündə gedən zəka sahiblərinin sıralarını genişləndirəcək. Qaranlıqla vuruşmaqdansa, cəmi bir şam yandırmaq kifayətdir kəlamı məhz bunun üçün deyilib".

    Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” fərman imzalayıb.

    rublika.az


    Facebook-da paylaş