• Qarabağ üçün yeni TƏHLÜKƏ - Putin nə etmək istəyir? - SON DƏQİQƏ

    Qarabağ üçün yeni TƏHLÜKƏ - Putin nə etmək istəyir? - SON DƏQİQƏ

    Ötən gün Ermənistan parlamenti böyük səs çoxluğu ilə Rusiya ilə Ermənistan arasında kollektiv təhlükəsizliyin Qafqazda regional birgə Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması ilə bağlı sazişi ratifikasiya edib.

    Bununla da Ermənistan və Rusiya Hava Hücumundan Müdafiə sistemlərini birləşdirmiş oldu. Ermənistan parlamentində 131 deputatdan 102-i qanun layihəsinin lehinə, 8-i əleyhinə səs verib.

    Qanun layihəsinin parlamentə təqdim edən Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan bəyan edib ki, sazişin məqsədi Qafqaz regionunda HHM sisteminin təkmilləşdirilməsidir.

    Müqavilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Seyran Ohanyan arasında imzalanıb. Sənədin imzalanması nazirlərin ikitərəfli görüşündən sonra baş tutub. Görüşdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi-texniki yardım məsələsi də müzakirə olunub. Sözügedən layihə Ermənistanda kütləvi etirazlara səbəb olub. Ermənilər küçələrə çıxaraq Rusiya əleyhinə etirazlarını bildiriblər.(azvision)Rusiya və Ermənistanın Hava Hücumundan Müdafiə sistemlərini birləşdirməsi region üçün nə vəd edir? Politoloq Qabil Hüseynli vurğulayıb ki, Rusiyanın Ermənistanı təpədən dırnağa qədər silahlandırması bütün dünya üçün təhdiddir:
    “Rusiya Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının ümumi hava hücumundan müdafiə sistemini qurur. Rəsmi Moskva bu sistemin qurulmasına qeyd edildiyi kimi Ermənistandan başlayır. Yəni, Ermənistanda qurulacaq sistem sonradan Qazaxıstanda, Tacikistanda və digər üzv dövlətlərdə qurulacaq. Amma, hazırda əsas diqqət Ermənistana yönəlib. Ona görə də Ermənistana həddindən artıq yeni silahlar göndərilir. Bu? guya NATO-dan müdafiə üçün nəzərdə tutulub. Azərbaycan ərazilərini işğal edən və hazırda müharibə vəziyyətində olan Ermənistanın təpədən dırnağa qədər silahlandırılması NATO üzvü kimi Türkiyə, ümumən dünya üçün böyük təhlükədir. Eyni zamanda bu addım Yaxın Şərqi təhdid altında saxlamaq üçün nəzərdə tutulan sistemdir. Bütün bu işlər çox sürətlə aparılır və regionda vəziyyəti gərginləşdirir, ən əsası da Dağlıq Qarabağ münaqişəsinin həllini mürəkkəbləşdirir. Yəni, bu məsələnin beynəlxalq hüquq çərçivəsində deyil, Ermənistan və Rusiyanın istədiyi kimi nizamlanmasını gündəliyə gətirməyə imkan verir”.

    Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu sənəd Ermənistanda Rusiyanın varlığını təsdiq etməklə yanaşı, həm də Dağlıq Qarabağ məsələsində ermənilərə dəstək məqsədilə atılmış növbəti addımdır: “Bu sənədin başqa adı yoxdur. Atılan addım faktiki olaraq aprel hadisələrindən sonrakı narahatçılıqdan qaynaqlanır. Azərbaycanın pilotsuz uçan aparatları çox rahat şəkildə ermənilərin nəzarəti altında olan ərazilərimizdə uçuşlar həyata keçirirdilər. Doğrudur, bu sənəddə sırf Ermənistanın hava məkanından söhbət gedir. Amma, aprelin əvvəlində ermənilərin düçar olduğu uğursuzluğun fonunda rahat şəkildə Ermənistan silahlı qüvvələrinə yardım adı altında Rusiya Dağlıq Qarabağda da bu missiyanı yerinə yetirə bilərlər”.

    Ü.Cəfərov qeyd edib ki, Ermənistanın maraqlarını müdafiə edən sənədə Azərbaycan öz etirazını bildirməlidir: “Azərbaycan bu məsələyə diplomatik şəkildə münasibətini bildirməlidir ki, sülh danışıqları fayda verməzsə və Azərbaycan hərbi yolla torpaqlarını azad etməyə başlayarsa, heç bir halda Rusiyanın buna qarışma ixtiyarı yoxdur. Baxmayaraq ki, onların ikitərəfli müqaviləsi var. Bu hüquqi əsas vermir ki, Azərbaycanın işğal olunmuş ərazilərində hava hücumundan müdafiə sistemləri istifadə olunsun. Azərbaycan işini indidən ehtiyatlı tutmalıdır”.

    Ermənistan cəmiyyətində bu sənədə etirazların olmasına gəlincə, Ü.Cəfərov bildirib: “Sirr deyil ki, Rusiyanın regionda xüsusi maraqları var və hazırda Cənubi Qafqazda yeganə vassalı Ermənistandır. Ona görə də vassalının əldən çıxmaması üçün bütün varianta əl atır. Ermənilər bilir ki, 2049-cu ilə qədər Gümrüdəki 102-ci hərbi baza Rusiyanın istifadəsindədir. Hər şeyi rusların əlində olan Ermənistanın hava məkanını rusların ixtiyarına verməsi bu ölkənin öz ərazilərində rahat hərəkətinə manə yaratmaq deməkdir. Baxmayaraq ki, Seyran Ohanyan bəyan edib ki, hava hücumundan müdafiə sistemləri Ermənistandan koordinasiya olunacaq. Rusların olduğu yerdə ermənilər kimdir ki, səslərini çıxarsınlar. Bu baxımdan ermənilərin ağıllı kəsimi bu sənədə etiraz edir”.

    rublika.az


    Facebook-da paylaş