• Türkiyədə matəm elan edildi

    Türkiyədə matəm elan edildi

    15:04 / Matəm elan edildi

    İstanbulda baş verən terror hadisəsi ilə bağlı Türkiyədə 1 günlük matəm elan olunub.

    Türkiyədə və xaricdə yerləşən diplomatik korpuslarda bütün bayraqlar yarıya kimi endiriləcək.

    Sonuncu dəfə 3 günlük matəm ötən ilin oktyabrında Ankarada baş verən terrordan sonra elan edilmişdi.

    14:16 / Ölü sayı artdı

    Türkiyəni yasa batıran xain hücumda ölənlərin sayı artıb. ANS PRESS-in Türkiyə mətbautına istinadla verdiyi məlumata görə, terror qurbanlarının sayı 41 nəfər olub.

    İstanbul valiliyinin saat 13:00-a (Bakı vaxtı ilə 14:00) olan məlumatına görə, yaralı sayı 239 nəfər olub. Onlardan 109-u evə buraxılıb.

    Həyatını itirən 41 nəfərdən 37-nin kimliyi müəyyən edilib. Onlardan 31-i türkdür.

    14:11 / Ölənlərin milliyəti bilindi

    İstanbul Atatürk hava limanında baş verən terror aktı zamanı ölənlərin milliyyəti bilinib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ölənlərdən 23-ü türk, 13-ü isə əcnəbidir.

    "Reuters" ölənlər arasında bir iranlı və 1 ukraynalının olduğunu da açıqlamışdı.

    8:50 / Aeroport iş fəaliyyətinə davam etməyə başlayıb

    Hava limanındakı işlər bərpa edilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səhər saatlarından etibarən təyyarələrə eniş etməyə icazə verilib.

    Atatürk hava limanının Xarici Uçuşlar zolağı artıq gələn təyyarələri qəbul etməyə başlayıb. Türk Hava Yollarının Fransanın Lion şəhərindən gələn təyyarəsi eniş etdikdən sonra sərnişinlər hava limanından istifadə edə biliblər.

    AZAL-ın mətbuat xidməti rəhbəri Paşa Kəsəmənskinin verdiyi məlumata görə, gecə saat 01:00-da yola düşməli olan İstanbul reysi təxirə salınıb. Sözügedən uçuş artıq yerinə yetirilib, təyyarə saat 08:45 havaya İstanbula doğru yol alıb.

    3:10 / Hadisə qurbanları durmadan artır

    İstanbulun Atatürk aeroportunda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 36-ya çatıb, 150 nəfər isə yaralanıb.

    ANS PRESS-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, məlumatı yerli yüksək vəzifəli məmur yayıb. Bundan əvvəl İstanbul valisi hadisə nəticəsində 28 nəfərin həlak olduğunu, 60 nəfərin yaralandığını bildirib.


    2:40 / Terrorçunun son anları

    Atatürk hava limanına edilmiş hücumun dəhşətli videosu aşkarlanıb. ANS PRESS-in məluamtına görə, polislərə uzun müddət müqavimət göstərən şəxs sonda yaralanıb.

    Təslim olmaq istəməyən silahlı sonda özünü partladıb.
    Diqqət! Əsəbi zəif olanlara videoya baxmaq məsləhət görülmür.


    2:12 / Silahlı terrorçu belə atəş açıb

    Atatürk hava limanına hücum etmiş şəxsin video görüntüləri aşkarlanıb. ANS PRESS-in məluamatına görə, baş vermiş 3 partlayışdan sonra silahlı şəxs dinc sakinlərə atəş açıb.

    Videoda Rusiya Hava Yollarına məxsus "Aeroflot" ofisinin önündə, silahlının necə hərəkət etdiyi görünür.

    Hadisə yerində onun istifadə etdiyi "Kalaşnikov" avtomatı da aşkar edilib.

    1:32 / Ölən və yaralıların sayı açıqlandı

    İstanbul şəhərində yerləşən Atatürk hava limanında baş verən partlayışda həlak olanların və yaralıların sayı artıb.

    ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terror hadisəsi nəticəsində 28 nəfər həyatını itirib.

    Yaralıların sayı 60-a çatıb, onlardan 6-nın vəziyyəti ağırdır. Hadisədə azərbaycanlıların xəsarət alıb-almaması barədə məlumatlar dəqiqləşdirilir.

    0:40 / İstanbuldakı partlayışın dəhşətli görüntüsü

    İstanbulda Atatürk hava limanında baş verən partlayışın görüntüləri yayılıb. ANS PRESS-in məlumatına görə, videotəsvirdən görünür ki, partlayış həddindən artıq şiddətli olub.

    İlkin məlumatlara görə, 10 nəfər ölüb, 20-dən çox yaralı var.

    Baş nazir Binali Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binali Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.


    00:02 / İstanbul aeroportunda partlayışlar, çox sayda ölü var

    Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Atatürk hava limanında baş verən partlayışlarda ölənlərin sayını açıqlayıb.

    ANS PRESS-in məlumatına görə, nazir bildirib ki, terrorçulardan biri insanlara atəş açıb, daha sonra isə özünü partladıb.

    Onun sözlərinə görə, partlayış nəticəsində azı 10 nəfər həyatını itirib.

    "Reuters" agentliyi yazır ki, terrorçular X-ray cihazından keçməzdən əvvəl özünü partladıb.


    23:41 / İstanbulda yaralılar taksilərlə daşınır

    Atatürk hava limanında baş verən partlayışlarla bağlı yeni xəbərlər yayılıb. ANS PRESS-in məlumatına görə, CNNTürk xəbər verir ki, aeroportda yaralıların sayı o qədər çoxdur ki, təcili yardım maşınları çatdırmır və xəsarət alanlar yaxınlıqda olan taksilərlə xəstəxanalara çatdırılır.

    Hürriyet-ə danışan hadisə şahidləri bildiriblər ki, partlayışlardan sonra 50-yə yaxın silah səsi eşidilib. Bundan başqa, partlayışların iki terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Onlardan biri hava limanının içərisində, digər isə bayırda olub.

    Ərazi təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.

    23:20 / İstanbul aeroportunda partlayışlar

    İstanbulda Atatürk hava limanında bir az əvvəl iki partlayış səsi eşidilib. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin aparıcı KİV-i xəbər yayıb.

    Məlumata görə, partlayış səslərindən sonra silah səsləri eşidilib. İlkin xəbərlərə görə, çox sayda yaralı var.

    Hadisə yerinə çox sayda təhlükəsizlik qüvvələrinin əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub.

    rublika.az


    Facebook-da paylaş