• Dollar bahalaşmaqda davam edir - 3-cü devalvasiya olacaq?

    Dollar bahalaşmaqda davam edir - 3-cü devalvasiya olacaq?

    “Dollar bahalaşmağa davam edəcək. Ancaq bu bahalaşma ilin sonuna qədər 1.65 manatı keçməyəcək”.

    Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun 100 dolların 180 manat səviyyəsinə qalxacağı barədə proqnozunu şərh edən iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, ABŞ valyutasının bu bahalaşması bir neçə amillə əlaqədar olacaq:

    "Hökümətin və Mərkəzi Bankın dollarla bağlı kəskin addımlar atacağını düşünmürəm".
    “Azərbaycan manatının taleyi təkcə daxildə baş verən proseslərdən asılı deyil. Dünyada baş verən iqtisadi proseslərin təsiri ABŞ valyutasında da birbaşa özünü göstərir. Manatın əsas taleyi Federal Ehtiyat Sisteminin faiz artımı qərarını iyulda yaxud da bu il ərzində verməsindən sonra dollar indeksinin qalxmasından asılıdır. Belə bir qərar verilsə, ətraf ölkələrdə də dollar bahalaşacaq. Azərbaycanın iqtisadi əlaqələri olan ölkələrdə baş verən bu proses istər-istəməz bizim ölkəyə də təsir edəcək”.

    Natiq Cəfərli deyir ki, dolları bahalaşdıracaq digər bir amil neftin qiymətləri ilə əlaqədardır. Düzdür hələlik neftin qiyməti kifayət qədər normal səviyyədə müəyyənləşib. Lakin bu dayanıqlı olmaya da bilər:(ans)

    “Dollar bahalaşandan bir müddət sonra neftin qiyməti düşə bilər. Bunu nəzərə alaraq Azərbaycanda ola bilər ki, manata təzyiqlər artsın. Ancaq hökümətin və Mərkəzi Bankın kəskin addımlar atacağını düşünmürəm. Çünki bundan əvvəlki iki kəskin devalvasiya ölkə iqtisadiyyatını çox kəskin hala saldı. İqtisadiyyat hələ də bu iki devalvasiyanı həzm edə bilməyib. Dolların manatın ucuzlaşmasından sonra indiyə qədər olan tarixi minimumu 1.6485 manat olub. Hesab edirəm ki, ilin sonuna qədər ABŞ valyutası bu tarixi maksimuma qədər yüksələ bilər. Ancaq bütün bunlar yavaş-yavaş baş verəcək. İl ərzində dolların 1.80 manata yüksəlməsi gözlənilmir”.

    İqtisadçı bildirdi ki, manatın deputatın dediyi kimi, 1.80 manata qədər yüksəlməsi üçün heç bir iqtisadi əsas yoxdur: “Bu ancaq o halda ola bilər ki, FED rezerv faizi iki dəfə artırsın. Yaxud da, neftin qiyməti yenidən 30 dollara qədər aşağı düşsün. Bu hallarda belə bir şey baş verə bilər. Ancaq dediyimiz halların baş verməsi də real görünmür. Ən optimal variant 1.65 manatdır”.

    İqtisadçı onu da əlavə etdi ki, Vahid Əhmədovun bu fikirləri o qədər də ajoitaja səbəb olmayacaq: “Azərbaycanın valyuta ehtiyatları kifayət qədər məhduddur. Neft Fondu həftə ərzində cəmi 100 milyon dollar satır. Hələlik başqa ABŞ valyutası satan qurumumuz yoxdur. Həm də əhalidə manat ehtiyatı dollar almaq üçün çox deyil. Buna görə də dollara tələbatın kəskin artması real görünmür. Birinci və ikinci devalvasiya zamanı əhalidə manat ehtiyatı kifayət qədər çox idi. Ancaq hazırda insanlarda o qədər çox manat yoxdur”.

    Qeyd edək ki, deputat Vahid Əhmədov mətbuata açıqlamasında bildirib ki, manat gec-tez real bazar dəyərini almalıdır: “Manatı təzyiq altında qoruyub saxlamaq düzgün deyil. İxracda müəyyən qədər artım olsa da, bu kifayət qədər deyil. Bununla bərabər idxal müəyyən qədər artıb. Həmçinin neftin qiyməti də manata ciddi təsir edir. Son iki həftədə müşahidə edirəm ki, Mərkəzi Bank manatı yumuşaq devalvasiya prinsipi ilə buraxır. Bu da yavaş-yavaş davam etməlidir. Düşünürəm ki, ilin axırına kimi bu səviyyədə davam etsə, manat real bazar dəyərini tapa bilər. Bunu etmək lazımdır. Manatı qoruyub saxlamağa ehtiyac yoxdur. Dünyada və ölkəmizdə gedən iqtisadi proseslər imkan verir ki, manat real dəyərini alsın. Manatın qorunub saxlanması üçün vəsaiti çox da xərcləməyə ehtiyac yoxdur. Həmin vəsaiti kənd təsərrüfatı, sənaye və turizmə yönəltmək lazımdır”.

    Millət vəkili bildirib ki, 100 dollar 170-180 manat səviyyəsinə qədər qalxacaq. V.Əhmədovun fikrincə, yumuşaq devalvasiyaya getmək məqsədəuyğundur.

    Son günlər Azərbaycanda dolların bahalaşması müşahidə edilir. Sabaha olan rəsmi məzənnə 1,5332 manat səviyyəsində müəyyən edilib. Halbuki ötən günki məzənnə 1,5301 manat idi.

    rublika.az


    Facebook-da paylaş