• Bura Uşaq Nevroloji Xəstəxanasıdır, yoxsa, Uşaqları Dəli edən Xəstəxana?

    Bura Uşaq Nevroloji Xəstəxanasıdır, yoxsa, Uşaqları Dəli edən Xəstəxana?

    Məhərrəm Sadıqovun rəhbəri olduğu tibb ocağında körpələrə belə pula görə rəhm edilmir, müalicə alan uşaqların böyük əksəriyyətində ciddi problemlər yaranmağa başlayıb

    Azərbaycanda səhiyyənin pulsuz olduğunu Səhiyyə Nazirliyi hər nə qədər uca səslə bəyan etsə də, reallıq tamam başqadır. Bu gün elə dövlət xəstəxanası yoxdur ki, orada pul alınmasın və ya həkimlər pulsuz xəstəni müayinə etsinlər.
    Xəstələri müalicə etmək əvəzinə, onlara mütəmadi pul mənbəyi kimi baxan tibb ocaqlarından biri də Uşaq Nevroloji Xəstəxanasındır. Belə ki, burada sözün həqiqi mənasında soyğunçuluqla məşğuldurlar.
    Qapıdan içəri girdiyin andan «əlin cibində olsun» deyərək, həkimə qədər adamı yola salanlar, sonra da içəridə insafı Allaha qalmış tibb işçisi ilə üz-üzə dayanmalı olursan. Qapıdan içəri girən kimi aşağıdan yuxarı səni süzən həkimlər xəstəyə də gözucu diqqət yetirdikdən sonra sağa-sola vurnuxmağa başlayırlar. Yəni, «pul ver, sonra uşağın dərdini deyək» misalı.(jam.az)Qeyd edək ki, Uşaq Nevroloji Xəstəxanasında uşaqların müayinəsi üçün xüsusi qiymətlər müəyyənləşdirilib. Həkimlərin əksəriyyəti 20-30 manat verilməyəcəyi təqdirdə xəstə uşağı nə müayinə edir, nə də ressept yazmır. Uşaq Nevroloji Xəstəxanasında heç bir xəstə pulsuz müalicə və müayinə edilmir. Bəzi həkimlərin qəbuluna düşmək isə bir ayrı müsibətdir. Bunun üçün xəstə sahibi səhər saat 7:00-dan etibarən qapının ağzını kəsdirməlidir.
    Bildirək ki, bu xəstəxanada uşaqlara belə rəhm olunmur. Vəziyyət ondan ibarətdir ki, həkimlər özləri qəsdən xəstənin müalicə müddətini maksimum həddə yubadırlar. Ən azı bir il uşaq xəstə kimi gəlib, getməlidir. Bir çox hallarda isə bu rəqəm bir neçə ilə qədər uzadılır ki, əlavə qazanc mənbəyi olsunlar. Dəqiqləşdirmələrimizə görə, belə xəstə uşaqların sayı minlərlədir.
    Uşaq Nevroloji Xəstəxanasında çalışan həkimlərin böyük əksəriyyətinin apteklərlə xüsusi anlaşması var. Bunu təsdiqləyən ən vacib amil resseptə yazılan dərmanların bir çoxunun heç bir aptekdən tapılmamasıdır. Yəni, pasientin valideyini dərmanı tapa bilməyib, həkimə müraciət etdikdə ona xəstəxananın yaxınlığında yerləşən apteki nişan verirlər. Çünki od qiymətinə satılan həmin dərmanlardan göndərilən hər bir xəstəyə görə həkimə «pay» ayrılır. Bu da aylıq qazancın üzərinə gəldiyi üçün ağ xalatlılara da sərf edir.
    Nəzərinizə çatdıraq ki, bu xəstəxanada çalışan həkimlər başqa bir biznesin də qulpundan yapışıblar. Belə ki, onlar əməkdaşlıq etdikləri klinikalara müştəri tapır, xəstələrini həmin klinikalarda müayinə etməklə iki qat qazanc əldə edirlər. Yəni, həkim valideynə yavaşca pıçıldayır ki, filan saatdan sonra filan klinikaya gedəcək və uşaq da ora gətirilərsə, daha yaxşı olar. Çünki həmin uşağın müayinəsi üçün alınacaq 40-50 manatlıq vizitpulunun yarısı birbaşa onlara çatır. Üstəlik, klinikada da hörmətləri yerində qalır.
    Xəstəxananın baş həkimi Məhərrəm Sadıqova gəldikdə isə onu həkimlərin günlük işi yox, qazandığı pul maraqlandırır. Xəstəxananın rəhbərliyi gün ərzində qəbul edilmiş xəstələrin sayına uyğun olaraq, həkimlərdən «qan» alır.
    Maraqlı məqamlardan biri də odur ki, hal hazırda Uşaq Nevroloji Xəstəxanasının həkimlərinin əlindən çıxmış xəstələrin böyük əksəriyyətinin ya düzgün müalicə almadığı, ya da aldığı müalicədən sonra şikəst olmaq ehtimalları artmağa başlayıb. Artıq valideynlər bununla bağlı həyacan təbili çalaraq, Səhiyyə Nazirliyindən təcili tədbirlər görməsini tələb edirlər.
    Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

    rublika.az


    Facebook-da paylaş